Bakı. 26 sentyabr. REPORT.AZ/ Voleybolçu qadınlar arasında Avropa çempionatında 1/4 final cütlüklərindən ilk ikisinin tərkibi müəyyənləşib.
"Report"un məlumatına görə, bu gün Bakıdakı Milli Gimnastika Arenasında keçirilmiş "play-off" qarşılaşmalarından sonra Belarus və Hollandiya milliləri növbəti mərhələyə yüksəlib.
Belarus Çexiyanı çətinliklə yenib - 3:2 (18:25, 23:25, 27:25, 25:22, 17:15).
Hollandiya isə Xorvatiyaya asanlıqla qalib gəlib - 3:0 (25:18, 25:8, 25:21).
Beləliklə, sentyabrın 28-də keçiriləcək ilk iki 1/4 final görüşündə İtaliya Hollandiyanı, Serbiya isə Belarusu sınağa çəkəcək.
Sentyabrın 27-də nəzərdə tutulan "play-off" mərhələsinin son iki görüşündə Polşa Türkiyəni, Bolqarıstan isə Almaniyanı sınağa çəkəcək. Bu oyunların qalibləri 1/4 finalda müvafiq surətdə Rusiya və Azərbaycana rəqib olacaqlar. Görüşlər sentyabrın 29-da baş tutacaq. Yarımfinal matçları sentyabrın 30-da, bürünc medal uğrunda və final oyunları sentyabrın 1-də keçiriləcək.