Tərlan Əhmədov: "Komandada qruplaşma problemini həll etmişəm"

Tərlan Əhmədov: "Komandada qruplaşma problemini həll etmişəm"
21:12 15 Oktyabr 2017
57 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 15 oktyabr. REPORT.AZ/ "Futbolçularıma bu gözəl qələbəyə görə təşəkkür edirəm. Azarkeşlərimizə də sonadək dəstək olduqları üçün çox sağ ol deyirəm. Komanda yavaş-yavaş özünə gəlir. Lakin bu qələbələr bizi rahatlaşdırmamalıdır. Bizi qarşıda daha çətin oyunlar gözləyir. Oyunumuzu daha yaxşı səviyyəyə çatdırmalıyıq".
"Report"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov səfərdə "Səbail"ə 4:0 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının VIII tur matçından sonra mətbuat konfransında deyib.
46 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:
Meza Kollinin qırmızı vərəqə aldığı epizod barədə nə deyə bilərsiz?
- Həmin epizodu görməmişəm. Təkrara baxacağam. Əvvəllər də demişəm, son ümid foluna görə qayda pozuntusuna normal baxıram. Ancaq ehtiyac olmayan bir vəziyyətdə futbolçu "qırmızı" alırsa, cəza olmalıdır. Bu gün Kirill Petrovun olmaması bəzi dəyişikliklər etməyimə səbəb olmuşdu. İndi isə Meza Kolli qırmızı vərəqə aldı.
Bu gün Rəşad Sadiqov müdafiənin mərkəzində çıxış edirdi...
- Rəşad Qəbələdə də həmin mövqedə oynamışdı. Onun Meza Kolli ilə oyunu yaxşı alındı. Ancaq Rəşada həmin mövqedə şans vermə səbəblərindən biri də məcburiyyət idi. Petrovun sarı vərəqə limiti dolduğundan, Sadiqova şans verməli oldum.
Bu gün sizi komandada daha çox hansı məqam narahat edir?
- Komandada qruplaşma məsələsi məni çox narahat edirdi. Bu gün bu problemi həll eləmişəm. Komandanın təməli düzgün qurulmamışdı. Bir mövqedə 3-4, digər mövqedə isə 1-2 oyunçumuz var. Belədə onları əvəz etmək çətin olur. AZAL-da bəzən 3 müdafiəçi üçün çıxış edirdik. Burada da oxşar problemlər var.
Komandanı növbəti turda "Kəpəz”lə Gəncədə çətin oyun gözləyir...
- Bu saat düşünmürəm ki, Gəncədə bizi anşlaq gözləyir. Hazırda yalnız komandanın oyununa köklənmişəm. "Zirə” və "Qəbələ” ilə oyunlarda futbolçulardan yalnız nəticəyə oynamağı tələb etmişdim. "İnter”lə oyun isə sübut etdi ki, bizim komandada potensial var. Azarkeş amili bizə problem yaratmamalıdır. Bu, əksinə oyunçulara stimul olmalıdır. Həmin oyunda əsas problem Meza Kollinin yoxluğu ola bilər.
Komandaya hələ də fiziki hazırlıq üzrə məşqçi təyin olunmayıb...
- Danışıqlar gedir, hələ ki, dəqiq bir şey yoxdur.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/terlan-ehmedov-komandada-qruplasma-problemini-hell-etmisem

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR