Şimali İraq Kürd Muxtariyyətinin keçirdiyi müstəqillik
referendumuna türkman torpağı olan Kərkükün də daxil edilməsi
Türkiyənin bölgəyə hərbi müdaxiləsi haqda ehtimalları gündəmə
gətirdi. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirdi ki,
“türkman qardaşlarımıza qarşı hər hansı təhlükə yaranarsa, dərhal
hərbi müdaxilə edəcəyik”. Bununla yanaşı, Ankara müqaviləsində
Kərkükün təhlükəsizliyinin zəmanəti Türkiyə olaraq göstərilir. Kürd
referendumu faktiki olaraq Kərkükün işğalının
legitimləşdirilməsidir. Bu halda Türkiyə müdaxilə
edəcəkmi?
Bu suala Türkiyədə Amerika araşdırmaları və terrorla
mübarizə üzrə mütəxəssis Emrah Kaya Publika.az-a
açıqlamasında cavab verib.
E.Kaya hesab edir ki, Yaxın Şərqdə siyasi proseslərin saatlar
içində dəyişməsi bu sualın konkret cavabını tapmaqda çətinlik
yaradır: “Türkiyə hökuməti son 10 ildə Bərzani ilə yaxın
münasibətlər qurub, qarşılıqlı iqtisadi əlaqələr var. Digər
tərəfdən, AKP-də İraqın bölünməsi məsələsində fikir qarışıqlığı
var. Müxtəlif dövrlərdə İraq və Şimali İraq Kürd Muxtariyyəti ilə
bağlı fərqli açıqlamalar verilib. Lakin son dövrdə Türkiyənin İraq
və İranla birgə qərarlar verməsi, İraq sərhədində hərbi təlimlərin
keçirilməsi və prezident Ərdoğanla xarici işlər naziri Mövlud
Çavuşoğlunun hərbi müdaxilə edilməsinin mümkünlüyü haqda dedikləri
bu ehtimalı gücləndidir”.
E.Kaya qeyd edib ki, Türkiyə uzun müddət ərzində İraqda türkmanları
sahibsiz buraxıb.
“Lakin İranın bölgəyə hərbi müdaxiləsi Türkiyəni də müdaxilə etməyə
məcbur edəcək. Çünki Türkiyə bölgədəki müharibədə cəbhələrin
çoxunun İranın əlinə keçməsini istəməyəcək. Lakin əməliyyatın hansı
səviyyədə həyata keçiriləcəyi mübahisəlidir. Kərkükə kimin girəcəyi
isə müəmmalıdır. Mümkündür ki, İraq ordusu girsin”, - deyə o
vurğulayıb.
Asif