İlahi, imkan ver yaşayım!

İlahi, imkan ver yaşayım!
11:28 26 Sentyabr 2017
73 Digər
Ölkə mətbuatı
A- A+

Kəramət Böyükçöl

İlahi, 20 yaşıma baxıram, əməlli-başlı ümidlərim, arzularım varmış! Necə də xoşbəxtəmmiş! Roman-zad yazırammış, kitab çıxartdırırammış! İlahi, məni bağışla, neyləyim, uşaq olmuşam, bilməmişəm! Onda düşünürdüm ki, 21 yaşımda istəklərimə çataram. Günlər, aylar elə sürətlə ötüb keçdi, 22 yaşım gəldi, sonra isə 23, 24, 25... Və belə-belə ömür getdi, axırda arzularım gözümdən düşdü. Və anladım ki, əslində, adamı rahat yaşamağa qoymayan arzulardır.

İlahi, mən öz maddi imkanlarını minimum şərtlərlə təmin eləmək üçün nə qədər əziyyət çəkirəm, bilirsənmi? Axı yaradıcılığa güc qalmır. Qələmi çörək ağacı kimi minib çapmaqla məşğulam. Ürəyim partlayır, görmürsənmi? Məişət qayğıları, ailə, uşaq... Çox bədbin və ümidsizəm!

Düzdür, içimdə yaradıcılıq enerjisi hiss edirəm, hələ məni axıra kimi öldürməmisən. İlahi, buna görə çox sağ ol! Bilirsən ki, ölsəydim, sənə məktub yaza bilməzdim. Və onu da yaxşı bilirsən ki, otursam, bir az da əsəblərimi nizamlaya bilsəm, yaxşı əsərlər yazaram. Əminəm! Amma sənin acığına yazmıram!

Saytlara yazdığım yazılar, aldığım müsahibələr məni nə qədər bezdirir, nə qədər yorur, xəbərin varmı? Təsəvvür elə, dolanmaq üçün kimdənsə müsahibə alıram və sən mənim çəkdiyim əziyyətə bir bax: o adama zəng eləmək, vaxt müəyyən eləmək, görüşmək, onunla bir araq içmək, beş saat danışmaq, sonra səsini diktofondan yazıya köçürmək, özünə göndərmək, müsahibənin baxıb geri qaytarması, saytda gedəndən sonra yaranan problemlər, söz-söhbətlər və s. İlahi, bunlar canımdan nə qədər hekayələr alır, süjetlər qoparır, görmürsənmi?

Mən əsəbləri dəhşətli dərəcədə gərgin adamam, özün belə yaratmısan. Neyləyim ki, yaratdığın bu əclaf dünya ilə ruhum arasında hasar çəkə bilmirəm deyə hər şey anındaca mənə təsir eləyir, incidir. İlahi, məni niyə eşşək yaratmadın? Yaratdığın adamlara baxıram, qibtə eləyirəm. İçirlər, kefləri açılır, deyib-gülürlər... Mən içəndə qanım qaralır. Onlar rahat yaşaya bilirər, metroda, avtobusda, kafelərdə adamlar onlara təsir eləmir. Mən isə əsəbləşirəm. Onlar evlərinə gedəndə qapını rahatca açıb içəri girirlər, məndə qapının dəstəyi əlimi ağrıdır. Evə pəncərədən girmək istəyirəm. İlahi, bu hissləri mənə niyə vermisən? Bu qədər gərginliklər içərisində yaradıcılıqlamı məşğul olmaq olar? Səmimi deyirəm, bacarmıram! Məndə alınmır. Bir tərəfdən də pul yox, kasıblıq! Ayaqqabı alıram şalvarım cırılır, şalvar alıram uşaq xəstələnir, köynək alıram evdə ərzaq qurtarır. Bezirəm! Mahnılar da elə tez qurtarır ki...

İlahi, oktyabrın 17-də 30 yaşım olacaq. Narahat olma, tamamilə arzusuzam! Birdən elə bilərsən yeni yaşıma arzularla gəlirəm, xətrinə dəyər, beynin çönər! Ürəyini sıxıb-eləmə, gələcəyimdə heç nə görmürəm, ümidim də yoxdur. Arxayın ol, bütün iddialarım ölüb, həvəsdən, ruhdan düşmüşəm.

İlahi, daha səndən heç nə istəmirəm, bircə xahişim var: imkan ver yaşayım!


Xəbərin orijinal ünvanı: http://publika.az/news/koshe/214696.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR