""Qarabağ"a uduzsaq belə, heç nə bitməyəcək"

""Qarabağ"a uduzsaq belə, heç nə bitməyəcək"
20:57 18 Oktyabr 2017
66 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ"nin yarımmüdafiəçisi Asif Məmmədov qol.az saytına müsahibə verib.

Milli.Az həmin müsahibəni təqdim edir:  

- "Qəbələ" bu mövsüm bir qədər qeyri-sabiqçıxış edir. Komandada əvvəlki kimi özünəinam sanki yoxdur. Bu nə ilə bağlıdır?

- Komanda bu il çox dəyişikliklər oldu. Halbuki bu qədər olmurdu. Yeni gələn futbolçular adaptasiya prosesini gec keçdilər. Mənə elə gəlir, problemlər bununla bağlıdır. Başqa ciddi bir şey yoxdur. Düşünürəm ki, getdikcə hər şey düzələcək.

- Ötən tur "Sumqayıt" üzərində çətin qələbə qazandınız. Birinci dövrənin son turunda isə "Kəpəz"ə uduzmuşdunuz. Həmin oyunlar haqda nə deyə bilərsən?

- "Kəpəz"ə məğlubiyyət bizim üçün çox pis oldu. Evdə oynayırdıq, uduzmaq istəmirdik. Futbolda belə şeylər olur. "Sumqayıt"la görüşdə ancaq qələbəyə köklənmişdik ki, məğlubiyyəti unutduraq. "Sumqayıt"la bütün səfər oyunlarımız çətin olur. Buna baxmayaraq, qələbə qazandıq. 3 xal bizə çox lazım idi. Ümid edirəm ki, bundan sonra yaxşı olar.

- Növbəti turda lider "Qarabağ"a qarşı oynayacaqsınız. Fikirlərini bilmək maraqlı olardı...

- Bizi "Qarabağ"la çox çətin qarşılaşma gözləyir. Maraqlı və gərgin görüş olacaq. Azarkeşlər baxımlı oyun görəcəklər. Ev oyunudu, qələbə qazanmağa çalışacağıq.

- Hazırda "Qarabağ" "Qəbələ"ni 3 xal qabaqlayır. Nəzərə alsaq ki, Ağdam klubu sizdən bir oyun az keçirib və həmin görüş də "Səbail"ə qarşı olacaq, ehtimal etmək olar ki, xal fərqi bir qədər də artacaq. Qəbələdə rəqibə məğlubiyyət isə 9 xallıq fərq yarada bilər. Bu, sizi qorxutmur?

- Hamı onu deyir, amma qabaqda hələ çox tur var. İndidən heç nə demək olmaz. Siz sona 3-4 tur qalmış bu sualı versəydiniz, mən başqa cür cavablandırardım. İndi heç nə bilinmir. Kimin çempion olacağını söyləmək qeyri-mümkündür. Bu tur evdə "Qarabağ"a uduzsaq belə, hələ heç nə bitməyəcək. Qarşıda çox tur var. Çempionat demək olar ki, indi başlayıb.

- "Qarabağ" bu gün "Atletiko" ilə qarşılaşacaq və aydın məsələdir ki, xeyli enerji sərf edəcəklər. Bunu sizin üçün üstünlük hesab etmək olarmı?

- Yorğunluq deyəndə ki, "Qarabağ" "Atletiko" ilə bu gün oynayır. Bizimlə oyuna isə hələ 4 gün var. Məncə, heç bir yorğunluqdan söhbət gedə bilməz. İki oyun arasında xeyli vaxt qalır. Onlar artıq buna öyrəşiblər, 2-3 gündən bir oyun keçirirlər. Keçən il bizdə də belə idi. Əksinə, tez-tez oynayanda komanda daha yaxşı formada olur. Yəni, bu bizi ümidləndirmir ki, "Qarabağ" oyuna yorğun çıxacaq. Çünki elə bir şey yoxdur.

- Hər futbolçu daim start heyətdə meydana çıxamağı istəyər. Adətən oyuna əvəzetmədən daxil olursan. Bu nə ilə bağlıdır?

- Ehtiyatdan da meydana çıxıram, əsas heyətdə də oynayıram. Bilirsiniz ki, yaxşı formada olduğum vaxtda əməliyyat keçirdim. Bundan sonra bir qədər oyunumda eniş oldu. Baş məşqçi də görür ki, çatışmazlıqlar var. Çox şey özümdən asılıdı. İdeal formada olsaydım, start heyətdə meydana çıxardım. Səhvi özümdə axtarmalıyam. Oyuna ehtiyatdan daxil olmaq məni narahat edir. Amma bunun özü də yaxşıdı. Deməli, baş məşqçi mənə güvənir ki, meydana buraxır. Mənə inanırsa, start heyətdə oynadacaq. Hər şey özümdən asılıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/591456.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR