Maqnit qasırğasından necə qorunaq?

Maqnit qasırğasından necə qorunaq?
21:12 17 Oktyabr 2017
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Günəşdən Yer səthinə gələcək plazma küləyi nəticəsində geomaqnit qasırğası yarana bilər. Yerdə güclü maqnit qasırğası oktyabrın 13-ü başlayacaq. Qasırğa iki gün davam edəcək.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev məlumat verib.
 
Onun sözlərinə görə, Günəşin diskində tünd hissələr kimi müşahidə olunan tac dəliklərində maqnit qüvvə xətləri demək olar ki, açıq olur: "Yüklü qaynar plazma hissəcikləri bu hissələrdən Günəşi asanlıqla tərk edərək planetlərarası fəzaya yüksəksürətli Günəş plazma küləyi şəklində yönəlir. Bu gün Günəşin səthində ləkələr müşahidə olunmur, lakin burada formalaşmış tac dəliyinin də çox maraqlı forması var, Günəşin görünən diskinin yuxarı hissəsi boyunca yönəlib. Bunun təsirini isə 11 və ya 12 oktyabrdan başlayaraq gözləyirik. Bu təsir, adətən Yerin maqnit sahəsinin həyəcanlaşmasına gətirib çıxarır. Fiziki şəraitdən asılı olaraq (Günəş küləyinin sürətu, planetlərarası maqnit sahəsinin istiqaməti və s.), geomaqnit qasırğası da yarana bilər. Bu dəfə G1 sinifli geomaqnit qasırğası gözlənilir".
 
E.Babayev bildirib ki, hazırda atmosfer təyziqi 760 mm.c.t-dur. Geomaqnit indeksi hal-hazırda Kp isə 0-1 arasında dəyişir (maksimum 9 olur), lakin gün ərzində getdikcə artacaq. Maqnit qasırğası meteohəssas insanlara zərər verdiyi kimi, elektron qurğuların, xüsusilə rabitə vasitələrinin işinə təsir edə bilir.
 
Maraqlıdır, maqnit qasırğasından özümüzü və cihazlarımızı necə qoruyaq?
 
Mütəxəssislərin sözlərinə görə maqnit qasırğaları nəinki insanlara, bütün canlılara təsir edir. Qeyd edək ki, son günlərdə baş ağrısından, təzyiqin yüksəlib enməsindən şikayət edənlərin də sayında artım müşahidə edilir. Bunun səbəbi isə yuxarıda qeyd etdiyimiz kimi havada maqnit qasırğasının, şüalanmanın çox olması ilə bağlıdır. Digər tərəfdən Günəşdə növbəti altıncı partlayış baş verib. Qasırğaların təsirinə qan təzyiqi yüksək olan, hipertoniyadan əziyyət çəkən, insult və ya infarkt keçirmiş insanlar daha çox meylli olur.
 
ATU-nun Tədris Terapevtik Klinikasının həkim-kardioloqu Afiyəddin İsgəndərov bildirdi ki, maqnit qasırğası olan günlərdə insanlar özlərində cüzi dəyişiklik hiss edərlərsə, mütləq həkimə müraciət etməlidirlər: "Maqnit qasırğası insanın orqanizminə təsir edir, çünki biz də təbiətin bir parçasıyıq. Təbiətdə olan bütün elementlər bizim bədənimizdə də bu və ya digər miqdarda vardır. Ona görə də bunun hiss etməməyimiz mümkün deyil. 20-30 il öncədən fərqli olaraq bəlli qurumlar elektromaqnit qasırğasının Yer kürəsinə təsirini texnologiya vasitəsilə azaldıb, minimuma endiriblər. Maqnit qasırğası olan günlərdə insanlarda baş verən dəyişikliklər baş ağrısı, təzyiq yüksəlməsi, ürək xəstəlikləri olan insanlarda isə ağrıların olması şəklində özünü göstərir. Bunun da səbəbi qanın tərkibindəki dəmir elementinin elektromaqnit qasırğasının təsirindən qan laxtalanması məsələsi ortaya çıxır ki, bu da öz növbəsində həmin o fəsadları verir. Maqnit qasırğası qanın reoloji xüsusiyyətində özünü göstərir ki, bu da qan təzyiqinin artmasına, trompların əmələ gəlməsinə, nəticə etibarı ilə ən pis halda infarkta qədər gətirib çıxara bilir. Maqnit qasırğasından qorunmaq bir az absurddur. Sadəcə olaraq həmin günlərdə ehtiyac olmadığı müddətdə açıq havada gəzməmək tövsiyə olunur. Əgər insanlar özlərində cüzi dəyişiklik hiss edərlərsə, mütləq şəkildə həkimə müraciət etməlidirlər. Həkimin təyinatı olmadan dərman qəbulunu azaltmaq, artırmaq, kəsmək və ya əlavə dərman qəbul etmək içməmək kimi durumlar tövsiyə olunur".
 
Bir sıra insanların bu günlərdə bir birini bir kapsula aspirin içmələri tövsiyələrinə gəlincə isə kardioloq bunun tamamilə yanlış bir fikir olduğunu bildirdi: "Profilaktik aspirin qəbulu ilə bağlı 2017-ci ildə Avropa Kordioloji Cəmiyyətinin tövsiyəsi vardır. Aspirin qəbulu profilaktik olaraq həkim təyinatı olmadan sadəcə bəlli yaşdan sonra xəstələrin qəbul etməsi çox da məsləhətli deyil. Çünki xəstənin özünün bilmədən mədə bağırsağında daxili qanaxması ola bilir. Bundan başqa aspirin qəbulu qanın həddindən artıq durulaşmasına və qan təzyiqinin yüksəlməsinə gətirib çıxara bilir. Sübut olunmuşdur ki, profilaktik olaraq aspirin içməklə içməmək arasında çox da böyük fərq yoxdur. Ümumiyyətlə həkim təyinatı olmadan hansısa dərman preparatının qəbulu tövsiyə olunmur".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/590790.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR