Nobel mükafatı, laklı dırnaqlarla dəstəmaz və daha ciddi mətləblər

Nobel mükafatı, laklı dırnaqlarla dəstəmaz və daha ciddi mətləblər
11:47 21 Oktyabr 2017
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Nobel mükafatı və onun verilməsi mənə kapitalizmin oyunlarından biri kimi görünsə də, hər il bu mükafatın qalibləri haqqında mümkün qədər çox informasiya toplayıram. Bu həm də dünyada yaşayan və faydalı işlərlə məşğul olan alimlər haqqında biliklərimi artırmağa, yeni kəşflərdən xəbər tutmağıma yardım edir. Buna görə bəzən gündəmdən gec xəbər tuturam, bəzən gündəmdə olan məsələləri gözdən qaçırıram.

Ədəbiyyat üzrə Nobel mükafatçısı Kazuo İşiquronu mükafat alana qədər  tanımamağımı özüm üçün böyük ayıb hesab edirəm. Günahımı yumaq üçün İşiquro qalib elan edilən gün sabaha qədər yatmayıb "Məni əsla tərk etmə" romanını oxudum və roman əsasında çəkilən filmə baxdım. Nobelə qədər bir çox böyük ədəbi mükafatları qazanan yapon əsilli ingilis yazıçısı İşiquronun aktivində "Buker" kimi nüfuzlu mükafat da var. İşiquro Nobel mükafatına "böyük emosional güclə yazılmış romanlarında bizim dünya ilə əlaqəmizin illüzor hissiyyat altında yatmış dərinliklərini üzə çıxartdığına görə" layiq görülüb.

Mükafatın verilməsində siyasi səbəbləri və digər məsələləri şərh etmirəm. Çünki bu gerçəklər sadəcə dar çevrə üçün maraqlıdır. Reallıq isə atom bombası ilə viran qoyulmuş Naqasakidə doğulmuş, İngiltərədə təhsil almış və ingilis dilində romanlar yazmış bir sənətkarın  Nobel mükafatını almasıdır.

Tibb və fiziologiya üzrə Nobel mükafatçıları Ceffri Holl, Maykl Rozbaş və Maykl Yanq  "hüceyrə saatı" adı verilən və orqanizmin sirkad ritmlərini nizamlayan molekulyar mexanizmlərin tədqiq olunmasına görə bu mükafata layiq görülüblər. Hüceyrə saatı və ya "sirkadian ritmi" - gecə yatmaq istəyimizin səbəbkarıdır. Bu, həm də davranışımız və bədənimizin fəaliyyətində də böyük rol oynayır. Bizim əhvalımız, hormon səviyyəsi, bədən temperaturu və metabolizmimiz də daxil olmaqla hər şey gündəlik ritmə uyğun dəyişir. Xülasə, bu molekulyar mexanizmlərin tədqiq olunması bəşəriyyətə, insana çox ciddi kömək edəcək.

Fizika üzrə Nobel mükafatı LIGO detektorunun inkişafına həlledici töhfələrinə və qravitasiya dalğalarının müşahidəsinə görə üç amerikalı alimə - Rainer Vaisə, Bərri Bərişə və Kip Torneyə verilib. Hər üç alim illərdir fizika sahəsində önəmli araşdırmalarla məşğuldur və məqsədləri  elmin hüdudlarını genişləndirməkdir. İnternetdə bu alimlərin fəaliyyəti ilə bağlı çoxsaylı məlumatlar var. Araşdırmaq istəsəniz, heyrətamiz məlumatlarla rastlaşacaqsınız.

"Məhlulda biomolekulların yüksək həlletmə qabiliyyətli strukturunun müəyyənləşdirilməsi üçün kryo-elektron mikroskopiya texnologiyalarını inkişaf etdirdiklərinə görə"  Yoakim Frank, Jak Dubochey və Riçard Handerson Kimya üzrə Nobel mükafatına sahib olublar. Açığı bu alimləri haqqında geniş bilgiyə sahib deyiləm, amma gördükləri işin elmə töhfə olduğuna əminəm. İlk fürsətdə daha ətraflı məlumatlar əldə edib, oxuyacağam.

"Davranış iqtisadiyyatı"  sahəsində apardığı təhqiqatlara görə iqtisadiyyat üzrə Nobel mükafatının qalibi amerikalı Riçard H. Talerin fəaliyyəti və tədqiqat sahəsi kifayət qədər maraqlıdır. "Behavioral Economics"  elmin yeni sahələrindəndir və ilk dəfə bu sahədə Nobel mükafatını 2002-ci ildə psixologiya professoru Daniel Kahneman alıb. Satınalmalarda və istehlak prosesində iqtisadi modellərlə yanaşı texnoloji, psixoloji və sosioloji nəzəriyyələrin istifadə edilməsini müdafiə edən bir sahə olduğu üçün, "davranış iqtisadiyyatı" elm sahəsi kimi tez bir zamanda diqqət çəkib. Taler bu sahədə mükafat alan ikinci alimdir.

İndi gələk, əsas məsələyə.

Ədəbiyyat adamları içki məclislərində nobelçi yazarlar haqqında apardıqları müzakirələrlə artıq mükafatın həndəvərində fırlanır, bu sevindiricidir. Onlarla işim yoxdur. Oxşar davranışlar sərgilədiyimə görə özümü də qınayıb, daha ciddi məsələlərdən danışmaq istəyirəm. Bu gün cəmiyyətimizi düşündürən bir neçə önəmli məsələnin araşdırılması üçün baş sındıran insanların əməyini yerə vurmaq istəməzdim. Məsələn, "oruc tutarkən tüpürcəyi udmaq olarmı?" sualı ətrafında baş sındıran elm adamlarının araşdırmaları fasiləsiz olaraq min ildir davam edir. Ölkəmizdə də bu sahə üzrə ciddi araşdırmalar aparılır. Ramazanda ayın görünməsi, məhərrəmlikdə zəncir vurmaq, halal kolbasa və sosiskanın faydaları, hicabın əxlaqa təsiri, saqqal uzatmağın estetik müstəvidə təhlili mövzuları ciddi tədqiqat tələb edən məsələlərdir.

Hazırda gündəmdə olan ən ciddi elmi paradiqma isə dəstəmazla bağlıdır. Bir neçə gündür "qadınlar dırnaqlarına lak çəkdikdən sonra dəstəmaz ala bilərmi? " mövzusu ciddi şəkildə müzakirə olunur. Xalqın və bütövlükdə bəşəriyyətin xilası üçün bu sualın düzgün cavabının tapılmasına  ciddi ehtiyac var. Bu sualın cavabının tapılması mömin qadınlarımızın həyatında dönüş nöqtəsi olacaq. Cəmiyyəti düşündürən suallar isə bununla bitmir. Bir neçə vacib məsələ ilə bağlı müzakirələrin açılmasını da faydalı hesab edirəm:

-"Silikon dodaqlı qadınla öpüşmək mübahdırmı?"

-"Botoks haramdırmı?"

- "Manikür etdirmək orucu pozarmı?"

-"Qadınlar artıq tüklərdən xilas olduqdan sonra qüsul almalıdırmı?"

-""Həci pivəsi"ni iftardan sonra içmək olarmı?"

Bu vacib məsələlər ətrafında açılan müzakirələrin elmimizə böyük töhfə olacağını düşünürəm. Səbirsizliklə bu sahədəki tədqiqatların dünya ictimaiyyəti tərəfindən fərq edilməsini arzulayıram. Bəlkə bu gedişlə ölkəyə Nobel mükafatı da gətirərik...

"Dəstəmaz almağın yeni texnologiyaların kəşfinə" görə tibb və fiziologiya üzrə Nobel mükafatının ölkəmizə gələcəyi günü səbirsizliklə gözləyirəm.

Cəlil Cavanşir
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/592427.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR