Qaradağ İcra Hakimiyyəti hesabat verdi

Qaradağ Rayon İcra Hakimiyyətinin 2017-ci ilin doqquz ayında rayonun sosial-iqtisadi inkişafının yekunlarına və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 9 oktyabr 2017-ci il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

İcra Hakimiyyətindən Metbuat.az-a verilən məlumata görə, yığıncağın işində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Şuranın üzvləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Yığıncaqdan öncə tədbirdə iştirak edən rayon rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.

Hesabat yığıncağında ilk öncə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 9 oktyabr 2017-ci ilin doqquz ayında sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının geniş nitqində ölkəmizin əldə etdiyi yüksək nailiyyətlərin fərəh və qürur verici olduğunu bildirib.

Qeyd edib ki, Ümummilli Liderin uzaqgörən siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Bu gün dünyanın müxtəlif yerlərində müşahidə olunan xoşagəlməz proseslər, siyasi və iqtisadi böhranlar insanların etirazları ilə qarşılanır. Lakin ölkəmizin sağlam təməllər üzərində qurulan iqtisadi inkişafı təhlükəsiz şəraitdə yaşamağımızın qarantıdır. Qeyd olunub ki, Azərbaycanda düşünülmüş, müstəqil siyasət aparılır, sabitlik təmin edilir. Azərbaycan xalqı təhlükəsizlik şəraitində, rifah içində yaşayır. Azərbaycanın iqtisadi inkişaf modeli bir çox ölkələr üçün nümunə ola bilər.

Məruzə nitqi ilə çıxış edən rayon İcra hakimiyyətinin başçısı daha sonra bildirib ki, proqram xarakterli çıxış nitqində cənab Prezident bu ilin 9 ayında 2017-ci il dünya iqtisadiyyatı üçün çox ağır il olduğunu, neftin qiymətinin düşməsi nəticəsində dövlət investisiyalarının azaldığını, tikinti sektoruna az sərmayə qoyulduğunu, sənayenin qeyri-neft sektorunun 2,5 %, kənd təsərrüfatının 2,8 % artdığını, eyni zamanda bütün sosial layihələrin icra edildiyini qeyd edib. Bildirib ki, 9 ayın yekunu üzrə ölkənin valyuta ehtiyatları 4.5 milyard dollar səviy-yəsində artaraq, 42 milyard dollar səviyyəsinə çatmış, xarici ticarət dövriyyəsi isə 7 faiz artıb. Ötən dövr ərzində 226 min yeni iş yeri yaradılıb.

Qaradağ rayonunun sosial-iqtisadi həyatında 2017-ci ilin yanvar-sentyabr ayları ərzində görülən işlərin yekunu olaraq bir sıra nəticələr əldə olunub. Sənaye sahəsində 2017-ci ilin yanvar-sentyabr aylarında 685 mln 503 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 35,3 faiz çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilib. Sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 42,2 faiz təşkil edib.

2017-ci ilin yanvar-sentyabr aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 56 mln 227 min manat, rabitə müəssisələri tərəfindən isə 2 mln 802 min manat həcmində xidmət göstərilib. Hesabat dövründə istehlak bazarı dinamik inkişaf etməkdə davam etmiş və pərakəndə ticarət şəbəkəsindən rayon əhalisinə 1 milyard 202 mln 125 min manatlıq istehlak malları satılmışdır ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 61,4 faiz artım deməkdir.

Rayon İcra hakimiyyətinin başçısı Süleyman Mikayılov xüsusi ilə vurğulayıb ki, cari ilin may ayının 30-da Qaradağ rayonunun Lökbatan qəsəbəsində qaçqın və məcburi köçkün ailələr üçün 1026 mənzilli yeni yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilib və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva mərasimdə iştirak edib.

Ölkəmiz üçün çox vacib olan bu məsələyə, qaçqın və məcburi köçkün-lərin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çağırışına Qaradağ rayonunda fəaliyyət göstərən özəl sektor və biznes strukturları da qoşulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 18 may 2017-ci il tarixində Qaradağ rayonunda SOCAR-ın “Caspian Driling” Şirkətinin dəniz təchizat və loqistika bazasında Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılış mərasimində, 6 sentyabr 2017-ci il tarixində isə Gəmiqayırma zavodunda “Şahdəniz-2” layihəsi çərçivəsində inşa edilən “Xankəndi” sualtı tikinti gəmisinin təqdimat mərasimində iştirakı hesabat dövrünün ən yadda qalan hadisələrindən olub.

Rayon İcra hakimiyyətinin başçısı Süleyman Mikayılov rayonun sosial-iqtisadi inkişafını təhlil etmiş, hər sahədə əldə olunan uğurlar, qarşıda duran vəzifələr haqqında geniş hesabat nitqi ilə çıxış edib.

Məruzə ətrafında rayon İcra hakimiyyəti Başçısı Aparatının Təsərrüfat şöbəsinin müdiri Rövşən Səməd-zadə, .“RR- Şirkətlər Qrupu” təsisçisi – Rafiq Qarayev çıxış edərək rayonda görülmüş işləri yüksək dəyərləndirmiş, Qaradağ Rayon İcra Hakimiyyətinin fəaliyyətini qənaətbəxş hesab etməyi təklif edib.

Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov da məruzə ilə çıxış etmiş, respublikanın ictimai siyasi vəziyyətini geniş təhlil edib. Əldə olunmuş uğurlara nəzər salaraq, aparılan düzgün siyasətin nəticəsinin olduğunu xüsusi ilə vurğulayıb.

Gündəlikdəki məsələyə dair Qaradağ Rayon İcra Hakimiyyətinin hesabat yığıncağının qərar layihəsi təklif edilmiş və yekdilliklə qəbul edilib.

Hesabat yığıncağını yekun sözü ilə bitirən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov möhtərəm Prezidentimizə dərin minnətdarlığını bildirib.

Rayon ictimaiyyətinə ölkə başçısı cənab İlham Əliyevin rayonumuza səfərləri zamanı verdiyi tapşırıqların, Nazirlər Kabinetinin məlum iclasındakı nitqindən irəli gələn vəzifələrin layiqincə yerinə yetirilməsi və Qaradağ rayonunun davamlı sosial-iqtisadi inkişafını təmin edilməsi üçün tapşırıqlarını verib.

Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidentinin 21 iyun 2017-ci tarixli Sərəncamı ilə Dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiyinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Ümid qəsəbəsi üzrə nümayəndəsi Hüseyn Məhəmməd oğlu Babayevə təqdim olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR