Kriminal ünsürlərin toplaşdığı məkan

Kriminal ünsürlərin toplaşdığı məkan
15:17 9 Yanvar 2015
133 Dünya
Ölkə mətbuatı
A- A+

Region ölkələrində beynəlxalq tədbirlər keçirildiyi bir vaxtda Ermənistan “oğru”ların “sammiti”nə ev sahibliyi edir
Kriminal və cinayətkar qanunlarla idarə olunan Ermənistan “qanuni oğru”ların toplaşdığı məkana çevrilib. Düşmən ölkə növbəti dəfə kriminal ölkə olduğunu təsdiqləyən addım atıb. Sarkisyan rejiminin razılığı ilə dünyanın ən təhlükəli “Qanuni oğrular”ı paytaxt Yerevanı özlərinin toplantı yeri kimi seçiblər. Maraqlıdır, Cənubi Qafqazın digər ölkələri beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etdiyi bir vaxtda Ermənistanın paytaxtında “oğru”ların sammiti keçirilib. Rusiya nəşrləri yazır ki, yığıncaq əvvəlcə Moskvaya təyin olunsa da, Rusiya hüquq-mühafizə orqanlarının təzyiqlərindən sonra kriminal avtoritetlər işğalçı ölkəyə toplaşmaq qərarına gəliblər. Toplantı kriminal Sarkisyan rejiminin razılığı ilə İrəvanda baş tutub. 100-dən çox avtoritet “Oğru dünyası”nın problemlərini müzakirə ediblər, bir sıra qərarlar qəbul ediblər. Əslində, kriminal avtoritetlərin işğalçı ölkəyə toplaşmasının simvolik mənası var. Bu toplantıya ev sahibliyi etməklə Ermənistan bir daha kriminal ölkə olduğunu dünyaya nümayiş etdirmiş oldu. Məsələ burasındadır ki, Ermənistan əvvəllər də kriminal aləmin nümayəndələrinin toplaşdığı məkan olub. Üstəlik, başda ölkə prezidenti olmaqla hakim strukturlarda kriminal aləmin nümayəndələri təmsil olunurlar. Görünür, bu səbəbdən dünyanın kriminal avtoritetləri Ermənistanda özlərini daha etibarlı və təhlükəsiz hiss edirlər. Yayılan son məlumatlara görə, Rusiyanın Rostov aeroportunda Lyoxa “İrkutskiy” kimi tanınan qanuni-oğru Aleksey Qudına həbs edilib. Qudına saxta sənədlə Ermənistana uçmaq niyyətində olub. Qeyd edək ki, Lyoxa İrkutskiy 2001-ci ildə yalandan ölümünü uğurla səhnələşdirərək saxta sənədlərlə leqal və sakit yaşamağa çalışıb. Cinayət işinin motivlərinə əsasən, Lyoxa İrkutskiy cinayətkar fəaliyyəti bütün Rusiya boyu yayılan qruplaşmanın üzvü olub.

Yeri gəlmişkən, Ermənistanda baş tutan və son 10 ilin ən iri kriminal sammiti hesab olunan “sxodka”nın bəzi yeni təfərrüatları da məlum olub. “Rosbalt” agentliyi bu sammitin Ermənistanın Kotayk vilayətində baş tutduğunu yazır. Rusiya hüquq-mühafizə orqanlarının “vor zakonların” Moskvada toplaşacağı halda hamısını həbs edəcəyinə dair xəbərdarlığından sonra işə nüfuzlu erməni kriminal avtoritet, 2000-ci ildə ölən “Armen Kanevski” ləqəbli Armen Arutyunyanın qardaşı Artyom Arutyunyan qarışıb. Ermənistan hakimiyyətində güclü əlaqələrə malik olan Artyom “sammit”in İrəvandan bir saatlıq məsafədə olan kurort bölgəsi Kotaykda keçirilməsini razılaşdırıb.

Ehtimal edilir ki, erməni kriminal avtoritet məsələni birbaşa prezident Serj Sərkisyan, yaxud onun qardaşı Saşik vasitəsilə həll edib. Çünki Sarkisyanın və qardaşının kriminal dairələrlə ciddi biznes əlaqələri mövcuddur.

Daha sonra Artyom kriminal avtoritetlərin, o cümlədən ötən ilin payızında İspaniya həbsxanasından buraxılan “Şakro Molodoy” ləqəbli Zaxari Kalaşovum Ermənistanda həbs olunmayacaqlarına dair təminat alıb.

“Oğrular”ın Ermənistana toplaşması yerli mətbuat tərəfindən də ciddi qınaqla qarşılanıb. Məsələn. “Armenianreport.com” yazır ki, “faciə ondadır ki, xalq artıq hakim klan tərəfindən müəyyənləşdirilən oğru qaydaları ilə yaşamağa öyrəşib”. Eləcə də, “Ermənistanda “Beynəlxalq forum”, “Zindanda oturmalı olan oğru Ermənistanda hakimiyyət başındadır” başlıqlı məqalələr dərc edilib. “Ermənistanda “qanuni oğrular” yığıncağının keçirilməsini bu ölkənin Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlüyü çərçivəsində birinci vacib hadisə hesab etmək olar”. Bu cümlələr isə Ermənistan mətbuatında dərc olunan “Avrasiya İttifaqına - kriminal ittifaqa xoş gəlmisiniz” başlıqlı məqalədə yer alıb. AİB-nin ələ salındığı yazıda bildirilir ki, Ermənistan hələ bu ittifaqın dəyərli üzvü olmağa vaxt tapmamış, ona fakt və sübutlarla ittifaqdakı əsl yeri göstərildi: “Ermənistanda cinayətkar aləmin böyük beynəlxalq yığıncağı təşkil olundu”. Təbii ki, cinayətkar aləmin belə yığıncaqlarının təşkili ciddi siyasi himayəsiz ola bilməz. Erməni hakimiyyətinin bəlkə də belə tədbir keçirmək, himayədarlıq etmək üçün gücü çatmaz. Çünki Ermənistanda yüksək “çəki kateqoriyasına” daxil olan təqribən 100 “qanuni oğru”nun qəbulu üçün daha nüfuzlu himayəçilərə malik olmaq lazımdır. Bu planda məntiqlidir ki, bu himayəçi Avrasiya İqtisadi Birliyidir, onun birinci böyük tədbiri, faktiki olaraq, Ermənistanda keçdi. Heç kim üçün şübhə doğurmur ki, Ermənistanın AİB-yə üzvlüyü iqtisadi əhəmiyyəti ilə deyil, məhz cinayətkar aləmlə bağlılığıdır. Heç də ona təəccüblənmək lazım deyil ki, AİB üçün Ermənistanın gələcək əhəmiyyəti daha çox məhz cinayətkar aləmin belə yığıncaqlarının İrəvanda keçirilməsidir. Digər nöqteyi-nəzərdən, post-sovet ölkələrinin “qanuni oğruları”nın böyük yığıncağının işğalçı ölkədə keçirilməsi dünyaya xüsusi mesajdır ki, belə tədbirlərin maneəsiz məkanı ancaq Ermənistan ola bilər. Bu da dövlətin gələcəyi üçün böyük problem yaradır: “Ermənistan belə cinayətkar yığıncaqlara ev sahibliyi edirsə, demək, bu dövlətin gələcəyi yoxdur. Son illər Ermənistan mədəni dünyadan kənarda qalır, ancaq kriminal aləm xəritəsinə daxil olur. Bu, təbii ki, arzuolunan deyil. Gələcək perspektivdə dövlət üçün müsbət heç nə görünmür. Necə deyəllər status-kvo bərpa olunur, erməni “amili” cinayətkar dünyada özünü tapır və beləliklə, Ermənistan mədəni dünyadan itib gedir”.

Kaspi.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR