Kamilə Babayeva: “Mən kiməm ki...” - MÜSAHİBƏ

Kamilə Babayeva: “Mən kiməm ki...” - MÜSAHİBƏ
15:53 24 Oktyabr 2017
232 Şou
Ölkə mətbuatı
A- A+

İki ildir ekranda fərqli formatı və qonaqları ilə yaddaqalan “5-ci element” proqramı üçüncü mövsümünə hazırlaşır. Tədbirlərin birində verilişin aparıcısı Kamilə Babayevanı söhbətə tutub, komandaya yeni daxil olacaq dördüncü aparıcının adını öyrənmək istəyirik. Bu məqsədlə yanaşdığımız Kamilə Babayevanının suallarımıza necə cavab verib və necə ustalıqla söhbətdən yayındığına özünüz şahidlik edin.

Beləliklə, Kamilə Babayevanın Publika.az-a müsahibəsi:

- Bu mövsüm sizi “5-ci element”lə bərabər serial və ya filmlərdə görə biləcəyik?

- Heç nə etmək istəmirəm. Ancaq “5-ci element” proqramındayam. Üçüncü mövsüm zarafat deyil. İkinci mövsüm elə idi ki, bitirsək də, özümüzü pis hiss etməyəcəkdik. Fikirləşəcəkdik ki, “Əşşi, bir mövsüm idi bitdi, vəssalam”. Əgər sən üç il arxa-arxaya eyni proyekti dörd aparıcı ilə bir araya gətirirsənsə və bunun keyfiyyətini də qoruyub, saxlamağa bacarırsansa, deməli ortada bir uğur var. Mənə elə gəlir ki, bu mövsüm daha fərqli olacaq.

- Bizdə olan məlumata görə, Fariz İlyasovu dəyişiblər və yerinə yeni aparıcı gəlib. Onu kim əvəz edəcək?

- Farizi dəyişiblər deyəndə ki, onu biz dəyişmədik. O, ifaçılıq kariyerasına başlamaq istəyirdi. Bunu həmişə özündə görürdü. Bir il ərzində oxuyurdu, rəqs edirdi. Onun ifaçılığa meyli daha çox idi. Yüz faiz aparıcılığa da davam edəcək. Biz də torpaq ünsürsüz, verilişsiz qalmayacaqdıq ki? Özümüzə yeni torpaq tapdıq.

- Yeni torpaq ünsürünüz kimdir?

- İndi mən onun sirrini açsam, bir növ torpaq ünsürünə qarşı, bir də ki, bizim su ünsürü – Ranara qarşı yaxşı hərəkət olmaz. Onsuzda ona bütün günü düşünçək üçün bir şey lazımdır. İnan ki, tək mənim gizlədiyim bir şey olsa, onu sizə deyərdim. Tək mənim deyil deyə, açıqlaya bilmirəm. Amma elə istəyirəm deyim (gülür).

- Tanıdığımız aparıcıdır, yoxsa yeni biridir?

- Tanıdığımız biridir…

- Yeni mövsümə nə vaxt start verirsiniz?

- Gözləyirik ki, “Maşın” şou bitsin. Çünki, bütün insanların fikri, zikri, marağı “Maşın”ın üzərindədir.

- Yeni mövsümdə format və ya studiya dəyişikliyi var?

- Komandamız genişlənib. Yeni art rejissorumuz gəlib. Kiçik dəyişikliklər olacaq. Fikirləşirəm ki, bu dəyişikliklər proqramımıza rəng, dad qatacaq. Dekorlar isə yerində qalır. Çünki formatımız elədir ki, biz sağdan sola, soldan sağa otursaq da eyni şeydir. Studiya böyük olsa, oraya tamaşaçı auditoriyası lazımdır. O da bizim formata uyğun deyil. Oraya elə qonaq gəlir ki, tamaşaçı ilə vəhdət yaratmaq mümkün olmur. Bir az səhnələrimiz daha rəngli, daha musiqili olacaq.

- Tikanlı sözləriniz kiçik dəyişikliklərinizin arasında deyil ki?

- Yox, o heç yerə gedən deyil. Orada ən tikansız və gur özüm danışıram. Ən tikanlı Ranardır, onun da nə tikanı varsa, üstündədir (gülür).

- İndiyədək olan qonaqlardan ən xoş təsir bağışlayanı kimdir?

- Bu beş barmaq və beş övlad məsələsinə bənzəyir. Başa düşürəm bir az primitivdir. Amma onlar bizim övladımızdır. Elə qonaqlar var ki, xoşuma gəlməyib. Ancaq onu açıqlamaq etik olmaz. Yadımda daha çox xoşa gəlməyənlər qalıb.

- Övlad demişkən niyə Natellanın üzünü mediadan gizlədirsiniz?

- Bilirsiniz elə bir məxfi sirrim də yoxdur ki, deyəm bu səbəbə görə övladımı üzünü gizlədirəm. Mənə elə gəlir ki, onun həmin fotolarını paylaşmaqla doğru etmərəm. Özü böyüsün, ağlı başına gəlsin, istəyəndə paylaşar. Müəyyən mənada hesab edirəm ki, onun şəxsi məsələsinə müdaxilə etmiş oluram. Bir də gördünüz iki-üç il sonra elə fotoları olacaq xoşuma gələcək və bu gün danışdığım fikirlərə zidd olaraq həmin şəkilləri paylaşacam.

- Mənfi rəylərin gəlməsindən qorxursunuz?

- Onu heç düşünmürəm. Əslində uzun illər bundan əvvəl saytların birində rəyləri oxuyurdum. Yanımda çox sevdiyim bir dostum var idi. O, rəy oxumağımı görəndə mənə dedi ki, “Ayıb deyil? Heç səndən gözləməzdim. Sən rəy oxuyursan?”. Mən utandım, özümü birtəhər hiss etdim. “Yox, maraqlı gəldi” deyib, söhbəti yayındırmağa çalışdım. O vaxtdan bəri rəy oxumuram.

- Öz səhifənizdə cavab yazırsınız axı…

- Öz səhifəmdə yazılanları oxuyuram. Neqativ rəy görən kimi onu silirəm. Düzdür, o rəylər çox az olur. Ancaq yenə də xoşum gəlmir ki, səhifəmdə elə rəylər olsun. Qara siyahıya isə atmıram, çünki, ona layiq adamlar olmur. Dediyim kimi, qızımın fotosunu paylaşmamağımın səbəbi rəylər deyil.

- Bəlkə fikirləşirsiniz uşağa nəzər dəyər?

- Yox, qətiyyən. Ətrafa baxırsan ki, şəhərdə sarışın, alagöz elə gözəl uşaqlar var. Bizimki nədir ki, adi qaraşın qızdır. Bir dəfə çəkdim, ikinci fotonu da elə qoydum. Sonra bu adət halını aldı, vərdişə çevrildi. Artıq o, özü də mənə maraqsız gəlir. Kiminsə səhifəsində elə foto görəndə əsəb keçirirəm. Onu da etməyəcəm. Bəlkə elə sabah yaxşı bir fotosu oldu və səhifəmdə yerləşdirdim. Mən kiməm ki, kiminsə uşağıma gözü dəysin? O boyda millətin uşaqları var, bizimki övladdır, onlarınkı deyil? Yox, ayıb olar…

- Xaricdə məşhurların övladlarının fotosunu eksklüziv yayımlamaq üçün bəzi media orqanları onlara pul təklif edirlər. Bizdə belə bir şey olsa, təklifə “hə” deyərsiniz?

- Bilirsiniz, məbləğ elə bir qiymət olacaq ki, ana deyəcək “Gəlin elə havayı çəkin. O pula dəyməz” (gülür).

Pərviz Hüseyn


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/218184.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR