Azərbaycan cüdoçusu: "Finalda erməniyə uduzacağımı təsəvvür belə etmirdim"

Azərbaycan cüdoçusu: "Finalda erməniyə uduzacağımı təsəvvür belə etmirdim"
13:52 23 Oktyabr 2017
59 İdman
Ölkə mətbuatı
A- A+

Xorvatiyanın paytaxtı Zaqrebdə gənclər arasında dünya birinciliyindən qayıdan Azərbaycan cüdoçuları Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərin suallarını cavablandırıblar.

Milli.Az report-a istinadən xəbər verir ki, 73 kq çəki dərəcəsində qızıl medal qazanan Hidayət Heydərov böyülər arasında yarışların gənclərin turnirindən fərqləndiyini söyləyib. Onun sözlərinə görə, böyüklər başqa tempdə güləşirlər: "Hər iki yarışda məqsəd çempionluq idi. Düzdür, böyüklərdə cüzi səhvlərə görə alınmadı. Amma gənclər arasında çempion oldum. Digər görüşlərdə də rəqiblərimi üstələdim. Ən çətin görüşüm ilk cəhddəcə yaponiyalı cüdoçu ilə oldu. Cüdonun şahı yaponlardır. Bu, elə görüş idi ki, uduzsam, mübarizəni dayandırır və medalsız qalırdım. Qalib gələn davam edəcəkdi. Nəticədə qalib oldum. Gürcü ilə yarımfinal döyüşüm də çətin alındı. Son görüşümdə isə türkiyəli rəqibimi yendim. Bu il böyüklər arasında da Avropa çempionu olmuşdum. Artıq deyə bilərəm ki, 73 kq çəkidə ən güclülərdən biri mən olacağam".

Daha bir qızıl medalçı, 100 kq çəki dərəcində mübarizə aparan Zelim Kotsoyev yaxşı çıxış etdikləri üçün sevindiyini ifadə edib. O, finalda Rusiyanı təmsil edən erməni əsilli Armen Adamyanı məğlub etməsindən söz açıb: "Yaxşı hazırlaşmışdıq, nəticə də yaxşıdır. Məşqçilərimizə, həkimlərə və federasiyamıza minnətdarlığımı bildirirəm. Təlim-məşq toplanışlarına getməyə şərait yaradırlar və nailiyyətlərimizi get-gedə artırırıq. Final görüşü çətin idi, lakin mən çox səy göstərdim. Bu, prinsipial görüş idi, uduzmaq olmazdı. Çıxdım və qalib gəldim. Erməniyə uduzacağımı təsəvvür belə etmirdim. Yalnız qələbə üçün çıxmışdım. Avropa çempionatının finalında da bu rəqiblə qarşılaşmış və qalib gəlmişdim. Adamyan bu dəfə revanş götürmək istəyirdi. Yaxşı kökləndim və qələbə qazandım. Komandamıza "çox sağ ol" deyirəm".

Qızların mübarizəsində bürünc medal əldə edən Nəzakət Əzizova isə bildirib ki, Avropa çempionatında əsas məqsədi finala çıxmaqdan ibarət olub. 52 kq çəki dərəcəsində yarışan idmançı yarımfinalda yaponiyalı rəqibinə öz səhvindən uduzduğunu söyləyib: "Onu uda bilərdim. Yenə də, sevinirəm ki, 3-cü yeri tutdum. Çox əzmkarlıq etdim. İlk görüşüm və yaponiyalı ilə qarşılaşmam ən çətin oldu. Əslində ilk rəqibimi dünya çempionatında daha erkən məğlub etmişdim. Bu dəfə bir az çətinlik oldu. Qarşıdan Avropa çempionatı gəlir. İki gün sonra isə Abu Dabiyə "Böyük Dəbilqə" turnirinə gedəcəyəm. Əziyyəti olan bütün müəllimlərə və federasiya əməkdaşlarıma təşəkkürümü bildirirəm".

Qeyd edək ki, 83 ölkədən 590 idmançının mübarizə apardığı dünya birinciliyində Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) qızıl, Natiq Qurbanlı (55 kq) ilə Kəramət Hüseynov (60 kq) gümüş, Nəzakət Əzizova (52 kq) bürünc medal qazanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/592869.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR