Natəmiz, zibilli, infeksiya mənbəyi olan avtobuslar: “Tədbir görüləcək...”

Natəmiz, zibilli, infeksiya mənbəyi olan avtobuslar: “Tədbir görüləcək...”
12:14 6 Aprel 2015
336 Sosial
Ölkə mətbuatı
A- A+

“Avtobus” deyəndə bir avropalının ağlına lyuks minik vasitəsi gəlirsə, bir azərbaycanlı çirkdən əsl rəngi görünməyən, oturacaqları sınıq-sökük, divarları tanışlıq mesajları və lazımsız reklamlarla dolu, ən kiçik çalaya düşəndə belə döşəmədəki tozun içəridəkiləri boğduğu bir nəqliyyat vasitəsi təsəvvür edir. Avtobusların texniki sazlığından isə söhbət gedə bilməz. Sürücü hər dəfə əyləcə basanda ondan elə qəribə, qulaq boğucu səs çıxır ki, az qalır qəbirdə ölülər də diksinə. Yaxşı ki, bu yaxınlarda paytaxta yeni avtobuslar gətirildi. Hərçənd ki, cəmisi 2 xətdə işləyirlər. Onlar da demək olar ki, eyni istiqamətdə.

 

 

 

Problem böyükdür. Haqqında geniş danışmaq olar. Amma bu gün avtobusların natəmizliyindən danışacağıq. Xüsusi ilə Avropa oyunları ərəfəsində vəziyyət heç ürək açan deyil.

 

 

İnsan yazı yazmağı 5000 il əvvəl öyrəndi. Alimlər təyin ediblər ki, qədim insanlar 15-50 min əvvəl dırnaqları ilə qayalarda, mağaralarda xüsusi işarələr və şəkillərlə bir-biriylə əlaqə saxlayır, nəyisə xəbər verirlərmiş. Sonra daş lövhələrdə yazdılar, daha sonra heyvan dəriləri üzərində. Zaman ötdü kağız kəşf olundu. Xəbərləşmə zamanla daha təkminləşdi. Məktublaşmağa başladı insan övladı. Əvvəl göyərçin, qasid, poçtalyon vasitəsilə, indi də internet üzərindən.

 

Azərbaycanda isə bu təkminləşmə bir başqa cür getdi. Kağızdan geriyə doğru. Dünən partanı yazan şagirdlər, bu gün böyüyüb divar yazırlar. Küçə, avtobus demədən. Eşq etirafı edəndən tutmuş, telefon nömrəsini yazandan ta çat reklamlarına qədər: “dost.az”, “Aysel, səni sevirəm!”, “Əyləncənin yek məkanı!”, “krosno antenləri satlır. Quraşdırma pulsuzdur”. Siyahını nə qədər desəniz uzatmaq olar.

 

 

Hələ avtobusda tum çırtlayıb yerə atanları, saqqızı çeynəyib ora-bura yapışdıranları demirəm. Bunlar sərnişinlərin “məharət”idir. Lakin avtobusun ümumi təmizliyi də qaydasında deyil. Oturacaqların arası, pəncərə qıraqları, tutacaqlarda yığılıb qalmış illərin çirkini yuyub təmizləmək üçün günlərlə vaxt lazım olar. Əlacsızlıqdan da hər gün bu avtobuslardan istifadə edirik. Yoxsa, hansı valideyn övladını infeksiya mənbəyi olan bu avtobuslara mindirər? Əgər geyimisiniz açıq rəngdirsə, xüsusi diqqət yetirməlisiniz ki, paltarınız heç yerə sürtülməsin. Yoxsa, ağ şalvarınız bir anda qaraya dönəcək. Hələ pəncərələrin palçığını demirəm. İçəridən baxanda bayırda havanın gündüz, ya gecə olduğu seçilmir, demək olar ki.

 

 

 

Samir İsayev gün ərzində bir neçə dəfə ictimai nəqliyyatdan istifadə edir. Deyir, avtobusda pəncərə qıraqları, oturacaqlar kifayət qədər çirkli, döşəmə isə toz içində olur.

 

Samir bunda tək aidiyyatı üzrə orqanı deyil, sərnişinlərin özlərini də günahlandırır: “Camaatın da yeri zibilləyir. Ancaq yenə də hər bir sürücü və ya avtobus sahibi gün ərzində azı bir dəfə son dayanacaqda salona göz gəzdirsə, yaxşı olardı”.

 

 

 

 

“İctimai nəqliyyatın təmizliyindən razısınızmı” sualını 101FM-in  aparıcısı Əzizə İsmayılova belə cavabladı.

 

 

- Sən belə soruş: “Təmiz avtobus görmüsünüz?”. Mən də sənə cavab verim ki, çöldən təmiz görünə bilər. Əgər təsadüfən hansısa sürücünün ürəyindən yumaq keçibsə. Şəhər daxilində çirkli olanda cərimələnməmək üçün. O ki, qaldı avtobusların içi, bax onları ancaq yeni gələn avtobusların ilk 1 həftəsində kim görübsə, görüb.

 

Ceyhun Piriyev isə avtobusla bağlı başına gəlmiş yarı gülməli, yarı ağlamalı bir hadisəni bizimlə bölüşür: “İctimai nəqliyyatı xarakterizə etmək üçün uzun-uzadı pafoslu ifadələrə, mədhiyyələrə ehtiyac yoxdur. Yağışın və qarın səhəri avtobuslara minmək kifayət edir. Sanki avtobusları yuyana söyüş qoyulub. Vəziyyət o qədər acınacaqlıdır ki, bir dəfə Mehdiabad qəsəbəsində düşmək əvəzinə, pəncərədən çölü görə bilmədiyimdən Fatmyı kəndinə gedib çıxmışdım”.

 

 

 

 

Digər sərnişinlər isə konkret natəmiz avtobusların rəqəmlərini sayırlar: “7, 8, 18, 79, 30, 49, 108, 113, 134, 148, 160, 191, 198, 5.

 

 

 

 

Aygün Həsənoğlu deyir, avtobusların hamısını paltaryuyan maşına atıb bir ay yumaq lazımdır ki, təmizlənə: “Oturacaqların üstündəki kirin qalınlığı bir santimetrə çatıb. Antisanitariya, kirlilik dəhşətli dərəcədədir. Sərnişin qısa müddətdə olur, o avtobus sürücülərinin hamısının ağciyəri ya vərəm olacaq, ya xərçəng. Sürücülərdən soruşmuşam, deyirlər ki, qarajda yuyulmalıdır, yumurlar”.

 

 

 

Həkim-infeksionist Mehdi Mehdiyev deyir ki, Azərbaycanda sərnişin nəqliyyatında, o cümlədən də avtobuslar sanitar-gigiyenik qaydaları əməl olunmur: “Təmizlənmir. İçəridə sərnişinlər bəzən tum çırtlayırlar, çirkləndirirlər, ayaqqabılarında palçıq gətirirlər. Adətən hər dövrədən sonra mütləq avtobuslar təmizlənməli, dezinfeksiya olunmalıdır. O şeylər əməl olunmadığına görə, avtobusların hamısı infeksiya mənbəyidirlər. Həddən artıq sərnişinlə yüklənirlər, sıxlıq yaranır. Bu da hava damcı yolu ilə infeksiyaların – vərəmin, qripin, yuxarı tənəffüs yollarının digər infeksiyalarının yayılmasına səbəb olur. Dəstəklər dezinfeksiya olunmadığına görə bağırsaq infeksiyalarını yayır”.

 

 

 

Avtobus sürücüləri də narazıdır: sərnişinlərdən. Kimi dindirdiksə, bir ağızdan dedilər ki, salonu sərnişinlər çirkləndirir. Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Bakı Sərnişin və Yük Daşımalarının Təşkili İdarəsinin rəis müavini Əmrah Cəfərov isə nəqliyyat vasitəsi xəttə çıxan zaman hüquqi və fiziki şəxslər tərəfindən yoxlanıldığını deyir:

 

 

- İstər texniki cəhətdən, istərsə də təmizlik cəhətdən. Bundan sonra xəttə buraxılır. Əgər şirkət tərəfindən diqqət yetirilmirsə, şəhərdə nəqliyyat vasitələri hərəkət edən zaman Dövlət Avtomobil Nəqliyyat Xidmətinin Bakı şəhərində avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının təşkili idarəsi tərəfindən reydlər keçirilir və elə hallar aşkarlanarsa, həmin nəqliyyat vasitəsi dövriyyədən kənarlaşdırılır. Ta ki, o nöqsanlar düzələnə qədər.

 

 

Hal-hazırda Bakıda fəaliyyət göstərən ictimai nəqliyyat vasitələrinin əksəriyyətində, demək olar ki, hamısında bu cür halların olduğunu deyincə, rəis müavini bunu nəzərə alacağını bildirdi: “Nəzərə alacam, tapşırıq verəcəm ki, cür hallar təkrarlanmaz. Belə çoxsaylıdırsa, qarşısı alınacaq. Tədbir görüləcək, konkret addımlar atılacaq. Avropa oyunları ilə əlaqədar olaraq konkret tapşırıqlar verilib”.

 

 

 

***

 

Əmrah Cəfərovla növbəti zəngimizdə problemin araşdırıldığını, həqiqətən belə faktların aşkarlandığını deyir: “Sizinlə danışdıqdan sonra böyük bir qrup təşkil etmişik. Bir-bir avtobusları gəzib, qeydiyyat aparırlar. Mərdəkan istiqamətində hərəkət edən  avtobuslar çirkli olub. Həmin avtobuslar cərimə meydançasına gətirilib. Qrup işini günü bu gün də davam etdirir”.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/198335

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR