Daşınmaz əmlak bazarnda nə baş verir?

Daşınmaz əmlak bazarnda nə baş verir?
11:37 6 Aprel 2015
Ölkə mətbuatı
A- A+

2000-ci ildən indiyədək olan dövrə nəzər salsaq, görərik ki, 2005-2006-cı illər bu sektorun pik nöqtəsi olub. Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, əgər əvvəllər Azərbaycanda mənzil-tikinti bazarında orta illik həcm 1 milyon 600 min, 1 milyon 700 min kvadratmetr olubsa, 2005-2006-cı illərdə bu göstərici 4 dəfə artıb. 2007-ci ilin sonlarından bu sahədə inkişaf dayanmağa başlayıb. 2009-cü ildə bu vəziyyət daha da gərginləşib.

2010-cu ilin sonu  2011-ci ilin əvvəllərindən isə tikinti sektorunda tədricən dirçəliş müşahidə olunub. Sonrakı illərdə də bu hal davam edib. Ötən ilin ikinci yarısından sonra isə daşınmaz əmlak bazarında yenidən ucuzlaşma müşahidə olunmağa başlayıb.  Mütəxəssislər deyirlər ki, keçən ilin noyabr ayından indiyədək  daşınmaz əmlak bazarına təsir edən bir neçə faktor meydana gəlib. Neftin ucuzlaşması nəticəsində ümumi qiymətin enmə gözləntiləri yaranıb. Rusiyada rublun dəyərdən düşməsi bu sektora təsirsiz ötüşməyib. Bu ilin yanvar ayında  daşınmaz əmlakla bağlı həyata keçirilən əməliyyatlar üzrə vergi nəzarətinin gücləndirilməsi, yəni mənzillərə əlavə dəyər vergisinin tətbiqi ortaya çıxıb. Bu halın  daşınmaz əmlak bazarında qiymət artımına təsir edəcəyi gözlənilsə də, bu, baş verməyib.

Daha bir amil manatın devalvasiya prosesinin daşınmaz əmlak bazarına təsiridir. Ekspert Rəşad Əliyev deyir ki, son 10 ildə Azərbaycanın daşınmaz əmlak bazarında  qiymətin inkişaf dinamikasında ilk dəfə olaraq fərqli bir istiqamət yaranıb:

"Devalvasiya nəticəsində evlərin qiymətləri manat ifadəsində qalxıb, dollar ifadəsində azalıb. Amma əvəlki illərdə biz müşahidə edirdik ki, qiymət qalxanda həm dollar, həm də manata nisbətdə qalxırdı. Həm də əksinə baş verirdi. Ancaq bu gün görünən odur ki, dollara nisbətdə qiymətlər enib. Ancaq manata nisbətdə qalxıb. Bu o deməkdir ki, devalvasiya nəticəsində manatın məzənnəsi 33 faiz ucuzlaşıbsa, ancaq evlərin qiyməti 33 faiz artmayıb. Bu kifayət qədər az məbləğdə baş verib. Ancaq müəyyən dövr keçməlidir ki, bunun nəticələri görünsün".

Ümumilikdə isə  hazırda daşınmaz əmlak bazarında durğunluq var. Bu hal məkandan asılı olaraq, qiymətlərə müxtəlif formada təsir göstərib. Paytaxt Bakıda və bir sıra digər yerlərdə daşınmaz əmlak bahalaşıb. Bəzi şəhər və rayonlarda isə ucuzlaşıb. Ekspertlərin fikrincə, hazırda insanlar əllərindəki vəsaiti hansı valyutada saxlamaqla bağlı seçim qarşısındadırlar. Ola bilsin ki, alternativ olaraq, daşınmaz əmlaka yatırım qoyulması cəlbedici görünəcək. Bu da bazarda aktivliyi artıra, nəticədə qiymət artımı qabarıq şəkildə özünü göstərə bilər. Hələlik rieltorlar da daşınmaz əmlaka dair satış qiymətlərini tam müəyyən edə bilməyiblər. Tutaq ki, bir mənzilin qiyməti əvvəllər 55 min manat idisə, o zaman bu, 70 min dollara yaxın vəsait edirdi. İndi bəzi rieltorlar həmin mənzilləri 70 min dollara satışa qoyublar. Hələ ki, hər kəs gözləmə mövqeyindədir, nələrin baş verəcəyini öyrənməyə çalışırlar.

”Elə insanlar var ki, evi dollarla satır, alıcı da manatla  almaq istəyir. Razılığa gələ bilmirlər”, - deyə rieltor Aydın Heydərov vurğulayır.

Ümumiyyətlə isə, daşınmaz əmlak bazarının tarixinə qayıtsaq, həmişə qiymət artıb. Ən stabil gəlir gətirən obyekt daşınmaz əmlak olub. Ona görə də insanlar həmişə öz investisiyalarını daşınmaz əmlaka qoymağa meylli olublar. Çünki bu, ən risksiz, stabil gəlir gətirən bazardır. Elə bir biznes sahəsi yoxdur ki, daşınmaz əmlak qədər stabil gəlir gətirsin. Buna görə də bu bazar artımla müşahidə edilir. Digər tərəfdən, miqrasiya məsələsi bu bazara təsir göstərir. Son 100 ilə nəzər salsaq, görərik ki, Yer kürəsində insanların sayı dəfələrlə artıb. Adam başına düşən torpaq sahəsi azalıb. Deməli, torpaqlar azalırsa, onun dəyəri artır. Ümumiyyətlə, bu bazarın dövrilik xüsusiyyəti var. Müəyyən illər qiymət artır, sonra stabilləşir, azalır, ardınca yenidən stabilləşir, sonra artır. Müşahidələr göstərir ki, 8-12 il qiymətlər artıma meylli olur. Sonra  3-5 il azalır. Ardınca yenə artır. Burada 100 faiz qiymətlər artırsa, sonra təxminən 50 faiz azalır. Sonra 100 faiz artır və 50 faiz azalır. Belə uzunmüddətli götürəndə isə daim qiymətlər artır. Daşınmaz əmlak bazarı digər istehlak bazarından çox fərqlənir. İstehlak bazarında qiymətlər enəndə hamı bazara axışır, qiymətlər yüksələndə yayınır. Daşınmaz əmlak bazarında isə əksinədir. Ucuzlaşma olanda hamı bazardan çəkilir, qiymətlər artanda bazara axışır. Bu hal qiymət artımını bir qədər də intensivləşdirir. Bu, insanların əllərindəki pul tükənənə qədər davam edir. Pul tükənəndən sonra isə qiymətlərin artımı ətalətlə gedir, tədricən stabilləşir və sonra enməyə başlayır. Ardınca bu hal yenidən yüksəlişlə müşahidə olunur.

Qeyd edək ki, müşahidələrə əsasən, devalvasiyadan sonra daşınmaz əmlak bazarına diqqət xeyli artıb. Əlində külli miqdarda manat olan şəxslər daşınmaz əmlak bazarı ilə maraqlanırlar. Lakin bu o demək deyil ki, onlar bu bazarda alıcı olacaqlar. Həmin insanlar pulu dollara çevirməyə və ya banka manatla depozitə qoymağa dair qərar da verə bilərlər. Mütəxəssislərin fikrincə, hər şey manatın gələcək devalvasiya gözləntilərindən asılı olacaq. Lakin bir məsələni də yaddan çıxarmayaq ki, daşınmaz əmlak əldə olan vəsaiti stabil saxlamaq üçün ən yaxşı vasitələrdən biridir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/333017.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR