İqnasio Errera: "Neftçi"yə gəldiyim gündən heç bir qruplaşmada iştirak etməmişəm"

İqnasio Errera: "Neftçi"yə gəldiyim gündən heç bir qruplaşmada iştirak etməmişəm"
23:22 15 Oktyabr 2017
103 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 oktyabr. REPORT.AZ/ "Neftçi"nin futbolçusu İqnasio Errera səfərdə "Səbail"i 4:0 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının VIII tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb.
"Report"u məlumatına görə, ilk qolun müəllifi olan çilili yarımmüdafiəçi əvvəlcə oyunu dəyərləndirib.
- Oyuna çox ciddi hazırlaşmışdıq. Rəqibimizi Premyer Liqadakı fasilə boyunca analiz edirdik. Qələbə bizə hava-su kimi lazım idi. Komanda şəklində müdafiə və hücumda çox yaxşı mübarizə apardıq. Sonda qələbə qazana bildik. Bu qalibiyyət növbəti turlarda daha inamlı çıxış etməyimizə kömək olacaq. "Səbail"lə matçı indidən unutmalı və "Kəpəz"lə səfərdə keçirəcəyimiz görüşə hazırlaşmalıyıq. Çünki vaxtımız çox azdır.
Tərlan Əhmədov mətbuat konfransında "Mən "Neftçi"yə gəldikdən sonra yerli və legioner futbolçular arasındakı münasibətlər qaydasına salınıb, qruplaşmalar aradan qalxıb" açıqlamasını verib. Əvvəllər kollektivdaxili mübasibətlər necə idi?
- Bu suala öz adımdan cavab vermək istərdim. Gəldiyim gündən indiyədək, hətta olubsa belə, heç bir qruplaşmada iştirak etməmişəm və etmərəm də. Belə bir qruplaşmanı da görməmişəm. Sadəcə, ola bilsin, komandada dil amili rol oynayırdı. Çünki ispanca danışdığımdan, bu dili bilənlərlə oturub-dururdum. Ona görə də bu, kənardan qruplaşma kimi görünə bilərdi. Amma heç vaxt qruplaşma olmayıb.
Əvəzləndiyin vaxt sanki kefin yox idi. Ad günündə meydanda qalıb "dubl" etmək istəyirdin?
- Rəqibin zəif nöqtəsini tutduğumuzdan, ikinci qolu vuraraq, meydanı "dubl"la tərk etmək istəyirdim. Bununla belə, meydandan çıxanda çalışdım ki, hirsli olduğumu gizlədim, heç kimə bildirməyim. Amma bu, özümdən asılı deyildi. Məncə, hər bir futbolçu 90 dəqiqə çıxış etmək və komandasına xeyir vermək istərdi. Ona görə də mənim üzülməyim normal idi.
Oyunöncəsi müqavilə müddətinin uzadılması sənə nə dərəcədə təsir etdi?
- Mən peşəkar futbolçuyam. Müqaviləmi uzatsalar da, uzatmasalar da, komandada son günlərim olsa da, necə məşq edirəmsə, elə də oynayıram. Bu cür amillər məşqimə və oyunuma heç vaxt təsir etmir. Sadəcə, ilk gündən mənə hər zaman dəstək olan baş məşqçiyə, klub rəhbərliyinə və bütün azarkeşlərə təşəkkürümü bildirmək istərdim.
Karyeranızda belə bir hal olubmu ki, doğum günündə qol vurasınız...
- Məncə, bir dəfə olub. Amma hansı klubda baş verdiyini xatırlamıram. Amma Çili klubunda olduğu dəqiqdir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-qnasio-errera-neftci-ye-geldiyim-gunden-hec-bir-qruplasmada-istirak-etmemisem

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR