Məlahət Abbasova Amaliya Pənahovadan danışdı: "Heç kimə icazə vermərəm ki..." - FOTO

Məlahət Abbasova Amaliya Pənahovadan danışdı: "Heç kimə icazə vermərəm ki..." - FOTO
21:12 19 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Əməkdar incəsənət xadimi, rejissor, aktrisa Məlahət Abbasovanın Milli.Az-a müsahibəsi.

- Məlahət xanım, bildiyim qədərilə Türkiyədə çəkildiyiniz "Sevdanın bahçesi" serialının yayımı dayandırılıb. Serialın yayımının dayandırılmasına reytinq səbəb oldu, ya bilmədiyimiz bir səbəblər var?

- Bildiyinizə görə, Türkiyədə çox seriallar çəkilir və orada ekran işləri arasında inanılmaz dərəcədə rəqabət var. Sponsorlar da ən çox baxılan, reytinqli seriallara pul yatırır. "Sevdanın bahçesi" serialı da reytinq qurbanı oldu. Serialın 3-cü bölümünün reytinqi çox aşağı düşmüşdü. Digər bir səbəb isə serialda baş rolda çəkilən Sibel Canın iş qrafikinin olduqca gərgin olması idi. Buna görə də ortaq məxrəcə gələ bilməyib, serialı bitirdilər.

- Serialın yayımının dayandırılmasının sizə nə kimi ziyanı oldu?

- Bir sənətçi olaraq, əlbəttə ki, bu bizim üçün çox pisdir. Nəinki mənim, bütün kollektiv üçün çox pisdir. Çünki il ərzində aktyorlara serial təklifləri gəlir, aktyor isə o təkliflərdən birini seçir. İlk 2-3 ay hazırlıqlar gedir, sonradan çəkilişlərə başlayırlar. Bir neçə həftədən sonra reytinq üstündə çəkilişlər bitir. Təsəvvür edin, serial mövsümü başlayır və mövsümün içində serial bitir. İnsanlar bir anda işsiz qalır. Bu mənə çox da fərq etmir, çünki seria bitsə də teatrda işimə davam edirəm. Amma teatrda işləməyən, sadəcə seriallarda oynayaraq çörək pulu qazananlar da var.

- Əgər serial reytinq yox, Sibel Canın kaprizləri səbəbindən bitibsə, onu qınayırsınız?

- Hər şey danışıqdan asılıdır. Əgər həqiqətən də serial reytinq üzündən deyil, Sibel Canın gərgin rejimi səbəbindən bitibsə, bunu serialın rəhbəri düşünməli idi. Məncə hər iki səbəb əsas idi. Heç kimi qınamıram, sadəcə orada çəkilən insanların işsiz qalmasına görə üzülürəm.

- Diqqəti cəlb edən məqamlardan biri də sizin serialda sadəcə 4 bölüm çəkilməyiniz oldu. Buna səbəb nə idi?

- Bildiyinizə görə "Məlahətli söhbətlər" verilişi artıq bir neçə aydır ki, ATV-də yayımlanır. Bakıda olduğum üçün serial çəkilişlərinə vaxt ayıra bilmirdim. Bu səbəbdən də çəkiliş kollektivini çox çətin vəziyyətə qoymuş olurdum. Buna görə də 4-cü bölümdə mənim çəkilişimi bitirdilər. Az qalmışdı ki, Türkiyədəki menecerimlə problem yaşayım. Sonra eşitdim ki, serialın yayımını dayandırıblar. İnşallah, xeyirlisi olsun.

- Məlahət xanım, Türkiyədə gününüz necə keçir?

- Günüm çox gərgin keçir. Teatrda rəhbər vəzifədəyəm, kollektivimizdə 1000-dən çox sənətçi var. Teatrımızda "İblis" tamaşasının hazırlıqları demək olar ki, bitmək üzrədir. Allah nəsib etsə, noyabrda məşqlərə başlayacağam. Bu qədər işlərin içindən hələ üstəlik ATV telekanalında yayımlanan "Məlahətli söhbətlər" verilişinin çəkilişini də edirəm.

- "Məlahətli söhbətlər" verilişi sizin Azərbaycana tez-tez gəlib-getməyinizi daha da asanlaşdırıb. Verilişinizə qonaqları hansı qonorar qarşılığında dəvət edirsiniz?

- Heç bir qonağım məndən indiyə qədər qonorar istəməyib. Dəvət etdiyim aktyor və aktrisalar mənim çox yaxın dostlarımdır. Demək olar ki, çoxusu ilə birlikdə işləmişəm. Hamısı mənim xətrimi çox istəyir və verilişimə dəstək olmaq üçün gəlirlər. Bu mənə edilən ən böyük hörmətdir. Bu hörmət və sevgiyə görə onların hamısına təşəkkür edirəm. Məsələn, Petek Dinçöz və Yıldıray Şahinlər bir günlük gəlib, çəkilib getdilər. Bunu heç bir aktyor və aktrisa etməzdi, amma onlar etdilər. Mən illərdir Türkiyədə yaşayıram. Demək ki, o hörməti qazanmışam. Yaxın günlərdə verilişimə sürpriz məşhur qonaqlar da gələcək.

- Belə başa düşdüm ki, türkiyəli məşhurlar kapriz etmir. Bəs yerli məşhurlarımız necə?

- Hələ ki, kaprizli qonaqlarım olmayıb. Verilişimə çox dəyərli məşhurlar qatılıb. Bu proqramın bir məqsədi var: -İki qardaş ölkənin dəyərli sənət insanlarını bir-birinə qovuşdurmaq.

- Maraqlıdır hansı sənətkarı verilişinizdə görmək istərdiniz?

- Dəyərli sənət insanlarına verilişimin qapısı sonuna qədər açıqdır. Xalq artistləri Səfurə İbrahimovanın, Zərnigar Ağakişiyevanın, Şəfiqə Məmmədovanın verilişimdə qonaq olmaqlarını çox istəyərəm. Şəfiqə xanımla özüm danışmışam, verilişimə gələcəyinə söz verib. Onlar bizim dəyərli sənətkarlarımızdır.

- Məlahət xanım, qalmaqaldan uzaq biri olsanız da, zaman-zaman adınız Röya Ayxan, Amaliya Pənahova ilə qalmaqalda hallandı. Röya ilə qalmaqalınız bizə məlumdur. Amaliya xanımla aranızda hansı problem yaranmışdı ki?

- Bizim aramızda heç bir problem yoxdur. Mən həyatımda heç kimlə problem yaşamamışam. Bunu məni tanıyan insanlar da bilir. Çünki xasiyyətimdə belə bir şey yoxdur. Əsla söz-söhbəti sevmirəm. Hörmətsizlik olan yerdə əsla mən yoxam. Xalq bizi tanıyır və hörmət edir. Amaliya Pənahova və Röya Ayxanla aramızda süni qalmaqal yaratmaq istədilər. Mənim səbirli olmağım, tamaşaçılara hörmətim və bütün bunlara cavab verməməyim bu məsələni uzatmadı. Hər iki sənətçi mənim üçün çox dəyərlidir. Amaliya xanım bizim başımızın tacıdır. O yanlış da, doğru da danışsa bizim böyüyümüzdür. Nə mən ona bir söz demərəm, nə də ki, heç kimə icazə vermərəm.

- Eyni sözləri Röya üçün də söyləyə bilərsiniz?

- Əlbəttə. Röyanın da sevənləri çoxdur.

- Amaliya xanım onun plastik əməliyyatlarını qəbul etməməyinizə münasibət bildirmişdi. O da cavabında sizin də plastik əməliyyata ehtiyacınızın olduğunu bildirmişdi. Həqiqətən də estetik əməliyyata ehtiyacınız varmı?

- Xeyr, hələ ki, estetik əməliyyata heç bir ehtiyacım yoxdur. Amaliya xanımın estetik əməliyyat keçirdiyini bilmirdim. Sadəcə bütün danışdıqlarımı ona aid etmişdilər. O da haqlı olaraq buna cavab vermişdi.

- Amaliya xanımın imici sosial şəbəkələrdə tez-tez müzakirə olunur. Sizcə ona yaraşır, yoxsa?

- İnsan necə olmaq istəyirsə, necə görünmək istəyirsə bu onun qərarıdır. Buna heç kim qarışa bilməz. Mən sadəcə natural estetik tərəfdarıyam. O ki, qaldı Amaliya xanıma... O mənə görə həmişə gözəl qadın olub. Estetik əməliyyatsız da çoz gözəldir. Mən ona həmişə sənətkar olaraq baxmışam. O bizim teatr səhnəmizin primadonnası olub. Çox istərdim ki, verilişimdə qonaq olsun.

- Sizcə dəvətinizi qəbul edəcək?

- Sözün düzü, verilişimə dəvət etmişəm, sadəcə olaraq işi çox olduğundan gələ bilməyib. Amma çox istərdim ki, onu verilişimdə qonaq qismində görüm.

- Ola bilərmi ki, hələ də incikliyi qalıb?

- İnanmıram ki, məndən incisin. Mən Amaliya xanıma bir şey deməmişəm ki, inciklik qalsın. Əksinə o mənə deyib (gülür). Həm də onun sözlərində həqiqət var. Kiloluyam və artıq çəkilərimdən qurtulmalıyam. Mən onun sözlərinə haqq verdim, incimədim. Anam da mənə həmişə eyni sözləri deyir. İndi durub ondan inciyim? (gülür).

Əli Rəhimoğlu

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/590740.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR