"Qorxurdum ki, başına bir iş gələr" - Firəngiz Ulutürk

"Qorxurdum ki, başına bir iş gələr" - Firəngiz Ulutürk
23:17 21 Oktyabr 2017
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycanın azadlıq şairi Xəlil Rza Ulutürkün 85 yaşı tamam olur.

Milli.Az axar.az-a istinadən bildirir ki, 1932-ci il oktyabr ayının 21-də Salyan rayonunun anadan olan Ulutürk ali təhsilini Azərbaycan Dövlət Universitetinin (indiki BDU - red.) Filologiya Fakültəsinin Jurnalistika şöbəsində alıb. Əmək fəaliyyətinə "Azərbaycan qadını" jurnalı redaksiyasında başlayıb. 1957-ci ildə ilk şeirlər toplusu "Bahar gəlir" adlı kitabı nəşr olunub. 40 illik ədəbi-bədii yaradıcılığı dövründə öz əsərlərini "Xəlil Xəlilov", "Xəlil Xəlilbəyli", "Xəlil Odsevər", "Xəlil Rza", "Xəlil Rza Ulutürk" təxəllüsləri ilə çap etdirib.

80-ci illərin sonlarında xalq azadlıq hərəkatının vüsət aldığı zaman Xəlil Rza bu hərəkata qoşularaq, hər yerdə rus şovinist siyasətini, Dağlıq Qarabağ torpağına təcavüz edən erməni daşnaklarını öz çıxışları ilə ifşa edib. O, "şübhəli şəxs" kimi təqib olunaraq, 1990-cı il yanvarın 26-da keçmiş SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən həbs edilib və Moskvaya - Lefortovo həbsxanasına göndərilib və 10 ay sonra azadlığa buraxılıb.

Xəlil Rza Ulutürk Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə 1986-cı ildə "Əməkdar incəsənət xadimi", 1992-ci ildə isə "xalq şairi" fəxri adına layiq görülüb. O, 1994-cü il iyun ayının 22-də vəfat edib, I Fəxri Xiyabanda dəfn edilib. Azərbaycan xalqının milli mübarizəsində xüsusi xidmətlərinə görə xalq şairi Xəlil Rza Ulutürk (ölümündən sonra - red.) "İstiqlal" ordeni ilə təltif edilib.

Ömür-gün yoldaşı Firəngiz Ulutürk azadlıq şairi ilə bağlı xatirələrindən danışarkən onun fikirlərinin Ulutürk üçün maraqlı olduğunu bildirib:

"Gecə saat ikidə-üçdə qurtarırdı. Məni durğuzurdu ki, dur bu yazdığım şeirə qulaq as. Deyirdim ki, nə qaçaqaçdır, sabah qulaq asaram. Niyə məni yuxudan ayıldırsan? Cavabında deyirdi ki, bəlkə sənin fikrindən sonra başqa cür düzəltdim.

Qulaq asanda kəskin yerlərini məsləhət görürdüm ki, bir az yumşaq formaya salsın. Oxuyan adamda ona qarşı qəzəb oyanmasın. Razılaşmadığım məqamlar da olurdu. Deyirdim ki, bunu belə demək olmaz, meydanda belə danışmaz düz deyil. Marksın və Engelsin həyatından və mübarizə yolundan misallar çəkirdim. O da cavabında deyirdi ki, bura sənin üçün Avropa deyil ee, Azərbaycandır. Vaxt gələcək, bu ideyaları Xəzər dənizinə atacaqlar. Bəyənmədiyim hissəni göstərib deyirdi, ay Firəngiz, bu şeirin elə ən güclü hissəsi budur, bunu çıxarsam, daha nə qaldı, əsas ideya burdadır. Mən də deyirdim ki, o ideyanı yumşaq elə. Çünki qorxurdum ki, başına bir iş gələr".

Qeyd edək ki, xalq şairi 22 iyun 1994-cü il ildə Bakıda vəfat edib

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/592606.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR