“Böyrək daşı gözləyirdi, uşaq düşdü” - PEŞƏ ADAMININ BİR GÜNÜ

“Böyrək daşı gözləyirdi, uşaq düşdü” - PEŞƏ ADAMININ BİR GÜNÜ
14:09 9 Yanvar 2015
374 Sosial
Ölkə mətbuatı
A- A+

Və ya doktor Cəbrayılovu niyə döydülər?

Şəhərin mərkəzindəyik. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Mərkəzi Dispetçer Xidmətində.

 

 

Yataqxanada yaşayan 70 yaşlı Sevil xanımın halı qəfil dəyişib. Bu barədə qızı ağlaya-ağlaya 103 xidmətinə məlumat verir.

 

 

Telefonda isə Yelena Karasandidir. 97 nömrəli dispetçer. 15 ildən çoxdu xidmətdə çalışır. Təcrübəsinin çox olmağındandır ki, təmkinlə qızı dinləyir. Xəttin digər ucundakı şəxs ağladığı üçün informasiyanı dəqiq verə bilmir. Yelena dalbadal bir neçə sual verir və monitordakı “qəbul edildi” düyməsini basır.

 

Saat 12:00-da informasiya ötürülür digər kompüterə. Məlumatın ötürülməsi və çağırılan ünvana təcili yardım maşınının göndərilməsi cəmi 3 dəqiqə çəkir. Saat 12:03-də Hövsana maşın göndərildiyi haqqında dispetçerə məlumat göndərilir.

 

Yan otaqda kompüter arxasında 16 xanım əyləşib. Dispetçerlər dəqiq məlumatı ərazilər üzrə yarımstansiyalar - səyyar həkimlərə ötürür.

 

 

 

Niyə dəqiq dedik? Çünki 103 xidmətinə gün ərzində gələn minə yaxın zəngdən 200-300 həqiqətən Təcili Yardım Stansiyasının xidmətlərinə aid olur. Gələn zənglərin içində qazı, suyu kəsilənlərin də şikayətləri kifayət qədərdir.  

 

 

 

Tamilla xanım Səfərova deyir ki, bu xidmətdə işləmək üçün minimum tibi biliklər, ondan da vacib səbirli olmaq lazımdır. Çünki xidmətə zəng edənlərin əksəriyyəti xəstə, yaxud xəstə yaxınlarıdır. Onlar da gərgin və kəmhövsələ olurlar. Üstəlik də yaşadıqları yerin ünvanını dəqiq demirlər. Ünvan demişkən, işçilərdən tələb olunan şərtlərdən ən əsası elə ünvanları dəqiq bilməkdir. Necə deyərlər, gərək şəhər adamı olasan.

 

 

- Yadıma gəlir, bizdə bir qız işləyirdi. 7-ci mikrorayonu tanımırdı. Görürəm, telefonda girinc qalıb ki, küçənin adını deyin. Qıza deyirəm ki, incitmə o adamı, orada küçə yoxdu. Cəmisi bir küçə var, o da “Xarici dairəvi”. Mən özüm orda yaşadığım üçün bilirdim.

 

Tamilla xanımgilin işi təcili yardımın ünvana vaxtında gedib çatmasını təmin etməkdir. Daha doğrusu, həkimlə xəstəni qovuşdurmaq. Operatorların qarşısında 2 monitor var. Birində zənglərin qəbulu, digərində isə yolların xəritəsi var. Ünvana gedən təcili yardım maşınları yaşıl oxla işarələnib. Hazırda “Tufan 2”nin çağırışda olduğu görünür. Hər bir maşında həkimin planşeti var. Onlayn məlumat ötürülməsi üçün. Xətlər məşğul olanda, yaxud şəbəkədə problem olarsa, birbaşa əlaqə saxlamaq üçün ratsiyadan istifadə edirlər. Aralarındakı çağrı isə “Tufan”dı. Hər yarımstansiyanın isə öz çağrısı var. 

 

 

Operator axşamlar zənglərin daha çox olduğunu deyir.

 

- Axşam 6-dan sonra zənglər çoxalır. Elə olur ki, həkim çatdıra bilmirik. Bu zaman bizdən asılı olmadan gecikmələr yaranır. Xəstə yaxınları belə olan halda həkimlərə hücum da edirlər. Zənglərin əksəriyyəti ürək xəstəlikləri ilə bağlı olur. Əvvəllər əlli yaşdan yuxarı insanlar bu xəstəlikdən əziyyət çəksələr də, indi hətta 23 yaşındakı gənc də ürəyindən şikayət edir. Əsasən də kişilər.

 

 

 

Bayram ərəfəsində olmuş çağırışlar barədə danışırdıq. Sən demə, bayramda qidadan zəhərlənənlərin də sayı az olmayıb. Bir də böyüklərin nəzarətindən uzaq qalan uşaqlar. Pirotexniki vasitələrlə əlini - üzünü yandıran kim, gözünü zədələyən kim?

 

 

Sovet vaxtında yalançı zənglər çox olsa da, indi zəng edənlərin nömrəsi təyin edildiyindən, yalançı zənglərin sayı kəskin azalıb. Gün ərzində bir, ya iki. Həftə ərzində zənglərin sayında fərq hiss olunmasa da, yaya nisbətən qışda daha çox olur çağırışlar. Dispetçerlərin iş prinsipi isə belədir: bu gün səhər 9-dan işə çıxan operator 12 saat işləyəndən sonra bir də sabah axşam 9-dan səhər 9-a qədər işləyir. Bir də 2 günlük istirahətdən sonra eyni rejimlə işə davam edir.

 

 

Tamilla xanım növbəti zəngi qəbul edir. Biz isə mövzunun davamı olaraq, 8 saylı yarımstansiyaya yollanırıq.

 

 

 

Alim həkim saçını təcili yardımda ağardıb. 82-ci ildə Tibb Universitetini bitirib Mingəçevir Mərkəzi Xəstəxanasında intern keçəndən sonra Təcili Yardım Xidmətində səyyar həkim kimi işə başlayıb. 87-ci ildən sonra ailə vəziyyəti ilə Bakıya qayıdıb. Artıq 32 ildir ki, bu xidmətdə çalışır.

 

 

Təcili Yardımı səhiyyənin ön cəbhəsi adlandırır. Deyir, burda işləmək üçün həkim gərək hər şeyi bilsin. Hər adam təcili yardımda işləyə bilməz.

 

- Döyülən də, söyülən də, tərif edilən də biz oluruq. “Cərimə”lər də ən çox bizə verilir. Məsələn, biz özümüz də Təcili Yardım çağırsaq, yanımızda xəstəmiz əziyyət çəksə, o bir dəqiqə bir saata tay olacaq. Ona görə də xəstə yaxınlarını da başa düşmək lazımdı.

 

8 saylı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında 6 həkim briqadası, 6 sanitar maşın xidmət göstərir. Bir də yeni doğulmuş körpələrin bir yerdən başqa yerə köçürülməsi üçün xüsusi maşın. Çağırış olarsa, Uşaq Anestioloji - Reanimotoliji Briqadası (ARB) bu maşından istifadə edir. ARB-nin böyüklər üçün də xidmət göstərən briqadası var. Digər səyyar briqadalarından fərqlənir. Sanitar maşınlar “Mercedes - Benz Vita”dı, bunlar isə “Mercedes - Benz Splinter”. Müəyyən qədər üstün cəhətləri də var. Məsələn, xüsusi tənəffüs aparatı.

 

Həkimi görmüşkən özümüzün də dəfələrlə rastlaşdığımız məsələni soruşuruq. Həkimin evə ayaqqabıyla girməsi çox zaman ev yiyəsində qəzəb oyadır.

 

- Qaydaya görə təcili çağırılmış həkim ayaqqabısını soyunmamalıdır. Amma biz də insanıq. Baxırıq vəziyyətə. Mən adətən soyunuram. Amma bəzən vəziyyət elə olur ki, saniyələr belə önəmli olur. Bu zaman həkim ayaqqabısını soyunmaqda ləngisə, bu dəfə ev yiyəsi ləngidiyi üçün qəzəblənəcək.

 

 

 

Deyir, Fövqəladə Hallar Nazirliyi yaranandan  onların işi nisbətən asanlaşıb. Yoxsa, evində açıq qalmış nəfəsliyi bağlamaq üçün də Təcili Yardıma zəng edirlərmiş.

 

 

- Bu nədir ki? İki bacı vardı. Kimsələri yoxuydu. Təcili yardım çağırmışdılar. Getdik ki, bacısı “kravat”dan yerə düşüb, qaldırmağımızı istəyirlər. Çağırışdan imtina etmək səlahiyyətimiz yoxdu. 103 xidmətinə çağırış daxil olubsa, həkim çağırışı qəbul edib, getməlidir. Ancaq çağırışın Təcili Yardımın xidmətlərinə aid olub - olmaması yerində həll olunur. Hər bir xəstənin evində 40- 45 dəqiqə ləngiyə bilərik. Xəstənin vəziyyətində irəliləyiş olmursa, ARB çağırıb, məlumat verib xəstəni onlara təhvil veririk.

 

 

Səyyar həkim tibbin bütün sahələrini, əlavə də psixologiyanı bilməlidir. Yoxsa...

 

- Bir dəfə çağırış gəldi, getdik. Xəstəyə baxanda kimi gördüm ki, rəhmətə gedib. Amma xəstənin öldüyünü yaxınlarına birbaşa demək olmaz. Gərgin, psixoloji vəziyyət yaranıb. Xəstə yaxınları ümid edirlər ki, sağalacaq. Burda bircə çıxış yolu var. Otaqda ağsaqqallardan bir-iki nəfər saxlayıb, qalanlarını çıxardırsan. Başa salıram ki, bu rəhmətə gedib, amma kimsəyə bir söz deməsinlər. Sonradan yavaş-yavaş demək lazımdı. Yoxsa, qəfil “ölüb” deyəndə, həkimə hücum edirlər, vurub maşının şüşəsini sındırırlar. Nəysə, həmin çağırışı meyit kimi təsdiqləyib işə qayıtdım. Təkrar ora bir də çağırış oldu. Bu dəfə doktor Cəbrayılov getdi. Ona dedik ki, orda xəstə ölüb. Xəstə yaxınları mənə inanmayıb ikinci həkimi çağırıblar. Xüsusi ilə cavan adam olanda inanmırlar ölümə. Qəbul etmək istəmirlər, təkrar bir də çağırış verirlər. Cəbrayılov içəri girən kimi deyir ki, sizin xəstə bir saat bundan əvvəl ölüb ki... Tarap, salırlar onu şillə-təpiyin altına. Ona görə də deyirəm ki, qəfil demək olmaz.

 

 

Əgər 5-6 il əvvəl Təcili Yardım maşınları tıxacda qalırdısa, son illər bu problemlərlə qarşılaşmırlar.

- Əvvəllər vəziyyət çox pis idi. İstər siqnalla, səs gücləndiricini qoy, xeyri yoxuydu. Sağı boş olsa da, çəkmirdilər. İndi imkan varsa, mütləq yol verirlər.

 

Çətinlikləri bəzi binaların qarşısında qoyulmuş məhdudiyyətlərdi. Bu zaman Təcili Yardım maşını binaya yaxınlaşa bilmir.

 

Çağırışa vaxtında çatmaq həm də düzgün seçilmiş marşrutdan asılıdır. Həkim də, sürücü də ərazini yaxşı tanımalıdır. Tıxac çox olan və alternativ yolları. Məsləhətli seçməlidirlər marşrutu.

 

Təcili Yardıma gəlmiş həkimlərin xəstəyə vurduqları dərmanları özləri ilə apardıqları ilə bağlı xəstə yaxınlarının şikayətini də az eşitməmişik. Alim həkim deyir ki, səyyar həkimin vurduğu inyeksiyalar və şprislərin heç biri xəstənin yanında qalmamalıdır.

 

- Şprislər stansiyaya gərilir və zərərsizləşdirilir. Həkim çağırış yerində xəstəyə göstərdiyi yardımı xəbərdarlıq vərəqində qeyd edir. Çağırış saat neçədə olub, həkimin və orta tibb işçisinin adı, yerinə yetirilən inyeksiyalar.

 

 

 

Yuxarıda dediyimiz səyyar həkimlər tibbin bütün sahələrini bilməlidirlər. Çünki onlar bəzən doğuş da qəbul etmək məcburiyyətində qalırlar. Yol uzaq, vaxt az. Körpə isə gözləmək istəmir. Bu zaman qolları çırmayıb, körpənin gəlişini gözləmək qalır. Lap bizim həkim kimi.

 

 

- Çağırış gəlmişdi ki, hamilə qadın özünü yaxşı hiss eləmir. Getdik ki, nə? Qadın doğur. Beşinci mərtəbədə olurdular. Köməkləşib qadını qaldırdıq ki, xəstəxanaya aparaq. Qadının ağzında qadın qışqırdı ki, doğuram. Evə aparmağa imkan olmadı. Yerə adyal saldıq, evinin qapısının ağzında, blokdaca qadın doğdu.

 

Beləcə, o, peşə fəaliyyəti dövründə 4-5 dəfə doğum qəbul edib. Hətta bir dəfə böyrək daşı gözləyərkən uşaq gəlib. Necə? Necəsini həkim özü danışır.

 

- İki qardaşın bir bacısıydı. Məktəbdə oxuyurdu. Getdik ki, qızın ayaqları şişib. Dedi, böyrəklərim işləmir. Məsləhət gördüm, Uşaq Uroloji Xəstəxanasına aparsınlar. Qız durub getdi, ayaqyoluna. Birdən qışqırmağa başladı: “Ay doktor, düşdü! Ay doktor. Kömək eləyin!”. Nə düşdü, nə düşdü?! Uşaq. Sən demə, məktəbin direktoru qızı bədbəxt eləyib. Qardaşlarının qorxusundan, elə ustalıqla hamiləliyini gizlətmişdisə, mən də başa düşməmişəm. Uşağı bələdik, qardaşları basıb qızı döydülər. Aləm qarışdı bir-birinə, polis gəldi.

 

 

Müharibə vaxtı isə onların işi yaralı əsgərlərin daşınmasından ibarət olub.

 

- Vertolyotla yaralı əsgərlər cəbhə bölgəsindən Bibi Heybətdəki boş əraziyə, bir də Zabrat aeroportuna gətirilirdi. Bir də qatarla Biləcəriyə. Biz oradan xəstələri qəbul edir və xəstəxanalara çatdırırdıq.

 

Xərçəng xəstələrindən, xüsusən də bu xəstəlikdən əziyyət çəkən gənc qadınlardan danışanda üzündə əzab hiss olunur. Eyni müharibə illərindən danışdığı kimi.

 

 

- Yetmiş yaşında qadına nə etmək olar? Həyatını yaşayıb, görəcəyini görüb. 37 yaşında qadındı, döş vəzisinin xərçəngidir. Xəstəlik metastaz verib. Ölür. On yeddi yaşında qızı üzümə baxır. Diliylə deməsə də, anasına kömək etməyimi istəyir. Mənimsə, əlimdən heç nə gəlmir.

 

Söhbətin bu yerində həkimə çağırış gəlir. Diktofonu söndürüb, bloknotu qatlayıb başımı qaldırıram ki, otaqda təkəm. Aşağı düşürəm ki, həkim yanında köməkçisi Təcili yardım maşına minirlər. Hara? “Kubinka”, Ağadadaş Qurbanov küçəsinə...

...Halı pisləşən var. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189867

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR