Cari ilin doqquz ayında dövlət büdcəsinin mədaxili 12045,1 mln. manat, xərcləri 12783,7 mln. manat olub, 783,6 mln. manat məbləğində büdcə kəsiri (defisit) yaranıb.
Maliyyə Nazirliyindən verilən məlumata görə, bu doqquz ayında
dövlət büdcəsinin mədaxili 12019,0 mln. manat proqnoza qarşı
12045,1 mln. manat və ya 0,2 faiz çox icra olub ki, bu da ötən ilin
eyni dövrü ilə müqayisədə 1942,0 mln. manat və ya 19,2% çoxdur.
Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 100,1% icra
edilməklə dövlət büdcəsinə 5224,8 mln. manat vəsait təmin edilib
ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 298,5 manat və ya
6,1% çoxdur. Həmin vəsaitin 73,2%-i və ya 3825,8 mln. manatı
qeyri-neft sektorundan daxilolmaların payına düşür.
2017-ci ilin doqquz ayında Dövlət Gömrük Komitəsi proqnoza 117,8%
əməl edərək dövlət büdcəsinə 1950,4 mln. manat vəsait təmin edib
ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 296,6 mln. manat və
ya 17,9% çoxdur.
Dövlət Neft Fondundan dövlət büdcəsinə 4300,0 mln. manat vəsait
daxil olub ki, bu da proqnoza nisbətən 275,0 mln. manat və ya 6,0%
azdır.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli
xidmətlərindən daxilolmaları 246,7 mln. manat təşkil edib ki, bu da
2016-cı ilin eyni dövrü ilə müqayisədə 53,8 mln. manat və 27,9%
çoxdur.
Sair daxilolmalar üzrə büdcəyə 323,2 mln. manat, bundan 250,0 mln.
manat vəsait Mərkəzi Bankın sərbəst mənfəətindən transfert şəklində
daxil olub.
Cari ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin mədaxili üzrə
4320,3 mln. manat vəsait daxil olub.
Bu ilin doqquz ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən
100,7% və ya 12783,7 mln. manat icra olunub ki, bu da 2016-cı ilin
eyni dövrü ilə müqayisədə 2161,5 mln. manat və ya 20,3% çoxdur.
İqtisadi təsnifata uyğun olaraq cari ilin doqquz ayında dövlət
büdcəsi xərclərinin 38,1%-i və ya 4865,1 mln. manatı sosialyönlü
xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər,
dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu
da ötən ilin eyni dövrü ilə müqayisədə 351,4 mln. manat və ya 7,8
faiz çoxdur.
Cari ilin doqquz ayında dövlət əsaslı vəsait qoyuluşu xərclərindən
elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər
sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və
yenidən qurulmasına 514,7 mln. manat, enerji, su təchizatı,
nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə,
yenidənqurulmasına və digər sahələrə 1666,1 mln. manat, o cümlədən
Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya
layihələrinin maliyyələşdirilməsinə dövlət büdcəsinin dövlət əsaslı
qoyuluşu xərclərindən 64,9 mln. manat vəsait yönəldilib.
Cari ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin xərcləri
4590,0 mln. manat icra olunub.
Cari ilin doqquz ayında dövlət büdcəsində 738,6 mln. manat kəsir
(defisit) yaranmışdır.
Kəsirin maliyyələşdirilməsi özəlləşdirmədən, daxili və xarici
borclanmadan daxilolmalar və cari ilin 1 yanvar tarixinə dövlət
büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına təmin edilib.
Cari ilin doqquz ayında icmal büdcənin gəlirləri 17586,9 mln.
manat, icmal büdcənin xərcləri isə 16972,4 mln. manat icra olunub.
İcmal büdcənin artıqlığı 614,5 mln. manat təşkil edib. (APA)