Güclü qar qərb bölgəsində yaşayanları dərdə saldı - FOTO

Güclü qar qərb bölgəsində yaşayanları dərdə saldı - FOTO
14:22 9 Yanvar 2015
285 Sosial
Ölkə mətbuatı
A- A+

Respublikamızın bir çox ərazilərinə olduğu kimi, qərb bölgəsinə də güclü qar yağıb. Göygöl, Daşkəsən və Gədəbəy rayonlarının ucqar kəndlərinə gediş-gəliş çətinləşib.

Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, son iki gün ərzində Göygöl rayonunun dağlıq ərazisində yerləşən Toğanalı, Yeni Zod, Topalhəsənli, Zurnabad və digər dağ kəndlərinə 25 santimetrdən çox qar düşüb.

Gündüz saatlarında Gəncə-Toğanalı avtomobil yolunun 17-ci kilometrliyində qarın qalınlığı 10 santimetrə çatıb. Nisbətən yüksəkliyə qalxdıqca fəsadların daha ciddi şəkildə büruzə verdiyinin şahidi olmaq olar.

Qarlı-şaxtalı hava sürücülərin işini bir qədər çətinləşdirib. Onlar mənzil başına rahat və təhlükəsiz çatmaq üçün müxtəlif yollara əl atırlar.

Xaliq Məmmədov - sürücü: “Biz öyrənmişik, bizim üçün o qədər də çətinlik yoxdur. Əsas məsələ odur ki, avtomobili qışa hazır vəziyyətə gətirməlisən. Yalnız qonaqlar gələndə onlar üçün çətinlik yaranır”.

Natiq Yusibov - sürücü: “Qara görə tədbir görülüb. Yollara duz və qum səpilib, təmizlik işləri aparılıb. Hərəkət etmək mümkündür”.

Yolların qardan təmizlənməsi üçün 5 ədəd texnika cəlb olunub, 30 ton duz və 350 kubmetr qum ehtiyatı yaradılıb. Rayon mərkəzi ilə kəndləri birləşdirən yollar qardan təmizlənib.

Şəmsi Nəcəfov - Göygöl 21 saylı Yol İstismar İdarəsinin baş mühəndisi: “Dünəndən güclü qar yağmağa başlayıb. Aşağı hissələrdə 5-10 sm, nisbətən yuxarı hissələrdə isə 25 sm-ə çatır. Ötən gündən etibarən fasiləsiz iş rejimində işləyirik. Ehtiyatda duz-qum ehtiyatımız var. Çalışırıq ki, yollarımız daim açıq olsun”. 

Daşkəsən rayonunun mərkəzində qarın qalınlığı 25, kəndlərdə isə 40 sm-ə çatır. Xoşbulaq, Əmirvar, Təzəkənd, Qabaqtəpə, Zağalı və digər ucqar dağ kəndlərinə 50 santimetrdən çox qar düşüb. Kəndləri rayon mərkəzi ilə birləşdirən yollar istifadə üçün yararlı vəziyyətə gətirilib. Daşkəsəndə bütün xidmət sahələri gücləndirilən iş rejimində çalışır.

Digər dağ rayonu olan Gədəbəydə də qarlı hava şəraiti müşahidə olunur. Rayon mərkəzinə 15, ucqar kəndlərə 30 santimetrə qədər qar düşüb. Respublika əhəmiyyətli Şəmkir-Gədəbəy-Novosaratovka, eləcə də digər kənd yollarında avtomobillərin təhlükəsiz hərəkətini təmin etmək üçün müvafiq təbirlər görülür.

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/318124.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR