Bu evdə soxulcanlar yaşayır - REPORTAJ

Bu evdə soxulcanlar yaşayır - REPORTAJ
13:09 23 Oktyabr 2017
47 Digər
Ölkə mətbuatı
A- A+

Bu günədək hər biriniz uşaq evi, doğum evi, ahıllar evi, çay evi məfhumlarını eşitmisiniz. Amma desək ki, növbəti süjetimizdə soxulcan evi haqqında danışacağıq, təəccüblənəcək və bəlkə də inanmayacaqsınız. O zaman gözünüz və qulağınız bizdə olsun!
 
Soxulcan evi Tərtərin Burunc kəndində fəaliyyət göstərir. Burada Kaliforniya soxulcanı yetişdirilir. Təsərrüfat ilk dəfə 7 il əvvəl fermerlərdən birinin xaricdən gətirdiyi soxulcanlardan əldə olunub. Füzuli Yusibov soxulcanların yetişdirilməsi, yəni onların yemlənməsi və ya başqa quyulara köçürülməsi, köçürüldükdən sonra isə əldə olunan gübrənin kənara daşınması zamanı, sadəcə, ailəsinin köməyindən istifadə edir. Soxulcanların yemlənməsi üçün heyvan peyinindən və çürümüş alaq otlarından istifadə olunur. İsladılmış peyin özlüyündə istilik yaradır. İstiliyin dərəcəsinin artması isə xəstəliklərin və mikrobların ölməsinə səbəb olur. Bundan sonra yanmış peyin təmizləndikdən sonra soxulcanlara verilir: "Torpağın münbitliyinin artırılması üçün ən yaxşı vasitə üzvi gübrələrdir. Üzvi gübrələrin içərisində də biohomos ən qüvvətli vasitədir. Beynəlxalq aləmdə qəbul edilmiş üzvi gübrədir. Bununla bağlı araşdırma apardıq, Şüvəlanda bu işlə məşğul olan insanlarla görüşdük və oradan bir ovuc soxulcan gətirdik. Həmin soxulcanları bəslədik və bir ovuc soxulcandan hazırda bizim təsərrüfatımızda 400 kiloqrama qədər soxulcan  var. Həmin soxulcanların ifrazatı, yəni biohomosdan ildə biz 10 tona qədər istehsal edə bilirik".
 
Soxulcan evində yetişdirilən Kaliforniya soxulcanından əldə olunan üzvi gübrəyə biohomos deyilir. Biohomosdan əsasən kənd təsərrüfatı bitkilərinin becərilməsində istifadə olunur ki, bu da məhsuldarlığın artmasında 50-80 faizə yaxın fərq edir. Biohomosdan əldə olunan məhsul ekoloji təmiz hesab olunur: "Biz bunu əvvəlcə öz təsərrüfatımızda sınaqdan çıxarmışıq. Biohomosla becərilən məhsulların rəngi, dadı, keyfiyyəti yaxşı, saxlanma müddəti uzun olur. Orqanizmlər üçün zərərli maddə onda qalmır. Yəni ekoloji cəhətdən təmiz olur".
 
Əkin sahələrində istifadə etmək üçün 1 hektar torpağa 3-4 ton biohomos, yəni soxulcan peyini verilir. Tərəvəz bitkilərinin becərilməsi zamanı şitil əkilən yuvalara 150-200 qram biohomos tökülür. Evdə gül-çiçək becərənlər isə dibçəklərə tökülən torpağın dörddə bir hissəsinə biohomos qarışdırmalıdır. Ölkə ərazisində belə 3 və ya 4 soxulcan evi var ki, bu da daxili bazarın tələbatını ödəmir. Bu səbəbdən soxulcan peyini xaricdən gətirilir və yerli məhsulla müqayisədə baha qiymətə satılır: "Hazırda biohomosun kiloqramını 35 qəpiyə veririk. Bununla əsasən tərəvəz əkənlər, Göyçay, Ağdaş bu kimi rayonlarda istixanalarla məşğul olan insanlar maraqlanıb sifariş verirlər. Azotdan istifadə etdikdə, məhsulların mənzil başına çatması zamanı itki çox olur. Ona görə də üzvi gübrələrə və biohomosa maraq getdikcə artmaqdadır".
 
Adətən, tüfeyli həyat tərzi keçirənlərə Azərbaycanda soxulcan deyirlər. Amma sən demə, soxulcan çox faydalı qurd imiş...

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/286293

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR