Dövlətin orta və uzunmüddətli borc siyasəti strategiyası hazırlanıb.
Publika.az xəbər verir ki, bu barədə 2018-ci ilin dövlət və
icmal büdcələri üzrə layihələrin təqdimatında qeyd edilib.
Sənəddə vurğulanıb ki, strategiyada borcun tədricən azaldılması
növbəti ildən başlayaraq dövlətin birbaşa və dövlət zəmanəti
əsasında dövlət müəssisələrinin xarici kredit qurumlarından borc
alınmasının sərt çərçivələri müəyyən olunub və yalnız ölkənin
prioritet hesab olunan edilən layihələrin maliyyələşdirilməsi üçün
kredit vasitələrinin cəlb edilməsi nəzərdə tutulub.
Azərbaycanın 2018-ci il üzrə daxili dövlət borclanmasının yuxarı
həddi (limiti) 700 mln. manat (2017-ci ilə nisbətən 300 mln. manat
və ya 30% az), xarici dövlət borclanmasının yuxarı həddi 1 mlrd.
manat (2017-ci ilə nisbətən 3,5 mlrd. manat və ya 77,8% az), il
ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi 4
mlrd. manat (217-ci ilə nisbətən 6 mlrd. manat və ya 60% az)
məbləğində proqnozlaşdırılıb. Bununla yanaşı, dövlətə məxsus olan
hüquqi şəxslərin birbaşa borclanmasının da sərtləşdirilməsi
istiqamətində zəruri addımlar atılıb. Belə ki, Azərbaycan
prezidentinin 2016-cı il 28 dekabr tarixli fərmanı ilə "Dövlətə
məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması qaydası"
təsdiq edilib. Eyni zamanda, qeyd edilən fərmanın müvafiq bəndinin
icrasını təmin etmək məqsədilə dövlətə məxsus olan hüquqi şəxslərin
daxili və xarici borcalması qaydalarının pozulmasına görə
məsuliyyət müəyyən edən qanun və onların tətbiq edilməsi barədə
müvafiq fərman layihələri hazırlanıb.