Jurnalistlər "Qarabağ"dan nə gözləyir? - SORĞU

Jurnalistlər "Qarabağ"dan nə gözləyir? -   SORĞU
16:57 25 Sentyabr 2017
92 İdman
Ölkə mətbuatı
A- A+

“Qarabağ” sabah Çempionlar Liqasının qrupunda ikinci oyununa çıxacaq. Londonda “Çelsi”yə 0:6 hesabıyla yenilən ağdamlıların öz meydanında “Roma”ya qarşı necə görünəcəyi böyük maraq doğurur. 


Fanat.Az olaraq matç ərəfəsində idman sahəsində külüng çalan bəzi media mənsublarının fikirlərini öyrənməyi vacib saydıq.



Mahir Rüstəmli (“Futbol+” qəzetinin baş redaktoru): “Azərbaycan futbol tarixində ilk dəfə bir oyunda 70 minə yaxın azarkeş stadiona gələcək. Evdə divarlar da kömək edir və bu üzdən "Qarabağ"ın "Çelsi"yə qarşı olanla müqayisədə daha yaxşı təsir bağışlayacağını, ən azı stadionda və ekran önündə olacaq milyonları utandırmayacağına ümid edirəm. Hesabla bağlı eyforiyaya qapılmağa dəyməz. Bizim üçün mümkün heç-heçə belə qələbəyə bərabər olardı. Məncə, hər futbolçu bacarığından daha artıq dərəcədə fədakarlıq göstərsə, idman xoşbəxtliyi, bəxt tərəfimizdə olsa, heç-heçə haqda düşünə bilərik. Amma bir daha vurğulayıram ki, heç-heçə qələbəyə bərabər olardı...”



Ceyhun Rzayev (“Xəzər” televiziyasının idman şərhçisi): “Matçın favoriti "Qarabağ"dı desəm, özümü aldatmış olacam. İtaliyalılar bizdən səviyyəli komandadır. Tərslikdən də əla formadadılar. Amma... Bu "Qarabağ"dır, hər şey edə bilər. Heç-heçə oynasaq, əla nəticə olardı”.



Amal Abuşov (“Sport7.az” saytının redaktoru): "Qarabağ"ın Avropanın top-klubları ilə bir sırada dayanması, məşhur "Roma"nın Bakıya gəlməsi özlüyündə bir nəticədir. Biz qələbəmizi "Kopenhagen"i məğlub edəndə qazanmışıq. Bundan sonrası üçün xüsusi narahatçılıq keçirməyə dəyməz. "Roma"yla oyundan ümidliyəm. Qolsuz heç-heçə "qoxan" bir qarşılaşmadır. Qorxamadan, çəkinmədən oynamaq, bu böyük futbol bayramının həzzini doyunca yaşamaq lazımdı.



İbrahim Cəfərov (“Futbolxeber.az” saytının baş redaktoru): Çox çətin oyun olacaq. Hətta "Çelsi" ilə oyundan da çətin. Çünki London səfərində "Qarabağ"dan demək olar ki heç kim heç nə gözləmirdi. Amma indi vəziyyət bir qədər fərqlidi. Sosial şəbəkələrdə, azarkeşlər arasındakı söhbətlərə əsasən belə demək olar ki, xalq "Qarabağ"dan ən azı 1 xal gözləyir. Bu da istər-istəməz təmsilçimizə təsir edəcək. Stadion amilini də unutmayaq. Ajiotaj olacağı dəqiqdi. Bu arenada "Qarabağ"ın ilk oyunudu. olacaq. Stadionun aurası komandaya təsir göstərəcək. Bəlkə də məni bədbinlikdə qınayacaqlar, amma hesab edirəm ki xal qazanmaq çox çətin olacaq. Çünki qrupdakı digər 3 komanda ilk 3 yer uğrunda mübarizə aparır və onların hər biri "Qarabağ"ıa matçda maksimum nəticə qazanmağı hədəfləyir. "Roma" ilk görüşdə qələbə qazana bilmədiyindən Bakıda mütləq zəfəri hədəfləyir....Bütün bunlara baxmayaraq, inanaq ki, dəfələrlə tarix yazmağı bacaran "Qarabağ" bu dəfə də sürprizə imza atacaq və “Roma”nı büdrədəcək”.



Gündüz Abbaszadə (“CBC Sport”un idman şərhçisi): “Qarabağ”ın bura gəlib çıxması özü böyük uğurdu. Sadəcə, Çempionlar Liqasının evimizə gəlməsindən, möhtəşəm matçlardan zövq alaq. Təmsilçimizə uğurlar arzulayaq. Nəticəyə görə məyus olmağa dəyməz. Ancaq “Qarabağ”ın əlini-qolunu sallayacağına, meydanda heç nə edə bilməyəcəyinə inanmıram. Döyüşəcək, mübarizə aparacaq. Hətta Ağdam təmsilçisinin “Roma”dan xal almaq ehtimalını da görürəm”.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-jurnalistlr-quotqarabaquotdan-n-gozlyir-t60768.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR