Dubaya fil təmizləmək üçün gedən azərbaycanlılar kimlərdir?

Dubaya fil təmizləmək üçün gedən azərbaycanlılar kimlərdir?
10:57 6 Aprel 2015
700 Sosial
Ölkə mətbuatı
A- A+

Aylıq məvacibi 4000 manat olan bu işi niyə bizimkilərə təklif edirlər? Dünyanın yeganə qəribə məsləyi bu deyil...
Bu günlərdə Azərbaycanda fəaliyyət göstərən işədüzəltmə saytlarından birində ilginc bir elan dərc edildi.

Rabota.az adlı saytda aylıq məvacibi 3500-4000 AZN olan filsilən işi təklif olunmuşdu. Bəli, təəccüblənməyə ehtiyac yoxdu. Məhz filsilən, amma Bakıda yox, Birləşmiş Ərəb Əmirliklərində. Təfərrüatlara diqqət edək.

Filəbaxma işi üçün Dubaya getməyə razı olan varmı?

İşlə bağlı tələblər aşağıdakı kimi idi:

1. Heyvanlara qarşı iyrənmə və allergiyanın olmaması.
2. Təmizkarlıq
3. Həssas barmaqlı uzun əllər
4. Hindistan, Afrika fillərinə qarşı qərəzsiz münasibət
5. Fillərin anatomiyasını bilmək və onların dilini başa düşmək
6. Xoş görkəm və təbəssüm
Vəzifələri:
1. Maarifçilik işi aparmaq, işə məsuliyyətlə yanaşmaq
2. Heyvanat parkına gələn adamlarda loyallıq formalaşdırmaq
3. Fil brendinin tanınmasını və heyvanat parkına gələnlərin sayını çoxaltmaq
4. Filə ən yaxşı insani hissləri ara vermədən tərbiyələndirmək
5. Fil eqoist böyüməməlidir
6. “İşə getmək bayrama getmək kimi” prinsipini rəhbər tutmaq
7. Filin bütün hissələrinə eyni hörmətlə yanaşmaq
8. Yaşamasının çətin məqamlarında: doydurma və boşalma zamanı filin gigiyenasını qayğıkeşliklə təmin etmək
9. Kiçik, böyük və nəhəng həcmli təbii tələbatlarını müşayiət etmək
10. Hidravlik 200 (iki yüz) litrlik imalə ilə imalə eləmək qabiliyyətinə malik olmaq
11. Tutduğu vəzifəyə uyğun olmağına görə hər il attestasiyadan keçmək
12. Seminar və treninqlərdə, ixtisas artırma kurslarında iştirak etmək, peşəkarlıq cəmiyyətlərinin üzvü olmaq
13. Yuyucu və təmizləyici vasitələrin saxlama kameralarına hamilik etmək
Filsilənə qadağan edilir:
1. İş yerində söyüş sözlərini işlətmək
2. İcazəsiz peyin satışı ilə məşğul olmaq
3. Fili acıqlandırmaq, utandırmaq və alçaltmaq
4. Şikayət və xahişlərlə zəhlə tökərək, filin əhval-ruhiyyəsini pozmaq
İş şəraiti:
1. Təmiz havada iş
2. Sosial paket
3. Sabun və şampun xərclərinin ödənilməsi. Duş heyvanat parkının ərazisindədir
4. Filin ön hissəsinin müşahidəsi 50% endirimlə
5. BƏƏ-yə gediş haqqı ödənilir

Karyera artımı mümkündür.

Bu iş elanı ciddi bir işədüzəltmə saytında dərc edildiyi üçün onun etibarlılığı da müzakirə mövzusu deyil. Amma bu elan bizə dünyadakı qeyri-adi peşələrlə bağlı xatırlatmanı zəruri etdi.

Ölü evini təmizləyib, evin ortasına gül qoymaq peşəsi

Başlayaq Yaponiyadan. Sözügedən ölkədə ölü evi təmizləmə peşəsi var. Belə ki, evdə xəbərsiz ölən, bir neçə gün sonra ölümündən xəbər tutulan şəxslərin mənzilində aparılan gigiyenik işləri görənlər var. Onların işi təmizləmə şirkətlərinkindən fərqlənir. Burada ciddi dezinfeksiya, kimyəvi preparatların köməyindən istifadə edilir. Mərhumun əşyalarının yığılıb paketlənməsindən tutmuş, onun evdəki bütün əşyalarının incələnməsinə qədər... İlk baxışda iyrənc görünən bu işin ardınca məslək yiyələri yapon adət-ənənələrinə uyğun olaraq, təmizlənən evə bir dəstə çiçək qoyurlar. Hər təmizlənən ölü evi 1000-1200 dollar qiymətində dəyərləndirilir.

Uşaq da deyir, atam işə gedib...

Keçək digər məsləklərə.

“Shot girls” - bu, Amerikada 20 yaşlarındakı gənc qızlar üçün ideal peşə sayılır. Onlar gecədə 300-600 dollar qazanırlar. “The Wall Street Journal”ın xəbərinə görə, qızlar barda hər içki hesabından 25 sent-20 dollar gəlir götürürlər.

Dəniz aşpazı - Avstraliyada dəniz təcrübəsi olanlar ildə 187 min dollar qazana bilirlər. Buna il sonundakı bonuslar, açıq dəniz ödəmələri, dənizaltı xidmətlərinin məbləğini də əlavə edəndə yaxşı bir qazancdan danışmaq olar.

İnci dalğıcı - dalğıclıq təhlükəli işlər kateqoriyasına daxildir. Amma inci tapmaq üçün suya girən dalğıclar gündə 1216 dollar qazana bilirlər. Söhbət açıq dənizlərdən gedirsə, bu halda açılış 500 dollardan başlayır.

Qaz və neft dalğıcı - o qədər əyləncəli sayılmasa da, dərin dənizlərin ən qazanclı işlərindən sayılır. Meksika körfəzində üzən dalğıclar ildə 80 min dollara qədər qazana bilirlər.

Usta (şərab qarsonu) - yüksək səviyyəli restoranlarda səriştəli şərab qarsonları müştərilərin yeməklərinə ən uyğun olan şərabı seçməklə ildə 80-160 min dollar pul qazanırlar.

Təyyarə icraçısı - əgər macəranı və yüksək riskli işləri sevirsinizsə, bu iş barədə də düşünməyə dəyər. Bu işi görənlər hər təyyarəyə görə 6-10 faiz haqq alır və onu satır. Təyyarə qiymətini nəzərə alanda, bu, heç də az pul demək deyil.

Kəllə ovçusu - bu adamların vəzifəsi isə həbsxanadan qaçanları və axtarışda olanları tapıb yenidən həbsə göndərməkdir. Onlar da ildə orta hesabla 45-100 min dollar pul qazana bilirlər.

Ağ pişik ovçusu - düşünüldüyünün əksinə, bunlar küçədə pişik qovan insanlar deyillər. Bu ovçular virtual dünyada təhlükəsizlik boşluqlarını tapmaq və sertifikatsız proqramları təyin etmək üçün ildə 123900 dollar gəlirə sahib ola bilirlər.

Dublyaj - filmlər və radio reklamlarını səsləndirərək 5 dəqiqə üçün 325 dollar qazana bilən insanlar da var. Onların illik gəliri isə 50-80 min dollardır.

Yeni il ağacı alverçisi - bu işi görən tacirlər, ağacları yetişdirən şəxslərlə razılaşdıqdan sonra bunları şəhərdəki pərakəndəçilərə çatdırır. İstehsal müddətinin hamısını idarə etdikləri təqdirdə, əldə edilən gəlir artır.

Qolf topu yığıcısı - bu peşənin daşıyıcıları isə golf sahələrində olan su gölməçələrində yığılan topları yığmaqla məşğuldular. Bu işi edənlər əksəriyyətlə yığdıqları top başına ödəniş almaq üçün daha çox islanmalıdır. Bu isə gün sonunda daha çox qazanmaq mənasına gəlir.

Soxulcan yığmaqla da çörək pulu qazanmaq olar?

Yuxarıda yazdıqlarımız qəribə olsa da, az-çox ciddiliyi ilə fərqlənirdi. Amma aşağıdakı siyahıya da nəzər yetirin. Burada dünyanın ən pis peşələrinin adı var.

1. Yumurta qoxulayan - bu peşə sahibləri quşçuluq fabriklərində çalışır və lax yumurtaları müəyyənləşdirirlər.

2. Soxulcan toplayan - balıqçılar üçün soxulcan satan şirkətlərdə çalışan bu insanların işi tarlalar və çəmənlərdə soxulcan yığmaqdır. Məsələn, Kanadada 1 soxulcan üçün 0,04 dollar ödənir.

3. Dölləndirici - inəklərin süni yolla döllənməsi üçün buğa spermalarını inəyin yumurtalığına yerləşdirir.

4. Qəbristanlıq gözətçisi - adından da göründüyü kimi, qorxulu bir peşədən söhbət gedir. Gecə qəbirlərin arasında, ruhların əhatəsində pul qazanmaq heç kimin uşaqlıq xəyallarını bəzəmir.

5. Toyuq seçən - bu peşə sahibləri cücələrin xoruz və ya toyuq olduğunu müəyyənləşdirirlər.

6. Köpəkbalığı akvariumunun təmizləyicisi - qorxulu və maraqsızdır. Peşənin adı hər şeydən xəbər verir zatən.

7. “Bəxtli kökə”nin içindəki kağızlara mətn yazan - bu, daha çox Amerikada populyar sənətdir. Çünki bəzi bəxt saqqızları, kökələr orada çox populyardır. İnsanlar həmin məhsulları içindən çıxacaq mətnə görə alırlar.

8. İnternet oyunlarında “qızıl” yığan. Bu işi görən oyunlarda xal, “pul” və “qızıl” yığır, sonra oyun fanatlarına pulla satır.

9. Zombi - Avropa ölkələrində getdikcə populyarlaşan “zombi yürüş”lərinin təşkilatçıları “zombi” olmaq istəyənlərə pul verirlər.

10. Avtomobil yollarında maşınların vurduğu heyvan leşlərini yığan.

11. İngiltərədə Bukingem sarayında növbətçi əsgər - ingilis ordusunda xidmət edən əsgərlər Bukingem sarayı qarşısında növbə tuturlar. Həmin əsgərlərə tərpənmək, hətta gülmək belə olmaz.

12. Zooparkda meymun qovmaq - böyük bir zooparkda meymunları bir yerdən başqa yerə daşımaq olduqca çətin işdir. Bir qəfəsə yerləşdirilən meymunların qaçacağı təqdirdə onları tutmaq çox çətindir.

13. Səyyar tualet təmizləyicisi - insanların istifadə etdikləri səyyar tualetlərin təmizlənməsi ən iyrənc sənətlərdən biridir. Amma bu işə görə ildə 50 min dollar təyin olunan maaş hər şeyin üstünü örtür.

14. Kanalizasiya təmizləyicisi - yerin dərinliyinə enib insan zibilinin içində gəzmək olduqca iyrəncdir. Bu işlə məşğul olanlar oradakı zir-zibili daim çölə atmaq məcburiyyətindədirlər.

15. Liftdə endirib-qaldıran - hazırda bu işi otellərdə, alış-veriş mərkəzlərində, restoranların liftində yerinə yetirən minlərlə insan var. Lift işçiləri arasında aparılan sorğuya görə, gün ərzində təxminən 500 dəfə enib-qalxırlar. Onlar əhvallarından asılı olmayaraq hamı ilə mehriban davranmağa, gülərüz olmağa məcburdurlar. İş vaxtları 8 saatdır.

16. Təyinatlı qohum - keçən il Çində yalançı qohum-əqrəba təklif edən xüsusi şirkət açılıb. Belə ki, toylarda insanların sayının çox olmasını istəyən insanlar bu şirkətdən bir günlük qohum-əqrəba icarəyə götürə bilər. Hətta burada ata ana rolunu oynayan insanlarda var.

17. Ayaqyolu tapan - Yaponiyada dövlət qulluğu hesab olunur. Demək, Yaponiyada şəhərin mərkəzində bir neçə bələdçi dayanır ki, ona yaxınlaşıb 4 sent uzadaraq sizi yaxın ərazilərdə yerləşən ayaqyoluya aparmağını rica edəsiniz.

18. Növbə saxlayan - müxtəlif yerlərdə növbə saxlamaq üçün xüsusi şirkətlərə zəng vuraraq növbədə durmaq üçün bir şəxsi yollamağı rica edirsiniz. Və həmin ünvana gedən insan sizin yerinizə növbədə dayanır, nəticə əldə etmək üçün lazım gələrsə dalaşıb savaşır da. Saatı - 40 dollardır.

"Yeni Müsavat"


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/333001.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR