Bu gün Şimali İraq kürd muxtariyyətində müstəqillik referendum keçirilib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu türkmanların müdafiəsi üçün Şimali İraqa hərbi müdaxilənin mümkünlüyü barədə xəbərdarlıq edib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə Ankaranın iqtisadi, siyasi və hərbi cavab tədbirləri üzərində işləyəcəyi bildirib. Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ukraynanın dağılacağını proqnozlaşdırıb.
Türkiyə Xarici İşlər Nazirliyi Şimali İraq kürd muxtariyyətində bu gün keçirilən referendumla əlaqədar növbəti bəyanatla çıxış edib. Nazirlik referendum nəticələrinin heç bir hüquqi əsasının olmayacağını bildirib.
“Biz beynəlxalq hüquqa və İraq Konstitusiyasına görə hər hansı qanuni əsas və legitimliyi olmayan bu təşəbbüsü tanımırıq. Türkiyənin və beynəlxalq cəmiyyətin bütün xəbərdarlıqlarına baxmayaraq, referenduma getməkdə israr edən və yalnız İraqın deyil, bütün bölgənin sülh və sabitliyini təhlükəyə atan muxtariyyət rəhbərliyinin ağıldan uzaq bu təşəbbüsünü təəssüflə qarşılayırıq”, - bəyanatda deyilir.
Bildirilir ki, referendumla bağlı Türkiyənin milli təhlükəsizliyinə yönələcək hər cür təhlükələrə qarşı bütün tədbirləri görüləcək.
“Şimali İraq kürd muxtariyyəti türkman qardaşlarımıza qarşı hər hansı müdaxilə edərsə, Türkiyə tərəfindən dərhal hərbi əməliyyata başlanılacaq”. Bu haqda ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Nazir peşmərgə güclərinə verilən hərbi təlimin də dayandırılacağını deyib.
Türkiyə Şimali İraq kürd muxtariyyətində bu gün keçirilən referendumla əlaqədar olaraq Habur sərhəd keçid məntəqəsini birtərəfli bağlayıb. TIR-ların yalnız Türkiyədən Şimali İraqa keçməsinə icazə verilir.
Kürd muxtariyyətinin başçısı Məsud Bərzani daha əvvəl verdiyi bəyanatlardan birində bildirmişdi ki, Türkiyənin sərhədi bağlamayacağına ümid edir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali İraq kürd muxtariyyətinə müstəqillik referendumu ilə əlaqədar xəbərdarlıq edib. Prezident neft nəqlinin dayandırılacağını bildirib.
“Görəsən, Şimali İraq neftini hara axıdacaq və ya kimə satacaq. Bütün giriş və çıxışlar bağlanılacaq”, - Ərdoğan deyib.
Türkiyə prezidentinin sözlərinə görə, referendumun nəticələrindən asılı olmayaraq, Ankara onu absurd və qeyri-qanuni hesab edir. İraqın federal quruluşunun referendumu qəbul etmədiyini deyən Ərdoğan bütün lazımı addımların atılacağını vurğulayıb: “Siyasi, iqtisadi, ticari və təhlükəsizliklə bağlı addımları atırıq. Güzəşt edilməyəcək. Hazırda İran da eyni vəziyyətdədir”.
"Şimali İraq kürd muxtariyyətində keçirilən referendum silahlı qarşıdurma üçün zəmin hazırlayıb". Bunu Türkiyənin baş naziri Binəli Yıldırım NTV telekanalın efirində deyib.
“Bütün dünyanın xəbərdarlıqlarına baxmayaraq, referendum keçirilir. Bu qanunsuzluğu heç bir şəkildə tanınmayacağıq”, - baş nazir bildirib.
Binəli Yıldırım qeyd edib ki, Ankara iqtisadi, siyasi və hərbi cavab tədbirləri üzərində işləyəcək.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon söhbəti olub. Söhbət zamanı Şimali İraq kürd muxtariyyətinə keçirilən referendumla bağlı fikir mübadiləsi aparılıb.
Dövlət başçıları İraq və Suriyanın ərazi bütövlüyünə tərəfdar olduğunu vurğulayıblar.
Telefon söhbətində həmçinin sentyabrın 28-də Ankarada keçiriləcək görüşdə bütün ikitərəfli və beynəlxalq münasibətlərin müzakirə edilməsi barədə razılaşıblar.
Şimali İraq kürd muxtariyyətinin bu gün keçirilən referendumuna türkmanların tarixi torpağı olan Kərkük də daxil edilib.
Türkmanlar buna etiraz olaraq referendumu boykot edib. Lakin son məlumatlar şəhərdə hər an qarşıdurmanın başlaya biləcəyini göstərir.
Məlumata görə, 1700 PKK terrorçusu Kərkükdə qərarlaşıb. Güman ki, onlar çıxa biləcək qarşıdurmada əsas rolu üzərlərinə götürəcəklər. Şəhərdə təhlükəsizliyi isə Bərzaniyə bağlı peşmərgə qüvvələri təmin edir.
Kərkük mənbələrinin məlumatına görə, şəhərdə qarşıdurma peşmərgə qüvvələri ilə İrana bağlı şiə qrup Haşdi Şabi arasında çıxa bilər. Əgər bu baş verərsə, silahlı toqquşmalar başlanacaq.
Bu arada, İranın Yaxın Şərqdəki əməliyyatlarına rəhbərlik edən məşhur general Qasım Süleymaninin də Kərkükə gəldiyi deyilir.
Qeyd edək ki, şəhərdə türkman cəbhəsi tərəfdarlarına atəş açılandan sonra küçəyə çıxmaq qadağan edilib.
İraq Türkman Cəbhəsinin baş ofisinin önündə üzü bağlı silahlı qrup mühafizəni təşkil edib.
Kərkükdə yaşayan siyasi yazar Özdemir Hürmüzlü Publika.az-a açıqlamasında şəhərdəki son vəziyyət haqda məlumat verib.