Tənhalığın qoxusunu duydunuzmu?

Tənhalığın qoxusunu duydunuzmu?
14:05 16 Oktyabr 2017
31 Ölkə
Ölkə mətbuatı
A- A+

"Təklik hamının çıxıb getməsi deyil, heç kəsin qayıtmamasıdır..."

Şəhriyar del Gerani

Bu sabah yataqdan qalxıb digər otağa keçəndə evdən qəribə, tanış bir qoxu gəldiyini fərq etdim. Düz on il bundan əvvəl kirayə qaldığım evdə hiss etdiyim qoxunu xatırladırdı...

...Gəncədə, şəhərin düz mərkəzində 200 yaşlı bir evdə, 85 yaşlı tənha qocanın, Nizami dayının kirayəçisi idik. Yeni ailə qurmuşdum və hələ universitetin 4-cü kursunda təhsil alırdım. Tələbə təqaüdümlə ev kirayəsini verir, nənəmin böyük səxavətlə mənə ayırdığı təqaüdü ilə yenicə qurduğum ikinəfərlik ailənin xərclərini birtəhər ödəməyə çalışırdım. Ehtiyac, sıxıntı, məhrumiyyətlərlə dolu gözəl günlər idi. Gənc idim, həyatla bağlı planlarım, böyük ümidlərim, həyatdan gözlədiklərim vardı. Yazılarım yavaş-yavaş ölkə mətbuatında görünürdü, 100 tirajlı şeirlər kitabım artıq qohum-qardaşın, dost-tanışın əlinə çatmışdı. Kasıb, amma ümidli idim. Nə yalan deyim, o vaxt dünyanı dəyişə biləcəyimə hələ də inanırdım...

Nizami dayının övladları olsa da, tək-tənha yaşayırdı. Evin heç bir şeyi qaydasında deyildi. Qaz fasilələrlə gəlir, gəlişiylə toy-bayram ovqatı gətirirdi. Suyu yaxınlıqdakı ehsan bulağından daşıyırdıq. Nəhəng bəy evini kasıb tələbə büdcəsi ilə qızdırmaq mümkün deyildi. Nəhəng evin bir tərəfində - 2 otağında biz, bir tərəfində Nizami dayı yaşayırdı. Günə 3-4 qutu siqaret çəkən Nizami dayının otağından həmişə yemək qoxusuna qarışmış ucuz siqaret qoxusu gəlirdi və bu qoxu ərkəsöyün, həyata ümidlə, inamla baxan gənc ailənin kabusuna çevrilmişdi. O günləri xatırlayanda üzüm gülsə də, yaşadığım problemləri xatırlayanda canıma üşütmə gəlir. Evi qızdırmaq çətin olduğu üçün Nizami dayı o kabus qoxularla birlikdə yaşayırdı. Bizim isə başqa çarəmiz yox idi...

Övladları yanına gəlib-getmir, maraqlanmır və səbrlə onun ölümünü gözləyirdilər ki, evi ələ keçirsinlər. Zamanında o evin çox yaxşı qiyməti vardı.

O vaxt Nizami dayının pal-paltarına, canına hopmuş o qoxunu küçənin başından hiss edirdim. İlk övladım da 25 günlüyündən ayaq açana qədər o evdə böyüdü, universiteti o evdə bitirib, magistaturaya qəbul olundum. İşə girdim və o evdən daha geniş, daha rahat və daha səliqəli bir evə köçdük. O evdən ayrılar-ayrılmaz o kabus qoxu da, həyatımızdan çəkilib getdi...

Qısa müddətdən sonra Nizami dayı o qoxuların içində, tək-tənha, kimsəsiz şəkildə həyata gözlərini yumdu. Mənə elə gəlirdi ki, Nizami dayını nə tənhalıq, nə qocalıq, nə də xəstəlik öldürmədi. Nizami dayının qatili o əcaib və kabus qoxu idi. Tezliklə övladları Nizami dayının evini satdı və Nizami dayı biryolluq unuduldu. Bütün tənha adamlar beləcə, səssiz-küysüz unudulur, daha doğrusu yoxa çıxır...

Bu gün sabah Nizami dayının Gəncədəki evini və o kabus qoxunu xatırladım...

...Bütün gecəni yatmayıb son romanımın redaktəsi ilə məşğul olmuşam. Soyuqlar düşdüyü üçün qapı-pəncərə bağlı, siqaret tüstüsü, günorta qızdırıb yediyim boyat yeməyin qoxusu evə hopub. Nizami dayı kimi tək-tənhayam, kimsəsizəm bu aralar. Daha doğrusu, belə hiss edirəm. Səhərə yaxın yataq otağına keçəndə, keyidiyim üçün, bəlkə də yorğunluqdan pəncərələri də açmağı unutmuşdum.

...İlk dəfə, uzun illərdən sonra o qoxu yenidən burnuma gəldi. Tələsik pəncərəni açıb, pərdələri araladım. Otağa təmiz payız havası doldu. İlk dəfə bu gün o qoxunun adını da kəşf etdim: tənhalığın qoxusu...

Nizami dayını öldürən o qoxunun mənzilimdən dalğa-dalğa dağılması içimi xeyli rahatlatdı. İndi kresloya çöküb, əllərimlə başımı sıxıb o qoxunu unutmağa və qovmağa çalışıram. Kabuslar isə istədikləri vaxt qapımızı döyməkdə sərbəstdirlər...

Cəlil Cavanşir
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/590608.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR