Azərbaycanın “Anti-Armenian Team” haker qrupu 6 yaşını
qeyd edir.
Publika.az xəbər verir ki, qrup 6 illik fəaliyyəti ilə
bağlı məlumat yayıb.
Əsas hədəfi işğalçı Ermənistan olan haker qrupu indiyə kimi bir
sıra uğurlu əməliyyat həyata keçirib.
Kod adı “31 mart”
31 mart 2012-ci ildə 31 mart Dünya Azərbaycanlılarının soyqırımı
gününə həsr olunmuş “31 mart” kod adı altında kiber əməliyyat
keçirilib və iri həcmli kiber hücumlar zamanı düşmən və onlarla
əlaqələri təsbit edilən 816 sayt zərərsizləşdirilib.
Ermənistan DİN-in serveri məhv edildi
16 dekabr 2013-cü il tarixində keçirilən kiber əməliyyat
nəticəsində Ermənistanın Daxili İşlər Nazirliyinin
mərkəzləşdirilmiş serverinə kənar müdaxilə nəticəsində həmin
serverlərdən nazirliyinin xidməti fəaliyyəti ilə bağlı 1.44 GB
həcmində informasiya, vətəndaşların pasport məlumatları,
avtomobillərin dövlət qeydiyyat məlumatları, habelə düşmən
ərazisində fəaliyyət göstərən VivaCell və OrangeCell mobil
operatorlarının verilənlər bazası götürülərək ələ keçirilibdir.
Serj Sarkisyanın saytı dağıdıldı
26 iyun 2014-cü il Azərbaycan Respublikası Silahlı Qüvvələri gününə
həsr olunmuş kiber əməliyyatda “Anti-armenia Team”-in hakerləri
Ermənistan prezidentinin və bu ölkənin bir çox mühüm
nazirliklərinin saytlarını dağıdaraq sıradan çıxarıb. Erməni
ekspertlər də öz müsahibələrində dəfələrlə “Anti-armenia Team”-in
hakerlərinin Ermənistana milli səviyyədə problem yaratdığını etiraf
edərək, həmin qrupla mübarizə etmək üçün kifayət qədər intellektual
resursa malik olmadıqlarını dilə gətiriblər.
Separatçılara zərbə
8 avqust 2014-cü ildə qondarma “Dağlıq Qarabağ respublikası”na
qarşı kiber hücum həyata keçirilib. Hücum nəticəsində qondarma
rejimin bir sıra “nazirlik”lərinin rəsmi veb saytı sıradan
çıxarılıb. Sözügedən saytlarda haker qrupu tərəfindən hazırlanmış
xüsusi foto yerləşdirilib. Fotoda cəbhə xəttində şəhid olan
əsgərlərimizin adları və Ermənistan prezidenti Serj Sarkisyana
ünvanlanmış müraciət yer alıb.
Kod adı “20 Yanvar”
20 yanvar 2016-cı ildə 20 Yanvar faciəsinə həsr olunmuş Kod adı “20
Yanvar” əməliyyatı altında keçirilən kiber hücum zamanı
azərbaycanlı hakerlərdən ibarət qrup Ermənistanın bütün
səfirliklərinin rəsmi saytlarını, Ermənistanın Xarici İşlər
Nazirliyinin rəsmi saytını, eləcə də beynəlxalq təşkilatların
saytları dağıdıb. Dağıdılan saytlardan 41-i səfirliyə, 6-sı
beynəlxalq təşkilatlara aid olmaqla 47 sayt sıradan çıxarılıb.
Dağıdılan saytlarda 20 Yanvarla bağlı video və fotolar
yerləşdirilib.
Ermənistanın məxfi məlumatları ələ keçirildi
25 Avqust 2016-cı ildə keçirilən kiber hücum nəticəsində
Ermənistanın dövlət strukturlarına, hüquq-mühafizə orqanlarına
məxsus böyük həcmli məxfi informasiyalar ələ keçirilibdir. Həyata
keçirilən kiber hücum nəticəsində Ermənistanın Milli Təhlükəsizlik
Nazirliyinin serverlərinə giriş əldə edilib, həmin serverlərdən tam
məxfi informasiyalar ələ keçirilibdir. Əldə olunmuş informasiyalar
arasında Ermənistana səfər edən bütün xarici vətəndaşlar haqqında
məlumatlar da aşkar edilərək götürülübdür.
Hər şeydən öncə - VƏTƏN !
Qeyd edək ki, 19 oktyabr 2011-ci ildə yaradılan qrupun təsisçiləri
vətənini sevən, ölkəsinə və millətinə bağlı azərbaycanlı
hakerlərdir. Yarandığı gündən etibarən qrupun tək missiyası
Azərbaycanın informasiya təhlükəsizliyini təmin etmək, Azərbaycana
və azərbaycanlılara qarşı törədilmiş soyqırımları,
ədalətsizlikləri, erməni terrorizmini, erməni vəhşiliyini dünyaya
çatdırmaq, Azərbaycanın Konstitusiyasına və milli maraqlarına zidd
olan, ölkəmiz, mədəniyyətimiz, tariximiz haqqında yanlış
informasiyalar yayan informasiya resurslarının fəaliyyətinə qarşı
mübarizə aparmaqdan ibarətdir.
“Anti-Armenian Team” bəyan edir ki, müasir dünyada informasiya
müharibəsinin böyük əhəmiyyət kəsb etdiyi danılmaz faktdır və kiber
müharibə III Dünya savaşının mühüm komponenti kimi dəyərləndirilə
bilər: “Bu baxımdan düşmən saytlarının zərərsizləşdirilməsi, bu
saytlara kiber hücumların təşkili mühüm əhəmiyyət kəsb edir. Hələ
2016-cı ildə bir neçə təşkilatlar “Anti-armenia Team” haker
qrupunun dövlət tərəfindən dəstəklənməsi təklifi ilə çıxış edib.
Qrup fəaliyyət göstərdiyi müddət ərzində keçirdiyi bir sıra
irimiqyaslı kiber-əməliyyatlar nəticəsində düşmən tərəfinə məxsus
dövlət və özəl informasiya resurslarını sıradan çıxararaq çox mühüm
və məxfi informasiyalar əldə edibdir. Bütün əməliyyatların uğurlu
keçirilməsində qrup üzvlərinin tək motivasiyası Azərbaycan
dövlətinə və dövlətçiliyinə təmənnasız xidmətidir. Odur ki,
qrupumuz adından bütün üzvlərimizi, habelə bizi yaxından izləyən
insanları təbrik edir, o cümlədən, Azərbaycan ictimaiyyətinə, media
nümayəndələrimizə bizə dəstək və qayğı göstərdikləri üçün dərin
təşəkkürümüzü bildiririk! Əmin ola bilərsiniz ki, qrupumuz öz
missiyasını bundan sonra da davam etdirəcək, kiber-mühitdə düşmən
təxribatının qarşısının alınması istiqamətində apardığı mübarizədən
əl çəkməyəcəkdir! Qrup üzvləri üçün tək bir şüarvardır – hər şeydən
öncə - VƏTƏN!”.
Asif