Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun yeni Təlim-Tədris Mərkəzi istifadəyə verilib

Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun yeni Təlim-Tədris Mərkəzi istifadəyə verilib
20:22 18 Oktyabr 2017
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ Oktyabrın 18-də Əlahiddə Ümumqoşun Ordunun yeni Təlim-Tədris Mərkəzi istifadəyə verilib.
"Report" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.
Tədbirdə “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” və “Rəşadətli əməyə görə” nişanlarının, bir qrup hərbiçiyə isə Ali Məclis Sədrinin hədiyyələrinin təqdimatı olub.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 17 oktyabr tarixli Sərəncamı ilə hərbi xidmətdə səmərəli fəaliyyətinə görə 10 hərbiçi “Naxçıvan Muxtar Respublika-sına xidmətlərə görə”, 10 hərbiçi isə “Rəşadətli əməyə görə” nişanları ilə təltif olunub.
Ali Məclisin Sədri “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” və “Rəşadətli əməyə görə” nişanlarını, eləcə də hədiyyələri hərbiçilərə təqdim edib.
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov döyüş hazırlıqlarının həyata keçirilməsində əldə etdikləri nailiyyətlərə, xidməti vəzifələrin və qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə bir qrup hərbi qulluqçuya “Şücaətə” görə və “Hərbi xidmətdə fərqləndiyinə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medallarını, bir qrup hərbi qulluqçuya isə vaxtından əvvəl hərbi rütbələri təqdim edib.
Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Təlim-Tədris Mərkəzinin açılışını bildirən lenti kəsiblər.
Mərkəzlə tanışlıq zamanı qeyd olunub ki, 3 mərtəbədən ibarət olan binada simulyasiya mərkəzi, trenajor zalı, zirehli texnika, raket-artilleriya sistemləri, rabitə, taktiki hazırlıq, qarovul hazırlığı, atəş hazırlığı, topoqrafiya, komandir hazırlığı və digər sinif otaqları, kitabxana, mətbəə, xarici dillər kabinəsi və 700 yerlik tədbirlər zalı vardır. Hərbi tədris proqramının keyfiyyətlə mənimsənilməsi, şəxsi heyətin peşəkarlığının və nəzəri biliklərinin artırılması üçün sinif otaqlarında lazımi şərait yaradılıb, kompüterlər quraşdırılıb, əyani vəsaitlər və məlumat stendləri qoyulubdur.
Trenajor zalında tank, artilleriya və digər zirehli texnikaların idarə olunması, eləcə də texniki və atış sistemləri üzrə 18 trenajor quraşdırılıb. Trenajorlar vasitəsilə zirehli texnikaların idarə olunması və döyüş zamanı onlardan atəş açılması üzrə təlimlərin keçirilməsi öyrədiləcəkdir. Keçirilən təlimlərin sonunda qiymətləndirmənin aparılması isə şəxsi heyətin bilik səviyyəsini və peşəkarlığını müəyyən etməyə imkan verəcəkdir.
Simulyasiya mərkəzində artilleriya qurğularının taktiki-texniki xüsusiyyətləri, həmçinin atışın idarə olunması üzrə məşğələlərin praktik mənimsənilməsi üçün hər cür şərait yaradılıb, otaqlarda mərkəzdən idarə olunan və xüsusi proqram təminatına malik 100 kompüter və proyektorlar quraşdırılıb. Atəş hazırlığı otağında yaradılan virtual təlim meydançası döyüş sursatı sərf etmədən müxtəlif şəraitdə atəşin idarəolunmasını həyata keçirməyə imkan verir. Həmçinin burada atəş tapşırıqlarını təhlil etmək və qiymətləndirmək, atəş göstəricilərinin dəqiqliyinin müqayisə etmək mümkündür.
Tədbir zalına baxış zamanı Əlahiddə Ümumqoşun Ordunun keçdiyi inkişaf yolundan bəhs edən film göstərilib.
Kitabxanada Azərbaycan və dünya ədəbiyyatı nümunələri, eləcə də ordumuzun keçdiyi tarixi inkişaf yolunu əks etdirən 16 mindən artıq kitab, qəzet və jurnal materialları qoyulub. Burada şəxsi heyət üçün gündəlik dövri mətbuatla tanış olmaq, hərbi və bədii ədəbiyyatları mütaliə etmək imkanı vardır. Həmçinin kitabxanada Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamına uyğun olaraq “Oxunması zəruri olan kitablar”dan ibarət guşə də yaradılıb.
Ali Məclisin Sədri Təlim-Tədris Mərkəzinin imkanlarından səmərəli istifadə olunması, şəxsi heyətin nəzəri biliklərinin və döyüş hazırlığının daha da artırılması ilə bağlı tapşırıqlar verib.




Xəbərin orijinal ünvanı: https://report.az/herbi/naxcivanda-elahidde-umumqosun-ordunun-yeni-telim-tedris-merkezi-istifadeye-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR