Hələ həmsədrləri belə tənqid edən olmamışdı - Hazırlıqsız görüşlər təhlükə yaradır

Hələ həmsədrləri belə tənqid edən olmamışdı - Hazırlıqsız görüşlər təhlükə yaradır
07:05 24 Oktyabr 2017
81 Ölkə
Ölkə mətbuatı
A- A+

ATƏT-in Minsk qrupunun həmsədrləri elə bil qəsdən Azərbaycan və Ermənistan prezidentləri arasında nəticəsiz görüşlər, danışıqlar təşkil edirlər ki, tərəflər məcbur qalıb bir-biri ilə hərbi qarşıdurmaya getsinlər.

Bunu Milli.Az-a beynəlxalq məsələlər üzrə ekspert, "Cənubi Qafqaz politoloqlar klubu"nun rəhbəri İlqar Vəlizadə Azərbaycan prezidenti İlham Əliyevin ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə oktyabrın 16-da İsveçrənin Cenevrə şəhərində Ermənistan prezidenti Serj Sarkisyanla görüşünün nəticələrini şərh edərkən deyib.

Politoloq bu görüşu 2015-ci ilin dekabrın 19-da İsveçrənin digər şəhərində - paytaxt Berndə baş verən görüşlə müqayisə edib: "O vaxt həmsədrlər tərəfindən təşkil edilən görüşdə heç bir nəticə əldə olunmamışdı. O zaman həmsədrlər açıq etiraf etdilər ki, əsas məqsədləri o idi ki, sadəcə prezidentlər görüşsünlər və problemləri özləri müzakirə eləsinlər. Bununla da onlar öz missiyalarını bitmiş hesab etdilər. Amma açıq şəkildə görünürdü ki, bu hazırlanmamış, çiy görüş olmuşdu. Əslində, bu cür yanaşma əks nəticə də verə bilərdi, lakin onlar bu barədə fikirləşmirlər. Amma çox nahaq yerə fikirləşmirlər.

Ümumiyyətlə, Minsk qrupunun bu cür yanaşması ciddi səhvlərdən irəli gəlir. Bunlar hələ də anlamırlar ki, təkcə belə görüşləri təşkil etməklə əks nəticə də görə bilərlər. Çünki belə hazırlıqsız görüşlər vəziyyəti daha da mürəkkəbləşdirir. Biz bilirik ki, 2 il əvvəlki görüşdə fikir ayrılığı baş vermişdi. Sonda da Sarkisyan çox qeyri-diplomatik, hətta qeyri-etik tərzdə açıqlama vermişdi. Bu da həmin görüşün üstündən xətt çəkdi. Üstündən 4 ay yarım sonra isə cəbhədə məlum hadisələr, böyük hərbi əməliyyatlar baş verdi. Buna baxmayaraq, yenə də eyni cür görüş təşkil etdilər. Elə bil, bunlar münaqişənin həllini yox, məhz müharibə istəyirlər. Elə bil qəsdən nəticəsiz danışıqlar təşkil edirlər ki, tərəflər bir-biri ilə hərbi qarşıdurmaya getsinlər".

Azərbaycan və Ermənistan prezidentləri razılığa gəldilər - RƏSMİ BƏYANAT

Onun sözlərinə görə, prezidentlərin Cenevrə görüşünə müəyyən ümidlər vardı, lakin həmsədrlərin yanaşması göstərdi ki, hər şey hədər imiş: "Cenevrə görüşündən əvvəl müəyyən canlanma müşahidə olunurdu, vasitəçilər tərəfindən müxtəlif vədlər də verilirdi. Azərbaycan və Ermənistanın xarici işlər nazirləri BMT baş Assamleyasının sessiyası çərçivəsində Nyu-Yorkda görüşüb görüşün gündəliyini tərtib elədilər. Görüşdə isə bütün məsələlər müzakirə olunub. Son hadisələr də göstərir ki, Azərbaycan tərəfi heç vaxt onu maraqlandırmayan məsələlərlə bağlı müzakirələrə getmir. Azərbaycanı da maraqlandıran məsələlər aydındır ki, ilk növbədə işğal edilmiş torpaqların azad edilməsi, məcburi köçkünlərin evlərinə qayıtmasıdır. Erməniləri isə əsasən, təhlükəsizliklə və Dağlıq Qarabağın statusu ilə bağlı məsələlər maraqlandırır. Təhlükəsizlik və sabitliyə gəlincə, Azərbaycan da istəyir ki, cəbhə xəttində sakitlik yaransın, bu da tədricən torpaqların azad edilməsinə və qaçqınların evlərinə qayıtmasına təhlükəsizlik baxımından bir zəmanət olsun. Ona görə də Azərbaycanın cəbhədə vəziyyəti qəsdən gərginləşdirməsi haqda fikirlər səhv düşüncədir. Azərbaycan sabitliyin və sülhün yaranmasında maraqlıdır, sadəcə mərhələli şəkildə. Əvvəlcə sabit vəziyyət yaranmalıdır, sonra Ermənistan ordusu işğal etdikləri əraziləri tərk etməlidir, sonra da məcburi köçkünlər doğma yerlərinə qayıtmalıdır. Azərbaycan əslində bu cür ardıcıllıqla sülhə razıdır.

Lakin Cenevrə görüşündən sonra Sarkisyanın açıqlaması ilk növbədə həmsədrləri pis vəziyyətdə qoyur. Çünki belə açıqlamalar göstərir ki, o, sanki oyun oynayır. Əslində, həmsədrlər Sarkisyan kimi adamları təlimatlandırmalıdırlar ki, bu danışıqlar prosesidir və proses bitməmiş çiy açıqlamalar vermək düzgün deyil. Bu bir daha kimin haqlı, kimin haqsız olduğunu, kimin sülh istədiyini göstərir. Doğrudan da, Azərbaycan bu vaxta qədər vəziyyəti gərginləşdirə bilən hər hansı addımlar atmayıb. Biz hələ də fikirləşirik ki, Dağlıq Qarabağ problemini danışıqlar yolu ilə həll etmək olar. Amma bunda Minsk qrupunun həmsədrlərinin də real rolu olmalıdır. Axı onlar hansısa toy və şənlik mərasiminin təşkilatçıları deyillər ki, əsas məqsədləri masaları düzmək və iştirakçıları otuzdurmaq olsun. Onların əsas işi sülh prosesini məhsuldar etmək olmalıdır. Proses hansısa konkret nəticələr verməlidir. Belə laqeyd yanaşma isə göstərir ki, Minsk qrupundakılar çörəyi hədər yeyir. Onlar hələ də real vəziyyəti dərk eləmirlər, başa düşmürlər ki, kimləri və nəyə görə görüşdürürlər. Axı ən azından hər iki prezident Nyu-Yorkda çıxış etmişdi və hər ikisi də ortaya öz mövqelərini qoymuşdular. Heç olmasa həmin çıxışların stenoqramlarını oxuyardılar və danışıqlar prosesinin bu mərhələsini modelləşdirərdilər. Onu da edə bilmədilər.

Nəticədə, Sarkisyan növbəti dəfə hər şeyi heçə endirən bəyanat verdi, növbəti dəfə məyus olduq, cəbhə xəttində vəziyyət gərginləşdi".  



"Sarkisyan danışıqlar zamanı əldə olunan razılaşmanı pozmağı özünə şərəf sayır"



Ekspert qeyd edib ki, təəssüf ki, bu görüşdən sonra yenə də aprel hadisələrinə bənzər hadisələrin təkrarlanması gözlənilir: "Prezident İlham Əliyev də bildirmişdi ki, əgər belə yanaşma davam etsə, aprel hadisələrinə bənzər hadisələr təkrarlana bilər. Çünki müşahidələr göstərir ki, heç nə dəyişilmir. Danışıqlar prosesi sürətlənməli idi, amma bunu görmürük, bunu ifadə edən heç bir açıqlama yoxdur. Əslində görüşdən 2-3 gün sonra danışıqlar prosesinin yeni elementlərini görə bilərdik, amma üstündən bir həftə keçib, heç nə yoxdur. Növbəti görüşlər, onların mahiyyəti, substantiv danışıqların nəticəsinin olub-olmayacağı barədə isə ümumiyyətlə danışılmır. Belə vəziyyətdə bu cür görüşlərin keçirilməsindənsə, keçirilməməsi daha məqsədəuyğundur.

Əlavə edim ki, Sarkisyan prezidentlik kürsüsündə yarım il də oturandan sonra gedə bilər. Amma onun rəhbərlik etdiyi partiya yenə də hakimiyyətdə qalır. Çox güman ki, yenə də hakim partiyanın nümayəndəsi prezident olacaq. Baş nazir Karen Karapetyan da eyni partiyanın rəhbərliyində təmsil olunur. Ola bilər ki, Sarkisyan Baş nazir olsun. Amma bütün hallarda eyni partiya, eyni qrup iqtidarda olacaq. Ona görə də Sarkisyanın getməsi və başqa birinin hakimiyyətə gəlişi ilə vəziyyətin dəyişəcəyini gözləmək də absurddur. Bu vaxta qədər o qədər mənfi baza yaradıblar ki, onun nəticələrini aradan qaldırmaq üçün həddən çox işlər görmək lazımdır ki, o da real görünmür".



İ.Vəlizadə hesab edir ki, işğalçıya real təzyiqlər olmasa, bu cür danışıqlar heç bir nəticə verməyəcək: "Cenevrədəki görüşdə vəziyyəti dəyişdirməyə doğru müəyyən addımlar atıla bilərdi, amma yenə də atılmadı. Ona görə də indiki halda danışıqlardan hansısa nəticə gözləmək düzgün olmazdı. Məsələ ondadır ki, heç kim Ermənistana təzyiq göstərmir. Tutaq ki, Sarkisyan belədir, Ermənistan iqtidarı belədir, amma belə vasitəçilik, belə laqeyd yanaşma, danışıqların belə quruluşu heç bir müsbət nəticə vəd etmir. Elə bil deyirlər ki, gəlin də, söhbət edin, görün nə alınır... Dünya təcrübəsində heç vaxt belə moderatorluq olmayıb. Ən azından danışıqlar sistemi dəyişməlidir. Axı artıq nəticələr olmalı idi. Prezidentlər nə qədər görüşəcəklər? Bu cür görüşlər nəticə verməyəcək. Formatı, yanaşmaları dəyişmək lazımdır. İşğalçıya təzyiq olmadan danışıqlar heç nə əldə etmək olmaz".

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/593054.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR