Azərbaycan Universiteti beynəlxalq əlaqələrini genişləndirir

Azərbaycan Universiteti beynəlxalq əlaqələrini genişləndirir
14:08 6 Aprel 2015
148 Ölkə
Ölkə mətbuatı
A- A+



Bakı, 6 aprel, AZƏRTAC
Azərbaycan Universiteti ilə Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, bu əməkdaşlıq ölkə iqtisadiyyatının dinamik inkişafına cavab verə bilən, rəqabətyönümlü mütəxəssislərin hazırlanması üçün imkan və şərait yaratmağa istiqamətlənib.
Tədbirdə Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov gəncləri cəmiyyətin rifah və inkişafına təmənnasız xidmət göstərən insanlardan nümunə götürməyə, biznes bilik və vərdişlərinin artırılması və təkmilləşdirilməsi istiqamətində ali təhsil müəssisəsində görülən işlərdən maksimum faydalanmağa çağırıb.
ATİB idarə heyətinin sədri Cemal Yangın biznes mütəxəssisləri yetişdirən ali təhsil müəssisəsi ilə tanışlıqdan məmnunluğunu bildirib. Qonaq qeyd edib ki, onun təmsil etdiyi qurum universitetlərlə işbirliyində maraqlıdır, təcrübələrimizi sizinlə paylaşmağa hər zaman hazırıq. Universitetdə əldə etdiyiniz nəzəri biliklərin təcrübəyə ən səmərəli tətbiqi üçün bütün şirkətlərimiz sizin istehsalat təcrübənizə açıqdır.
Digər çıxış edənlər də nəzəriyyə ilə təcrübənin vəhdətinin əhəmiyyətindən danışıb, ən səmərəli və vacib investisiyanın təhsilə və insan kapitalına qoyulan investisiya olduğunu vurğulayıblar.
İki qurum arasındakı qarşılıqlı əməkdaşlıq kadr hazırlığı, birgə elmi simpozium, forum və konfransların təşkili, monoqrafiya, dərslik, dərs vəsaiti və metodiki tövsiyələrin hazırlanması, mütəxəssis hazırlığına dəstək verilməsi, tədrisin maddi-texniki bazasının möhkəmləndirilməsi və təkmilləşdirilməsi, tələbələrin istehsalat təcrübəsi keçməsi və məzunların işlə təmin edilməsinə kömək göstərilməsi, Azərbaycan Universitetinin innovativ Biznes İnkubatoru ilə birgə layihələr (“startup”lar) təşkili, elm-təhsil sahəsində müxtəlif layihələrin həyata keçirilməsi kimi sahələri əhatə edəcək. Müqavilədə, həmçinin ATİB-ə daxil olan şirkətlərdə çalışan mütəxəssis və əməkdaşların peşə-ixtisas səviyyələrinin artırılması məqsədilə universitetdə fəaliyyət göstərən kurslarda iştirakı, birliyin öz maliyyə imkanları nisbətində obyektiv meyarlarla seçilən tələbələrə adlı təqaüdlərin verilməsi, onların elmi-tədqiqat işlərinə xüsusi qrant və vəsaitlərin ayrılması da nəzərdə tutulur.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Universiteti_beynelxalq_elaqelerini_genislendirir-843842

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR