Kiyev, 6 aprel, AZƏRTAC
AZƏRTAC Ukrinforma istinadla xəbər verir ki, 22 yaşlı ukraynalı Mariya Muzıçuk qadınlar arasında şahmat üzrə 15-ci dünya çempionu olub.
Lvov vilayətinin Strıy şahmat məktəbinin yetirməsi Soçidə (Rusiya) dünya birinciliyinin finalının yekun dördüncü partiyasında rusiyalı Natalya Poqonina ilə heç-heçə oynayıb. Finalın Mariya Muzıçukun xeyrinə 2,5-1,5 yekun hesabı ona dünya çempionu titulu gətirib.
Mariya finala gedən yolda Kanadanı təmsil edən Yuanlin Yuana (2,5:1,5), polşalı Monika Soçkoya (3:1), bolqarıstanlı Antoaneta Stefanovaya (1,5: 0,5), habelə Hindistan təmsilçilləri Hampi Konerə (2,5:1,5) və Dronavalli Harikuya (3,5: 2,5) qalib gəlib.
Qalib dünya çempionatının 450 min ABŞ dolları həcmində mükafat fondundan 60 min dollar alacaq.
Beləliklə, Mariya Muzıçuk xarkovlu Anna Uşeninadan sonra qadınlar arasında şahmat üzrə ikinci ukraynalı dünya çempionu olub. A.Uşenina dünya şahmat tacına 2012-ci ildə daçıyıb.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev