Azərbaycanlı aktyordan etiraf: "Pərvin Abıyevaya görə ailəmdə problem olmasını istəmirəm" - FOTO

Azərbaycanlı aktyordan etiraf: "Pərvin Abıyevaya görə ailəmdə problem olmasını istəmirəm" - FOTO
21:12 20 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Aktyor Qərib Nəsibovun Milli.Az-a müsahibəsi.

- Qərib, gənc aktyorlara yaradılan imkanlardan nə dərəcədə yararlana bilirsiz?

- Gənc aktyorlara yaradılan imkanlardan, hələ ki, heç cürə yararlana bilməmişəm. Çünki o imkan mənə hələ yaradılmayıb ki, özümü tam təsdiqləyim, bacarığımı göstərə bilim. Bu günlərdə "Laləli saray" serialının 3 bölümündə qonaq aktyor kimi çəkildim. Bu serial aktyor imkanlarımı göstərməyim üçün gözəl bir vasitə idi, amma təəssüflər olsun ki, 3-cü bölümdən həbsxanaya düşüb, orada rəhmətə gedirəm.

- Həmkarlarınızdan bəziləri ekran işlərində qonaq aktyor kimi çəkilməyi özlərinə yaraşdırmır.

- "Laləli saray" serialında çəkilməyimə səbəb yaradıcı mühitlə, rejissor Şahin Qəhrəmanla tanış olmağım idi. Qonaq aktyor kimi yalnız bu hallarda çəkilə bilərəm. Tanıdığım və münasibətim olan rejissor məni qonaq aktyor kimi seriala dəvət etsə, o roldan imtina edərəm. Çünki həmin rejissor məni tanıyır, istedadıma və aktyor oyunuma bələddir.

- Çəkiliş həmişə olur?

- Xeyr, elə vaxt olur ki, 2 ay olur 5 ay olmur. Bu sənətdə gərək tanışın olsun ki, səni filmlərə çəksin.

- Ailəli olduğunuzu bilirəm. Bəs çəkiliş olmayanda evi kim dolandırır?

- Çəkilişdən-çəkilişə qazancım olduğu üçün başqa işlərə də yönəlirəm. Çünki çəkilişlərdən o qədər də çox qazanmıram ki, məni tam təmin etsin.

- Hansı işlərdir ki, onlar?

- Mənim aləmimdə işləmək ayıb iş deyildir, ayıb odur ki, əlin-ayağın yerində ola-ola evdə oturasan. Ailəmi dolandırmaq üçün lazım olsa yolda peraşki də sataram. Necə ki, bu sənətə aid olmayan işlərdə çalışmışam. Buna görə qətiyyən utanmıram.

- Qərib, ustad sənətkarların gənc aktyorlardan narazılığı geniş vüsət alıb. Sizcə, niyə iki nəsil aktyorları arasında ikitirəlik yaranıb?

- Əslində, ustad sənətkarların yetişən gənc aktyor nəslini bəyənməməsi normaldır. İndi universitet bitirməyən fəhlə, sürücü, model də aktyor kimi fəaliyyət göstərir. Digər peşə sahibləri artıq aktyor olublar. Ona görə də bilinmir ki, kim-kimdir.

- Sizin aktyor təhsiliniz varmı?

- Bəli, mən Mədəniyyət və İncəsənət Universitetinin dram rejissorluğu fakültəsini bitirmişəm. Vaqif İbrahimoğlu və Məmməd Səfadan dərs almışam.

- Vaqif İbrahimoğlu tələbələrini Yuğ Teatrına cəlb edirdi. Sizi niyə teatra dəvət etməyib ki?

- Sözün düzü, nə mən teatra getmək istədim, nə də onlar dəvət etdi.

- Yeni ailə həyatı qurduğunuzu bilirəm. Yeni evliliklərdə qısqanclıqlar çox olur. Həyat yoldaşınız birlikdə çəkildiyiniz qız həmkarlarınıza sizi qısqanmır ki?

- Xeyr, şükür ki, elə bir problemimiz yoxdur. Çünki bu, mənim işimdir və məni sevən insan işimi də sevmək məcburiyyətindədir.

- Hansısa rolları oynamağı özünüzə qadağan etmisiniz?

- Mən yalnız özümə, xasiyyətimə uyğun olan rolları oynayaram.

- Bəs yataq səhnələrini hansı aktrisa ilə oynamaq istərdiniz?

- Hələ ki, yataq səhnəsini oynamaq istədiyim bir aktrisa yoxdur.

- Məsələn Pərvin Abıyeva...

- Xanımımın razılığı olsa, çəkilərəm, əks halda Pərvin Abıyevaya görə ailəmdə problem olmasını istəmərəm. Ailəm mənim üçün çox önəmlidir.

- Pərvin də sizlə çəkilmək istəyər?

- Bunu özündən soruşsanız, daha yaxşı olar.

- Pərvin Abıyevanın baş rolunu oynadığı "Gecə qonağı 2" filminin bu yaxınlarda təqdimatı keçirildi. Filmi izlədiniz?

- İzləməyinə izlədim, amma təqdimatlara uzun müddətdir ki, getmirəm. Çünki təqdimatlar bir çoxlarının belə desək "oyuncağı" olub. Geyinib-keçinib gedirlər ki, rejissorlar onları görsün.

- Son təqdimatı olan hansı filmlərdə çəkilmək istərdiniz?

- "Gecə qonağı 2" və "Don Marleone" filmlərində çəkilmək istərdim. Ümumiyyətlə, Kənan Mahmudov və Rövşən İsaxın bütün ekran işlərində çəkilmək istərəm. Çox istərdim ki, yaradıcılığımda "peçat" rollarım olsun.

Əli Rəhimoğlu
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/590739.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR