ABŞ istehsalçısı uşaqlar üçün 65 düymlü planşet təqdim edib

ABŞ istehsalçısı uşaqlar üçün 65 düymlü planşet təqdim edib
14:06 9 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

ABŞ-ın "Fuhu" şirkəti Las-Veqasda keçirilən "Consumer Electronics Show 2015" (CES) istehlak elektronikası sərgisində "Android" mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən ən gənc qurğu istifadəçiləri üçün 65 düym diaqonallı (165,1sm) planşet kompüter nümayiş etdirib.   
 
"Fuhu Nabi Big Tab XL" adlanan qurğu xarici görünüşünə görə televizoru, funksionallığına görə planşeti xatırladır.
 
"Fuhu" 65 düym diaqonalı böyük hesab edənlər üçün televizor ölçüsündə (32, 43 və 55 düym) olan modellər təklif edir. Lakin sərgidə şirkət yalnız 65 və 55 düymlü planşetlər nümayiş etdirib.
 
Planşetlərin ekranlarının təsvir ölçüsü modellərdən asılı olaraq dəyişir. Belə ki, böyükölçülü modellər "UHD" (4K), daha kompaktlar 1080p (Full HD) formatlı təsvir ölçüsünə malikdir. Prosessorların gücü də böyükölçülü və kiçikölçülü modellər üzrə dəyişir. Nisbətən kiçik qurğular 2,3 giqahers takt tezlikli 4 nüvəli "Nvidia Tegra K1" prosessoru və 2 giqabayt tutumlu operativ yaddaş, daha böyük modellər "Nvidia Tegra X1" prosessoru və 4 giqabaytlıq yaddaş ilə təchiz edilib. Lakin onların hamısını "Android 5.0" əməliyyat sistemi və uşaq və valideynlər üçün ayrıca rejimlərə malik "Blue Morpho" interfeysi birləşdirir.
 
Ötən il "CES" sərgisində təqdim olunan 24 düymlü "Big Tab" planşetindən fərqli olaraq "Big Tab XL" modeli nəhəng qurğudan tam televiziya paneli kimi istifadəyə imkan verən "HDMI" çıxışları ilə təchiz edilib.
 
65 düymlü "Big Tab XL" planşetinin qiyməti 4 min dollar, 55 düymlü modelin 2499 dollar təşkil edir, - "Hi-News" yazır. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR