Ağ Evdə MƏXFİ GÖRÜŞ: Özalın Kərkük planı və baronların hücumu - SİRLƏR AÇILIR

Ağ Evdə MƏXFİ GÖRÜŞ: Özalın Kərkük planı və baronların hücumu - SİRLƏR AÇILIR
13:53 26 Sentyabr 2017
90 Digər
Ölkə mətbuatı
A- A+

Şimali İraq Kürd Muxtariyyəti dünən keçirilən referendumla “müstəqillik” əldə etdi. Kürdlərin “müstəqil sərhədləri”nə Kərkükün daxil edilməsi isə bu türk torpağının işğalının tamamlanması deməkdir. Türkiyə Ankara sazişinin ona verdiyi imkana rəğmən, Kərkükə girmədi. Bundan sonra da hərbi müdaxilənin olub-olmayacağı dəqiq deyil. Kərkükün kürdlər tərəfindən işğalı Türkiyənin mərhum prezidenti Turqut Özalın Kərkük-Mosul planını yada salır.

Publika.az
Türkiyə mənbələrinə istinadən Özalın Kərkük-Mosul planını araşdırıb.

1990-cı ilin avqustunda Küveyti işğal edən İraqa ABŞ-ın müdaxiləsindən öncə Çankaya köşkündə qapalı toplantı keçirilir. Toplantıda prezident Turqut Özal, Baş qərargah rəisi Necip Torumtay, quru qoşunlarının komandanı Doğan Güreş, hərbi dəniz qüvvələrinin komandanı İrfan Tınaz, hərbi hava qüvvələrinin komandanı Siyami Taştan, jandarma komandanı Eşref Bitlis və iqtisadiyyat naziri Güneş Taner iştirak edirdi. Müzakirə mövzusu Kərkük və Mosulun ələ keçirilməsi idi.

Toplantıda İraqa müdaxilə məsələsi və bunun üçün nələrin edilməsi ətrafında fikir mübadiləsi aparılıb. Turqut Özal İraq ordusunun zəif olduğunu və müdaxilə ediləcəyi təqdirdə duruş gətirə bilməcəyini bildirib.

Özal komandanlara deyir: İraqa girərsək nə qədər itkimiz olar?

Komandanların əvəzinə iqtisadiyyat naziri Güneş Taner cavab verir: 30-40 min arası itkimiz olar.

Baş qərargah rəisi Necip Torumtay üzünü Güneş Tanerə çevirərək “Hörmətli nazirimizin hərbi məlumatı qarşısında çaşıb qaldım” deyir. Lakin nə qədər itki ola biləcəyi haqda heç bir söz demir.

G.Taner həmin toplantını illər sonra belə xatırlayır: “Hərbiçilər İraqa girməyə qarşı idi. Mən də qarşı idim. Özal bu məsələdə heç bir dəstək almadı, buna görə də çox da müzakirə etmədi”.

Özal nə istəyirdi?

Turqut Özal hesab edirdi ki, Kərkük və Mosulun xilası Türkiyədir. Buna görə də o, Türkiyənin federativ dövlət olmasını və həmin bölgələrin alınmasını istəyirdi.

Həmin dövrdə səhiyyə naziri olan Halil Şıvgın danışır: “Bir gün Özalın yanına getdim. ABŞ-ın İraqı cənub, şimal və mərkəz olmaqla üç hissəyə bölmək istədiyini, bu məsələdə Türkiyənin nə düşündüyünü soruşdum. Özal təəccübləndi, “sən haradan bilirsən” deyə soruşdu. Sonra da “hər ehtimala qarşı alternativlər hazırlanır” dedi. Orada gördüm ki, Özal Mosul və Kərkük bölgəsində yaşayan bütün ərəb, türkman və kürdlərin hamiliyini etmək istəyir. Buna görə də Təlabani, Bərzani, ərəb və kürd liderlərlə görüşdü. Lakin bunu Türkiyə bürokratiyasına qəbul etdirə bilmədi. Qarşısındakılar Səddam tərəfdarı çıxdı”.

Özalın xarici siyasət üzrə baş məsləhətçisi Engin Güner: “Özal İraqın qurulduğu tarixdə sərhədlərin başda İngiltərə olmaqla bəzi ölkələr tərəfindən süni şəkildə cədvəllə cızıldığını və Türkiyəyə qarşı böyük bir haqsızlıq edildiyini düşünürdü. İraqın Küveyti işğal etməsindən sonra sərhədlərinin dəyişəcəyini, bu dəyişiklikdə Türkiyənin də pay almasını hesab edirdi. Mosul və Kərkükə girməyi müzakirəyə çıxartdı. Amma dəstək vermədilər. ABŞ belə istəmirdi”.

Lakin Mosul-Kərkük planına qarşı çıxan həmin dövrün baş naziri Yıldırım Akbulut Özalın Buşa xoş gəlmək istədiyini iddia edir: “Mosulu, Kərkük istəməklə hər şey həll olunurmu? Orada BMT qərarları var. ABŞ “bizə kömək edin, cənubda mənə qarşı gələcək İraqı özünə çək” deyirdi. Bu, “sən can ver” demək idi. “Mosulu, Kərkük al” demirdi. Özalın arxasınca danışmaq istəmirəm, amma Buşa xoş gəlmək üçün cəbhə açmaq istədiyi görünürdü. Məsuliyyət baş nazir olaraq məndə idi. Millət üçün Özalla mübarizə apardım”.

Türkiyənin İraqa girməsini ABŞ da istəyirdi, lakin Özalın təqdim etdiyi plan qəbul edilmədi.

Ağ Evdə məxfi görüşün detalları

Türkiyəli köşə yazarı Taner Korkmaz Özalla ABŞ-ın həmin dövrdəki prezidenti ata Corc Buşun Ağ Evdə İraq müzakirəsini gün üzünə çıxarır. Buş “Səddamın şimala sıxışdırılmasını, Yaxın Şərqdə və İslam dünyasındakı ölkələrin razı salınmasında ABŞ-a yardım etməyi, kürdlərin mühafizə altına alınmasını” istəyirdi.

Özal: İraqda nə axtarırsınız?

Buş konkret cavab vermir.

Özal: İraqın işğalı Yaxın Şərqi qarışdıracaq. Bu, bizə də, Yaxın Şərq ölkələrinə də böyük zərər verəcək.

Dərhal sonra da tələbini irəli sürür: “Bütün bu mümkün problemlərin aradan qaldırılması, Şimali İraqdakı kürdlərin təhlükəsizliyi, PKK terrorunun İraqdan idarə olunmasının dayandırılması üçün Kərkük və Mosual qədər olan ərazi türk əsgərinin nəzarətinə verilməlidir”.

Buş Özalın bu çıxışı qarşısında təəccüblənir, nə deyəcəyini bilmir, yalnız bir söz...

Buş: Müşavirlərimlə görüşün sizə cavab verəcəm.

Özal isə sözünə davam edir: “Sizin hansı yolla İraqa girəcəyinizi bilməyimiz mümkün deyil. Amma nəticədə Körfəz ölkələri və İraqdan böyük iqtisadi qazanc götürəcəyiniz dəqiqdir. Türkiyənin bu bölgədə yüzillərdən bəri gələn haqları var. Əgər bir hərəkət olacaqsa və biz buna dəstək verəcəyiksə, o zaman indiyə qədərki zərərlərimizi təmin etməliyik”.

Buş: Hörmətli Özal, heç narahat olmayın. Türkiyə İraq planımızdan böyük ölçüdə qazanclı çıxacaq. Mənə etibar edə bilərsiniz.

Ağ Evdəki görüşdən Ankaraya dönən Özal türk ordusunun Kərkük və Mosula girməsi üçün hərəkat planı hazırlamağa başladı. Həmin günlərdə ANAP-ın millət vəkillərindən olan Göksel Kalaycıoğluna gecə saatlarında zəng edərək, “Lozanna konfransındakı Mosul sənədlərini” ona gətirməsini istəyir.

Səhər saatlarında Çankaya köşkünə gələn Göksel Kalaycıoğlu “Xeyr ola, Mosula giririk?” deyə soruşur. Özal baş barmağını dodağına yaxınlaşdıraraq, sus işarəsini göstərir.

Maraqlıdır ki, Özal Mosul sənədlərini hansı qurumdan istəsəydi, gətirərdilər. Lakin görünür, planını bir müddət gizli saxlayıb və yalnız etibar etdiyi adamdan istəyib.

Planını tamamlayan Özal ilk zərbəni Milli Təhlükəsizlik Şurasının toplantısında aldı. Başda Baş qərargah rəisi olmaqla əksər strukturlar plana qarşı çıxdı.

“Prezidentə qarşı döyüş başlanmışdı. Süleyman Dəmirəl qarşı çıxanların bayraqdarı rolunda idi. İsmət İnönünün oğlu Erdal bəy də onların yanında idi. Özalın “sürpriz” dəstəyi ilə baş nazir olan Yıldırım Akbulut belə ona qarşı cəbhədə yer alırdı. Ordu, Özalın öz hökuməti və müxalifət “Şimali İraqı 80 il əvvəl buraxdıq, orada nə işimiz var?” deyə tüğyan edirdilər. Özalla üz-üzə gələn baş qərargah rəisi Necib Torumtay 1990-cı ilin 3 dekabrında istefa verdi. Özalın bu istefaya cavabı belə oldu: “Komandir masada yox, döyüşdə bəlli olar”. “Türkiyədəki Amerika” mənasında gələn “Üst qurum” (dərin baronlar, yaxud keçmiş rejim) Özalın Mosul və Kərkük planını sıradan çıxartdı. Ankaradakı müqavimətin ssenarisi Vaşinqtonda yazılmışdı. Buş Özalın planına qarşı idi. Özalın səhvi isə Buşa etibar etməsi oldu. Özal bu yoldakı mübarizəsinin əvəzini həyatı ilə ödədi. 1991-ci ildə Körfəz müharibəsindən iki il üç ay sonra zəhərlənərək öldürüldü”, - Taner Korkmaz yazır.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/214722.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR