Postbəşəri gələcək: Homo sapiens-i kim əvəz edəcək?

Postbəşəri gələcək: Homo sapiens-i kim əvəz edəcək?
23:52 17 Oktyabr 2017
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağlının ilk çağından bəri insan öz biologiyasının yükünü belindən atmaq və bədəninin imkanlarını genişləndirmək barədə düşünür. Qədim dünya xalqlarını valeh edən ölümsüzlük, uçuş, qeyri-məhdud intellekt kimi fikirlər müasir elm dünyasını təşvişə salır. Texnologiyalar heç vaxt çoxdan gözlənilən sıçrayış mərhələsinə bu qədər yaxın olmamışdı - bioloji insandan imkanları bizimkini dəfələrlə üstələyən bir varlığa doğru təkamül gedir. Elə isə bu keçidin aqibəti necə olacaq? Ola bilərmi ki bu, bəşəriyyət tarixinin ən böyük fəlakəti kimi bəşəriyyətin özünü növ olaraq yox etsin?

İlk başda ölüm var idi

Yəqin ki, insan həyatındaki ən təsirli faktor özünün ölümlülüyü ilə barışmasıdır. Ölümün dərkedilməsini ağılla birlikdə əldə etdiyindən insan, bu əzablı yükü öz tənhalığında daşımaq məcburiyyətindədir.

Milli.Az yasilelm.com-a istinadən bildirir ki, ölüm haqda bildikləri insanın təbiətinə hopmuş vəziyyətdədir və insan mədəniyyətləri çeşidliliyinin əsasındadır. Təbii ölümlə razılaşmamaq və ölümsüzlüyə can atmağa hətta ən qədim inanc sistemlərində belə rast gəlirik. Bu qədim, arxetip qorxuda əsas rolları bir çox dinlər oynayıb və bu gün də oynamağa davam edir. Onlar, əksəriyyətin marağına səbəb olan başqa bir reallıqda əbədi axirət həyatı vəd edir: bunlar, yeraltı Aid hökmranlığı zülmətindən cənnət bağlarında yüzlərlə bakirənin nəvazişinə qədər müxtəlifdir.

Buddizm və hinduizm kimi digər inanclarda həmçinin bədənin faniliyi, ruhunsa əbədiliyi postulat kimi götürülür. Lakin burada axirət dünyasının bər-bəzəkli mükafatları olmasa da, əvəzində ruhun köçürülməsi konsepsiyası var ki, buna əsasən hər bir insan öz həyat fəaliyyətindən asılı olaraq ölümündən sonra başqa bir yeni bədənə köçür, beləliklə də ölümsüzlük təmin olunur.

Maraqlıdır ki, nəzəri olaraq elm hər iki ssenarini reallığa çevirə bilər, ancaq gəlin tələsməyək.

Varlığın dözülməz biolojiliyi

Ölümlülükdən savayı insan üçün başqa bir yük bioloji keçmişidir ki, onu hər zaman özü ilə daşımağa məhkumdur. Müasir insan yüz milyonlarla təkamül ili keçidi və müxtəlif genlərin lay-lay toplaşmasının nəticəsidir.

Həm də nəzərə almaq lazımdır ki, təkamül olduqca "mühafizəkardır", yəni köhnə və hər vaxt yaxşı olmayan biomühəndislik qərarlarına əsaslanır. Məhz bu səbəbdən, məsələn, gözlərimiz absurd şəkildə təşkil olunub: onların reseptorları işığa yox, beynə yönəlib. İnsanın gözü neştərçənin işığahəssas ləkəsindən təkamül edib, bu canlının reseptorları isə onun az qala şəffaf olan bədəninin içinə tərəf yönəlirdi. Bu nüans səbəbindən işıq tərsinə çevrilmiş reseptorlara düşməzdən və nəhayət beynə görmə siqnalını ötürməzdən əvvəl hələ bir neçə neyron qatını keçməlidir.

Təkamül prosesinin korluğu bununla izah olunur ki o, ancaq ani məsələlərə adaptasiya olunub, gələcəkdə bütün effektivliyini itirə biləcək və hətta təhlükəli ola biləcək qərarlar verir. Məsələn, belə bir kor təkamül qərarı məməlilərdə müşahidə olunan gülünc səviyyədə uzun qayıdan qırtlaq siniridir ki, qırtlaqla beyni ən asan yolla birləşdirmək əvəzinə ürəyə enib, aorta qövsü ətrafından dolanaraq, yenidən qırtlağa qayıdır. Bu səbəbdən aorta anevrizmi, misal üçün, səs bağlarının iflicinə gətirib çıxara bilər. Bu qərar da bizə əcdadlarımızın hələ balıq olduğu dövrlərdən miras qalır - onlarda boyun yox idi və o vaxtlar üçün qüvvədə olan təkamül qərarı milyon illər sonra zərər verməyə başladı.

Qayıdan qırtlaq siniri

Əlbəttə ki təkamül insanın düzyeriyən olacağını, şəhərlərə köçəcəyini və kosmosa uçacağını əvvəldən bilə bilməzdi. Hal-hazırda daşıdığımız bədən cəngəlliklərdə yırtıcılardan qaçmaq və ya ov etmək kimi asan və dəbdən düşmüş məsələlərin həlli üçün nəzərdə tutulmuşdu. Niyə oturaq həyat tərzinin sağlamlıqla bağlı bir çox problemlərə yol açdığını heç düşünmüşdünüz? Elədir. Əcdadlarımız üçün bu cür həyat tərzi qeyri-təbii idi.

Bütün bunlar sözsüz ki psixologiyamıza da nişanə qoymaqdan yan keçməyib. İnsan psixologiyası bəzi ölkələrdəki seksual meyl və ictimai ierarxiya xüsusiyyətləri kimi bir çox faktora əsasən mükəmməl deyil və indiki insani halımızdan daha çox heyvani keçmişimizə uyğun gəlir.

Ölüm qarşısındaki qorxudan tutmuş öz bədəninin məhdudiyyətləri fruastrasiyası (insanın öz həyatı məqsədlərinə çatmasına maneçilik törədən real və xəyali maneələrlə üzləşdiyi zaman düşdüyü psixi vəziyyət) və müasir sivilizasiya şərtləri altında onun qeyri-aktual strukturu kimi zəminlərdə insanı daha da kamilləşdirmək arzusu meydana gəlib. Təkamülün ortaya çıxardığı insandan daha müdrik, daha mükəmməl varlıq kim ola bilərdi?

Fövqəlinsan həsrəti

Heyvandan fövqəlinsana doğru gedən yolda müasir insanın ara keçid mərhələsi olduğundan bəhs edən məşhur elmi-fəlsəfi ideya XIX əsrin sonlarında alman filosofu Fridrix Nitsşe tərəfindən irəli sürülüb.

Məsələn, "Zərdüşt Belə Deyirdi" adlı kitabında filosof yazırdı: "İnsan elə bir şeydir ki, üstünləşmək məcburiyyətindədir... İnsanla müqayisədə meymun nədir? Masqara və ya əzablı rüsvayçılıq. Eynilə insan da fövqəlinsanın gözündə gülünc obyekti və əzablı üzüqaralıq olmalıdır".

İnsanın vüqarını alçaltmayaraq, Nitsşe yeni dünyagörüşünü təbliğ edirdi: insan bütün səylərini birləşdirib, yeni dünyanın hazırlıqlarına başlamalı və onu məhkum edən əxlaq qandallarını sındırmış həqiqi azad fövqəlinsanın gəlişini qarşılamalıdır. Yazırdı ki, "insan fövqəlinsan həsrəti olmalıdır".

Bununla belə Nitsşe bu kontekstdə texnologiyanı yada salmayıb. O, hesab edirdi ki, insan daxili səbəblərdən törəyən inkişaf köməyilə özünü təkamülləşdirməli, ali kamilliyə çatmalıdır.

Nitsşeliyin "fövqəlinsan" aspekti XX əsrdə yeni texnokratik forma aldı - transhumanizm. Transhumanistlər adətən Nitsşe ideologiyası ilə əlaqədən boyun qaçırmağa meyl göstərir, lakin əgər transhumanist hərəkətı manifestinə diqqətlə nəzər yetirsək, filosofun buradaki təsirini aşkar şəkildə görə biləcəyik.

Bəşəriyyət+

Transhumanizm müasir dövrdə birbaşa posthumanist gələcək nailiyyətlərinə istiqamətli ən böyük və inkişaf etmiş beynəlxalq hərəkatdır. Məhz alimlər, filosoflar və futuroloqlar kimi transhumanistlər "posthumanizm" anlayışını dövriyyəyə buraxıb, populyarlaşdırırlar.

1920-ci illərin sonlarında yaranmış transhumanizm dərhal bir neçə daxili hərəkata ayrılmış, lakin baniləri tərəfindən salınmış ideoloji fundament olduğu kimi qalmışdı: texnologiyanın inkişafı üçün səy göstərmək, uzanmış hər bir kömək əlini tutmaq və bununla da insanı daha kamil varlığa - postinsana çevirmək.

Transhumanist baxışları olan və posthumanist gələcəklə bağlı xəyallar quran insanları transhumanistlər özləri "trans-insanlar" deyə adlandıraraq, müasir insan mahiyyətinin keçid xarakterini qeyd edirlər. Transhumanizm bir çox müasir elm sahəsini maraqlandırır: kibernetika, nanotexnologiya, nanotibb, biomühəndislik, genetika və s. Məqsədlər arasında ölümsüzlüyün nail olunması ilə yanaşı həm də insanın fiziki və intellektual bacarıqlarının əhəmiyyətli səviyyədə artırılması, daxili orqanların müasirləşdirilərək mükəmməlləşdirilməsi və hətta yeni orqanların yaradılması və orqanizmə köçürülməsi öz yerini alır.

Müasir dövrün ən nüfuzlu transhumanistlərindən biri futuroloq və ixtiraçı Reymond Kurtsveyldir. Onun hərəkatı dünyanın texniki olaraq inkişaf etmiş bütün ölkələrini əhatə edir. Kurtsveyl texniki sinqulyarlıq anlayışını inkişaf etdirərək, onu əsaslandırmağa nail olub. Bu, elə bir mərhələdir ki, bundan sonraki elmi-texniki proqresin həddindən artıq sürətlənməsi şərtləri altında texnologiyanın gələcəkdəki inkişafını proqnoz etmək tamamilə mümkünsüz hal alacaq. O, hesab edir ki, güclü süni intellekt yaradılması və insanların aktiv kiborqizasiyası (insan bədəninin müxtəlif hissələrin süni və daha effektiv analoqları ilə dəyişdirilməsi) kimi səbəblərdən texnoloji sinqulyarlıq 2045-ci ildə başlaya bilər.

NASA və Google tərəfindən maliyyə dəstəyi ilə təmin olunan Kaliforniyadaki Sinqulyarlıq universitetinə başçılıq edən Kurtsveylin proqnozlarının mərkəzində nanotexnologiyalar durur. Onun fikrincə, nanotexnologiyaların inkişafı ilə tibb və sənayə kimi sahələrdə misli görünməmiş proqres start götürəcək (2020-ci illərdən başlayaraq), bunlar da öz növbəsində insanı ölümsüzləşdirməklə yanaşı həm də müxtəlif məhsulların istehsalını əhəmiyyətli dərəcədə ucuzlaşdıracaq ki, nəticədə ərzaq qıtlığı təhlükəsi kimi problemlərə faktiki olaraq birdəfəlik son qoyulmuş olacaq.

Hal-hazırda Ümumdünya Transhumanistlər Assosiasiyası Humanity+ adını daşıyır. Təndiqçilər tərəfindən insanı ifrat radikal dəyişikliklərə həvəsləndirməkdə ittiham olunduqdan sonra onlar, assosiasiyanın adına belə dəyişiklik ediblər. İndiki dövrdə transhumanistlər insan bədəninin mükəmməlləşdirilməsi üçün elm və texnologiyanın etika çərçivəsində istifadəsi yönündə işlər aparır.

Postinsanın siması

İnsandan postinsana keçid eyni anda bir neçə formada baş verə bilər. Bunların hər biri isə elə ya belə qaçılmaz olaraq mürəkkəb sosial münaqişələrə gətirib çıxaracaq. İlk öncə yeni insan növünün yaranması ilə müvəqqəti diskomfort müşahidə olunacaq, ardındansa iki növ arasında qlobal müharibə başlayacaq.

Bu möhtəşəm dramatik material elmi fantastika janrının ən sevilən mövzularındandır. Bəzi yazıçılar postbəşəri gələcəyin münaqişəsi mövzusunu kifayət qədər orijinal obrazla inkişaf etdirə bilib. Bu ssenarilərin hər birisi reallığa çevrilməyəcək, lakin yenə də hər birisi yağlı ehtimal olaraq qalır. Gəlin ədəbiyyata müraciət edərək, bu kontekstdə hansı əsas mövzuların yer aldığına nəzər yetirək.

Klassik postinsanlara amerikalı yazıçı Den Simmonsun "Hyperion" və "Ilium" kimi romanlarında rast gəlmək mümkündür. Birincisində Avaralar irqi olan keçmiş Homo sapiens genetik mühəndisliklə kosmik səyahətlər üçün yararlı növə təkamül edir. Çünki insan bədəni, məlum olduğu kimi, çəkisizlik və uzunmüddətli radiasiya təsiri kimi şərtlərə tab gətirə bilmir.

"İliumda" postinsan mövzusu daha ətraflı açılıb. Bir yandan bu, nanotexnologiyalarla təchiz olunmuş və Mars Olimpində məskən salmış postinsan qrupudur. Süjet davam etdikcə görürük ki, onlar insani keçmişini unudaraq, Olimp tanrıları olduqlarına inanmağa başlayırlar. Daha sonra isə alternativ kainatda əfsanəvi Troya mühasirəsinə teleportasiya ilə ilahi müdaxilə edirlər.

Digər yandansa bunlar Yer orbitində yerləşmiş (planetdə qalmış adi insanlarla münaqişədən qaçmaq üçün) ilk postinsan qrupudur. Onlar, özlərinə qadın zahiri görünüşü seçərək, ideal və qocalmayan fiziologiyaya sahib olurlar.

Daha bir klassik postinsan tipi içərisinə insan şüuru transfer edilən (həm rəqəmsal formatda, həm də üzvi beynin köçürülməsi yolları ilə) süni avatar-bədəndir. Avatar-bədən konsepsiyası bir neçə üsula bölünür: yadplanetli orqanizmin cismində yaşayış (Avatar filmindəki kimi), şəxsi bədənə aid saysız qədər kopiyaların yaradılması və hər dəfə öldükdə bir digərinə köçürülmə və s. Fantastik filmlərdən görürük ki, bəzən avatar-bədən müvəqqəti olaraq, ona beyin-kompüter interfeysi vasitəsilə birləşdirilərək də istifadə olunur.

Postinsan növlərindən daha biri rəqəmsal ölümsüzlük ideyasıdır ki, buna da Piter Uottsun "Blindsight" romanında rast gələ bilərik. Eyni mövzunu Filipp Dik də ələ alır. Müasir virtual reallıq texnologiyalarının inkişaf templərini nəzərə alaraq deyə bilərik ki, adıgedən perspektiv təqdim olunanlar arasında hələlik ən elmisi hesab olunur.

İnsan postinsana qarşı

Lakin transhumanistlər və futuroloqların entuziazmını heç də hamı bölüşmür. Hər necə olsa da, posthumanist gələcəyi texnologiyanın inkişafı zəruri edir. Konsepsiyanı ictimai-siyasi şərtlərə daşıdıqda bir sıra həllolunmaz, bəzən də faciəvi yekunla nəticələnəcək mənzərə ilə qarşılaşırıq.

Transhumanizmin ən nüfuzlu tənqidçisi kimi amerikalı politoloq Frensis Fukuyamanı qeyd etmək olar. O, transhumanistlərin dünya hökümətləri üzərində ideoloji qələbə çalacağı təqdirdə nələrin baş verəcəyini proqnoz etməyə çalışır ki, bu nəticələr də nəinki transhumanist dəyərlərə, hətta müasir elmin hərəkət vektoruna şübhə ilə yanaşmağa əsas yaradır.

O, "Postbəşəri Gələcəyimiz" adlı kitabında qeyd edir ki, "elm, özünün əldə edəcəyi nəzərdə tutulan məqsədləri və hüdudu təyin etməyə qadir deyil" (Stanislav Lemin "Texnologiyanın Cəmində" haqqında bəhs etdiyi nəzarətdən çıxmış texniki proqres təhlükələri). Elə kitabdaca Fukuyama bir sıra məntiqli, arqumentlərlə möhkəmləndirilmiş qərarlar çıxararaq, transhumanizmin nəyə görə bəşəriyyət üçün təhlükəli olduğunu sübuta yetirməyə çalışır.

Bunlar arasında iki əsas müddəanı qeyd etmək lazımdır. İlk olaraq, insan təkamül yolu ilə uzunmüddətli inkişaf mərhələlərindən keçib və özündə pozitiv olduğu kimi, neqativ əlamətlər də daşıyır - amma məhz bu mürəkkəb uyğunlaşma bizi insan edərək, bir növ kimi inkişafımızı mümkün edir. Politoloqun fikrincə, bu prosesə texnologiya köməyilə radikal müdaxilələr etmək sivilizasiya səviyyəsində insanı ucaltmaya, əvəzində güman olunanın əksinə - insanlıqdan çıxarıb, dehumanizə edə bilər.

İkincisi isə budur ki, ilk postinsanların yaranması ilə avtomatik olaraq insanlar bir-birindən ayrılaraq, sosial, iqtisadi və siyasi sferalarda böyük konfliktogen potensial yaratmış olacaqlar. Başqa deyimlə, nəticədə bu, genişmiqyaslı bərabərsizlik və hüquq sahəsində dolaşıqlıq doğuracaq (insan və postinsan hüquqlarının təyin edilməsi çətinliyi; postinsanın da insan olub-olmadığı sualı və s.).

Bu süni olaraq yaradılmış bərabərsizliyin fəsadlarını təxmin etmək olduqca çətindir, çünki daha əvvəl insanları birləşdirən bir səbəb var idi - nə qədər fərqli olsalar da, hamısı Homo sapiens növü idi. İndi isə bəşəriyyət iki (bəlkə də daha çox) əsas növə bölünə bilər. İstisna deyil ki, buna maliyyə faktoru səbəb olacaq. "Posthumanizasiya" texnologiyaları yerli sakinlərə dəhşətli dərəcədə baha başa gələcək.

Bu proses nəticədə şəxsiyyətin doğuşdan hüququ və ya hüquq qarşısında insanların bərabər olması kimi konsepsiyaların yer aldığı fəlsəfi bazaya malik liberal demokratiyanın bütün əsaslarını sarsıdacaq. İlk postinsanın meydana gəlişilə bu dünyagörüşü öz əhəmiyyətini və etibarlılığını itirəcək. Axı əgər insanlar bir neçə növə bölünür və ümumi dəyərləri, insan təbiətini bölüşmürsə oxşar ideyaları necə qüvvədə saxlaya bilərik?

Sosial bərabərliyə tam olmasa da, nisbətən nail olmağa yenicə başladığımız bir dövrdə daha ədalətsiz bölünmə vəd edən, bəlkə də mövcud olmuş formasiyalar arasında ən ədalətsizinin hökm sürəcəyi dünyada yaşamağa risk edə biləcəyikmi? Fukuyama deyir ki, bütün bu fəlakətlərə hal-hazırda bel bağladığımız və gələcək həyatımızı asanlaşdıracağını düşündüyümüz, hədəflərinin nə olduğundan asılı olmayaraq, biotexnologiyalar və transhumanistlər səbəb olacaq.

Transhumanistlərsə hesab edir ki, elm və texnologiyanın böyük nailiyyətləri ictimaiyyəti hər zaman qorxudub. Elə bu səbəbdən oxşar texniki müdaxilələr müxtəlif icmalar (əsasən din sahəsində) tərəfindən nifrətlə qarşılanır. Lakin nəzərə almaq lazımdır ki, öz implantatları və orqan (hətta süni orqanlar) köçürülmələri ilə transhumanizm prosesi artıq başlayıb.

Kimin haqlı olduğunu zaman göstərəcək. Həmin zaman ki, posthumanist gələcəyi hər əldə edilmiş elmi və texniki kəşflə bir addım da yaxınlaşdırır. Kompüterlərin gücü artırılır - bu sahədə kvant "inqilabını" proqnoz etmək olar; nanotexnologiyalar o dərəcədə iştahlı sürətlə inkişaf edir ki, böyük ehtimalla yaxın illərdə insan hüceyrəsinə nano səviyyədə dərman çatdırılması hadisəsinə şahidlik edəcəyik; siçanlarda aparılan həyatın uzadılması üzrə araşdırmalar on il əvvəl ağlımıza belə gətirə bilmədiyimiz imkanları mümkün edir; Oculus Rift kimi texnologiyalar isə virtual aləmə daxil olub, orada gəzişməyə şərait yaradır.

Proses başlayıbsa, çətin ki qarşısı alınsın. Bizə, texniki irəliləyişin bəxş etdiyi xoşbəxtlikdən həzz almaq və hadisələrin necə inkişaf yolu alacağını müşahidə etməkdən başqa heç nə qalmır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/590802.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR