Faşizm üzərində qələbənin 70-ci ildönümünə hazırlıq işləri ilə bağlı iclas

14:33 6 Aprel 2015
261 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 6 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyəti aparatının II Xüsusi şöbəsində faşizm üzərində qələbənin 70-ci ildönümünün qeyd olunması ilə əlaqədar AMEA-nın institut və təşkilatları veteranlar şurası sədrlərinin iştirakı ilə iclas keçirilib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə şöbənin rəisi Eldar Quliyev 1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinə hazırlıqla əlaqədar görüləcək işlər barədə məlumat verib. Bildirilib ki, 1941-45-ci illər müharibəsində qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər Planının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti müvafiq Sərəncam imzalayıb.
Diqqətə çatdırılıb ki, Tədbirlər Planına əsasən bir sıra dövlət qurumları tərəfindən faşizm üzərində qələbədə Azərbaycan neftçilərinin, neft-kimya və maşınqayırma sənayesi işçilərinin, dəmiryolçularının, tibb işçilərinin müstəsna roluna dair elmi konfranslar, simpoziumlar keçiriləcək.
E.Quliyev qeyd edib ki, Azərbaycan xalqı tarixin ağır sınaqlarına sinə gərməyi və bu sınaqlardan üzüağ çıxmağı bacaran qəhrəman xalqdır. Xalqımızın bu müharibədə qələbə qazanmasında rolu əvəzolunmazdır. Bizim bu qələbəni daha çox qeyd etməyə haqqımız var. Çünki o zaman 700 min azərbaycanlı ön cəbhəyə yola düşüb. Bakı nefti 1941-1945-ci illərdə SSRİ üzrə çıxarılan ümumi neftin 85-95%-ni təşkil edib. Mühüm hərbi-sənaye şəhərinə çevrilən Bakıda 130 növ silah və hərbi sursat istehsal olunurdu.
Tədbirdə, həmçinin AMEA-nın Veteranlar Şurasının sədri, akademiyanın müxbir üzvü Rafiq Qasımov XX əsrin ən dəhşətli hadisəsi sayılan İkinci Dünya müharibəsindən danışaraq vurğulayıb ki, alman faşistləri ilə ölüm-dirim savaşında 700 minədək soydaşımız iştirak edib, onların yarıdan çoxu qəhrəmancasına həlak olub.
Daha sonra veteranlar şuralarının sədrləri Mehri Məmmədova, Qabil Camalov, Novəl Əfəndiyev, Ənvər Qasımlı və başqaları çıxış edərək arxa cəbhədə də yorulmaq bilməyən insanların misilsiz xidmətlərindən söz açıblar. Ümummilli lider Heydər Əliyev tərəfindən müharibə veteranlarına, onların ailələrinə göstərilən diqqət və qayğının hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulayıblar.
İclasda yubiley tədbirlərinə hazırlıq işlərinin yüksək səviyyədə aparılması üçün müvafiq tapşırıqlar verilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Fasizm_uzerinde_qelebenin_70_ci_ildonumune_hazirliq_isleri_ile_bagli_iclas-843853

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR