Zaqatalada “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans işə başlayıb

Zaqatalada “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans işə başlayıb
15:28 6 Aprel 2015
54 Ölkə
Ölkə mətbuatı
A- A+


Zaqatala, 6 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) İslam dininin ənənəvi dəyərlərinin təbliği ilə bağlı regionlarda dini maarifləndirmə tədbirlərini davam etdirir.
AZƏRTAC xəbər verir ki, DQİDK-nin və Zaqatala Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı aprelin 6-da Zaqatala şəhərində “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda növbəti regional konfrans işə başlayıb.
İki gün davam edəcək tədbirdə Zaqatala, Balakən və Qax rayonlarında fəaliyyət göstərən dini icmaların sədrləri, imam və axundlar, fəal dindarlar, ilahiyyatçılar, həmçinin Komitənin rəsmiləri və Milli Məclisin deputatları iştirak edirlər.
Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin mədəniyyət və istirahət parkında ucaldılmış abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.
Mədəniyyət evində keçirilən tədbiri rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə açıb. M.Əhmədzadə İslam dininin dəyərlərinin qorunması məqsədi ilə keçirilən bu cür maarifləndirmə tədbirlərinin əhəmiyyətini qeyd edərək, konfransın işinə uğurlar arzulayıb. Qeyd olunub ki, dini icmalarla qarşılıqlı münasibətlərin formalaşması nəticəsində rayonda dini durum sabitdir, dini etiqad azadlığının təmin olunması, milli-mənəvi dəyərlərin qorunub saxlanması üçün davamlı tədbirlər həyata keçirilir.
Konfransda çıxış edən DQİDK-nin sədri Mübariz Qurbanlı ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu bildirib. Qeyd olunub ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı daha da sürətlənib. Ümummilli lider Heydər Əliyevin milli-mənəvi dəyərlərin qorunması üçün misilsiz xidmətlər göstərdiyini vurğulayan Komitə sədri, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Diqqətə çatdırılıb ki, indi Azərbaycanda dünyaya nümunə ola biləcək tolerantlıq mövcuddur. Ölkəmizdə müxtəlif dinlərin nümayəndələri dinc yanaşı, azad şəraitdə yaşayırlar.
Komitə sədri bildirib ki, ayrı-ayrı bölgələrdə təşkil olunan bu tədbirlərin əsas məqsədi dövlət-din münasibətləri ilə əlaqədar Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin başlıca istiqamətlərini ictimaiyyətin diqqətinə çatdırmaqdır. Vurğulanıb ki, dünyada İslam dinini radikalizmə sürükləmək meyllərinin artdığı bir zamanda milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan, o cümlədən ölkə əhalisinin əksəriyyətinin etiqad etdiyi İslam dininin ənənəvi dəyərlərinin və mədəniyyətinin təbliği prioritet məsələlərdəndir.
Konfransda Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, Milli Məclisin deputatı Kamilə Əliyeva, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazisi İbrahim İbrahimov çıxış edərək ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, tolerantlıq mühitinin qorunub saxlanması, zərərli təbliğatın qarşısının alınması istiqamətində görülən işlərdən danışıblar.
Sonra konfrans işini plenar iclaslarda davam etdirib.
DQİDK sədrinin birinci müavini Səyyad Salahının moderatorluğu ilə keçirilən birinci plenar iclasda “Dini dəyərləri yenidən düşünmək: “tarixilik” və “qloballıq” iddiaları” mövzusunda məruzə dinlənilib, həmçinin Komitədə hazırlanmış nümunəvi layihənin təqdimatı olub.
İkinci plenar iclasda isə “İslam dünyasında radikalizmin yaranma səbəbləri: tarixilik və müasirlik” və “Dini radikalizmlə mübarizənin metodoloji əsasları” mövzularında məruzələr dinlənilib.
Konfransın birinci günü DQİDK-nin rəsmiləri Zaqatala şəhəri və Əliabad qəsəbəsindəki Cümə məscidlərinə də baş çəkib, həmçinin Bakı İslam Universitetinin Zaqatala filialında olublar.
Aprelin 7-də regional konfrans işini plenar iclaslarda davam etdirəcək.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Zaqatalada_Anenevi_Islam_deyerleri_ve_muasirlik_movzusunda_regional_konfrans_ise_baslayib-843899

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR