S.Mövlayeva: “Kaspi”nin yenidən dərc olunması tariximizə hörmətdir

S.Mövlayeva: “Kaspi”nin yenidən dərc olunması tariximizə hörmətdir
12:48 6 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 6 aprel, AZƏRTAC
Bu il Azərbaycan milli mətbuatının yaranmasının 140 ili tamam olur. Həsən bəy Zərdabinin yaratdığı və redaktoru olduğu "Əkinçi" qəzeti ilə əsası qoyulan Azərbaycan jurnalistikası müxtəlif dövrlərdə ağır sınaqlara məruz qalıb. Amma milli dilin, milli ənənənin yaşadılması naminə hər çətinliyə sinə gərib. Bu gün isə Azərbaycan mətbuatı özünün yeni inkişaf mərhələsini yaşayır. Ulu öndər Heydər Əliyevin müstəqil mətbuatın formalaşması və inkişafına yönəlmiş təşəbbüsləri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İndi ölkəmizdə mətbuat və söz azadlığına ən yüksək səviyyədə dövlət qayğısı var.
Milli mətbuatımızın yubileyi ərəfəsində müsahibimiz bünövrəsi 1881-ci ildə qoyulan, 38 il işıq üzü görən, 1919-cu ildə fəaliyyətini dayandıran və 1999-cu ildə yenidən nəşr edilən “Kaspi” qəzetinin ilk qadın tədqiqatçısı, tarix elmləri namizədi Səmayə Mövlayevadır.
“Kaspi”ni araşdırmaq asan olmayıb
Sovet dövründə “burjua mətbuatı” kimi damğalanan “Kaspi” qəzetinin tədqiqatçısı olmaq özü böyük cəsarət istəyirdi. Bu cəsarətli xanım bütün həyatını “Kaspi”nin araşdırmasına həsr edərək qəzetin bütün nüsxələrini bir-bir vərəqləyərək tədqiq edib. 38 il ərzində 10 mindən çox nüsxə ilə nəşr edilən “Kaspi”nin araşdırılması isə heç də asan olmayıb. Nüsxələrinin bir hissəsi Rusiyada, Gürcüstanda saxlanan qəzetin ilk tədqiqi böyük zəhmət hesabına başa gəlib. “Kaspi”nin rus dilində dərc edilməsinə baxmayaraq, xalqın milli təfəkkürünün oyanışında qəzetin böyük xidməti olduğunu deyən Səmayə xanım qeyd etdi ki, bu qəzet milli azadlıq hərəkatında, Xalq Cümhuriyyətinin yaranmasında Azərbaycan ziyalılarının təfəkkürünün formalaşmasında xüsusi rol oynayırdı. XX əsrin əvvəllərində Azərbaycan mətbuatının, maarifinin, mədəniyyətinin inkişafında misilsiz xidmətləri olan xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev bir çox mətbu orqanları kimi “Kaspi”yə də himayədarlıq edib.
H.Z.Tağıyev 1897-ci ildə qəzetin sahibi olur və Zərdabinin məsləhəti ilə baş redaktorluğu Əlimərdan bəy Topçubaşova tapşırır. Bundan sonra qəzetdə milli ruh güclənir və camaat arasında artıq onu müsəlman “Kaspi”si adlandırmağa başlayırlar. Hacı Zeynalabdin çox işıqlı şəxsiyyət idi və millətin maariflənməsini istəyirdi. “Kaspi”nin sonralar Azərbaycanın milli maraqlarına xidmət göstərməsi də onun adı ilə bağlıdır”.
“Kaspi” Azərbaycan mədəniyyətinin aynası idi
Mədəniyyətimizin “Kaspi”də təbliğini tədqiq edən S.Mövlayeva onun Azərbaycan mədəniyyətinin aynası olduğunu, Üzeyir bəy Hacıbəylinin teatrımız barədə məqalələrinin də yer aldığı qəzetdə o dövr Bakısının mədəni həyatından silsilə yazıların dərc edildiyini deyir. “Mədəniyyətimizin “Kaspi” qəzetində təbliği” adlı monoqrafiyanın müəllifi olan Səmayə Mövlayeva qəzetdə müntəzəm olaraq bir çox Azərbaycan ziyalılarının - Həsən bəy Zərdabinin, Nəriman Nərimanovun, Cəlil Məmmədquluzadənin məqalələrlə çıxış etdiklərini bildirir: “Həsən bəy Zərdabi ilk vaxtlar məqalələrini yaşadığı Zərdab rayonundan göndərirdi. Onun yazıları daha çox kənd təsərrüfatı ilə bağlı idi. Nəriman Nərimanovun da qəzetdə çox maraqlı məqalələri çıxmışdı. Məsələn, o, “Yazan ziyalılar haqqında bir neçə söz” adlı məqaləsində yazırdı ki, “Bizim ziyalılar paytaxtda çıxan rusdilli qəzetlərdə iştirak etməlidirlər. Kim rus dilini bilirsə, o, bunu mütləq etməlidir. Çünki biz öz mədəniyyətimizi, dilimizi genişləndirməliyik. Bizim xalqımız hansısa unudulmuş xalq deyil”. Cəlil Məmmədquluzadənin isə “Kaspi”də cəmi bir məqaləsi dərc edilib. O məqalənin tədqiqi isə heç də asan olmadı. Çünki Mirzə Cəlil məqaləsində müəllif imzasını verməmişdi. Demək olar ki, bunun üçün 1065 nüsxənin hamısını bir-bir oxumalı oldum. Ümumilikdə isə bütün dövrü araşdırmışam. Amma Əlimərdan bəy Topçubaşovun, Əhməd bəy Ağayevin (Ağaoğlu) və başqalarının publisistikası ayrıca araşdırılmalıdır və bu çox vacibdir. Sovet dövründə hər iki ziyalıya münasibət heç də birmənalı deyildi. Bütün tədqiqat işləri sonda Moskvada Ali Attestasiya Komissiyasına təqdim olunurdu. Mən də buna görə araşdırmamda onların yaradıcılığına geniş yer verə bilmirdim. “Kaspi”də tədqiqatçısını gözləyən çox məsələlər var”.
“Kaspi” ilə bağlı bütün arzularım gerçəkləşib
Səmayə xanım uzun illər “Kaspi”də dərc olunan müəlliflərin biblioqrafiyasını hazırlamaq arzusunda olduğunu və qəzetin 130 illiyi ərəfəsində nəşr edilən “Üç əsrin qəzeti” kitabında bu istəyinin gerçəkləşdiyini dedi: “Yubiley ərəfəsində müasir "Kaspi"nin təsisçisi Sona xanım Vəliyevaya öz arzumu bildirdim. Mənim bu istəyim "Üç əsrin qəzeti" kitabında gerçəkləşdi. Bu, zəngin bir əsərdir. "Kaspi"nin 1881-ci ildən başlanan tarixinin, inkişaf yolunun və müasir dövrünün əksini tapdığı kitabda mətbuat tarixi araşdırıcılarının, ekspert və jurnalistlərin məqalələri yer alıb. Çox şadam ki, mənim də arzum yerinə yetdi. Qəzetdə öz imzaları ilə çap olunmayan bütün müəlliflərin biblioqrafiyası cəm halında kitabda ayrıca nəşr edildi”.
“Kaspi”nin yenidən dərci tariximizə hörmətdir
1918-ci ildə mart qırğını zamanı ermənilər redaksiyanın yerləşdiyi mətbəəni dağıdır. Bir qədər keçəndən sonra mətbəənin müəyyən hissəsi öz işini bərpa edə bilir və “Kaspi” 1919-cu ilin aprelinədək dərc olunur. Elə həmin ildə qəzetin fəaliyyəti tamamilə dayanır.
“Kaspi” qəzetinin tarixi barədə ətraflı məlumat verən S.Mövlayeva dedi: “Qəzet bir də 80 ildən sonra 1999-cu ildə yenidən fəaliyyətini bərpa etdi. Üç əsrin qəzetinə yenidən həyat verməklə Azərbaycan mətbuatı tarixinin dünənini, bu gününü yaşadan “Kaspi”nin bugünkü varislərinin çiyinlərinə daha böyük missiya düşür. “Kaspi” xoşbəxt taleyi olan qəzetlərdəndir. Çünki tariximizin fərqli dövrlərində onu himayə edən xeyirxah insanlar olub. Hacı Zeynalabdin Tağıyevin bir zamanlar öz himayəsinə alaraq yaşatdığı qəzetə bu gün şairə-publisist, tədqiqatçı-alim Sona xanım Vəliyeva himayədarlıq edir. Bu, çox xeyirxah bir işdir. Sona xanım onu yenidən dərc etməklə Azərbaycan mətbuatı tarixinin dünənini, zəngin ənənələrini yaşadır. “Kaspi” bu gün qəzet bolluğunda seçilən oxunaqlı bir nəşrdir. Yeni “Kaspi”nin səhifələrində sələflərinin dəsti-xətti, ruhu duyulur. Bu şərəfli missiyanı həyata keçirmək tariximizə hörmətdir. Buna görə də Sona xanım Vəliyevaya minnətdarlığımı bildirirəm ”.
Aygün Həsənova
AZƏRTAC-ın müxbiri

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/SMovlayeva_Kaspinin_yeniden_derc_olunmasi_tariximize_hormetdir-843835

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR