Manatının devalvasiyası sığorta şirkətlərinin işinə təsir etməyib

14:58 6 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 6 aprel, Gülnar Bəşirova, AZƏRTAC
Azərbaycanda manatının devalvasiyası sığorta şirkətlərinin işinə təsir etməyib
AZƏRTAC-ın məlumatına görə bunu Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov jurnalistlərə deyib. “Sığorta şirkətlərinin öhdəlikləri, ehtiyatları, ödənişləri manatla olduğundan onlar devalvasiyanın təsirini hiss etməyib. Sığorta şirkətləri üçün məzənnə riski olmayıb”, - deyə N. Xəlilov bildirib.
Narazı vətəndaşlar tərəfindən Dövlət Sığorta Nəzarəti Xidmətinə vaxtaşırı şikayətlərin daxil olduğunu söyləyən N.Xəlılov, bu şikayətlərin bəzilərinin əsaslı, digərlərinin isə əsasız olduğunu bildirib: “Bir neçə il öncə şikayətlər sığorta şirkətlərinin ödəniş etməməsi ilə bağlı idisə, hazırda elə şikayətlərin sayı dəfələrlə azalıb. Şikayətlər daha çox sığorta ödənişinin məbləğinin az olması ilə əlaqəli olur. Bu hallar da getdikcə qaydasına düşür".
N. Xəlilov diqqətə çatdırıb ki, sığorta hadisələri nəticəsində dəyən zərərlərin qiymətləndirilməsi üzrə qabaqcıl şirkətlərdən biri kimi geniş təcrübəyə malik olan “Audatex” şirkəti bir neçə gün öncə Azərbaycanda törəmə şirkətini qeydiyyatdan keçirib. Törəmə şirkət bir neçə aydan sonra fəaliyyətə başlayacaq və sığorta şirkətlərinin imkanı olacaq ki, bu sistemə qoşulsun və qiymətləndirmədə hansısa standart yanaşma tətbiq olunsun. İcbari sığorta ilə məşğul olan şirkətlərin hamısının ora qoşulması məcburi olacaq. Bu, şəffaflığa şərait yaradacaq. Əminəm ki, bu, şikayətlərin sayının azaldacaq. Maliyyə Nazirliyinin üçillik Tədbirlər Planında sığorta işinin inkişafı ilə bağlı hissədə qeyd olunur ki, şikayətlərə baxılma qaydası ilə bağlı qanunvericilikdə müəyyən dəyişikliklər edilsin. Şikayətlərə sığorta şirkətləri baxsa, bunların əksəriyyəti həll edilər”,-deyə xidmət rəisi əlavə edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Manatinin_devalvasiyasi_sigorta_sirketlerinin_isine_tesir_etmeyib-843884

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR