Aktyor həyatda oynamamalıdır

Aktyor həyatda oynamamalıdır
15:27 9 Yanvar 2015
323 Maraqlı
Ölkə mətbuatı
A- A+

Erdal Özyağcıl: “Peşəkar olmaq hər gələn təklifə razılıq verməməkdir. Mən də yeri gələndə “yox” deməyi bacardım”
Ötən ilin sonlarında Türkiyənin sevilən aktyorlarından olan Erdal Özyağcıl uzun müddətdən sonra “Martı” adlı teatr truppası yaratdı. Həmin teatrda ilk olaraq Yıldırım Fikret Urağın rejissorluğu ilə, Zeynəp Özyağcılar, Aydın Şəntürk, Bahar Çebi və Simge Defnenin rol aldığı, qadına qarşı şiddətə etiraz mövzusunda “Uçlar” tamaşası oynanıldı. Ömrünü teatra və filmlərə həsr edən Erdal Özyağcılın xoşbəxtliyi gözlərindən hiss olunurdu.

Türkiyə mətbuatına açıqlama verən yaşlı aktyor hazırda çəkilən serialların reytinq qazanmadığı halda, televiziya kanallarında yayımının dayandırılmasına da münasibət bildirib. Müsahibəni təqdim edirik.

- İllərdir filmlərdə, seriallarda rol aldınız. Deyəsən teatr üçün darıxmısınız ki, belə bir təşəbbüs irəli sürmüsünüz.

- Əlbəttə ki, teatr üçün çox darıxırdım. Nə qədər darıxsam da, rol aldığım seriallarda və filmlərdə maraqlı vaxt keçirmişəm. Çəkiliş arxasında nə qədər insan var idisə, onları tamaşaçı gözündə görürdüm. Obrazımı canlandırarkən həmin insanların simalarına baxıb onların baxışlarından canlandırdığım obrazın yaxşı və ya pis olduğunu anlayırdım. Səhnədə isə pərdə arxasında alqışları eşitdikdə, tamaşaçılar tərəfindən canlandırdığım obrazlar haqqında xoş sözlər eşidəndə əlbəttə ki, çox xoşbəxt oluram. Teatrda tamaşaçı ilə üz-üzə olursan. Onlara canlı bir sənət növü göstərirsən. Tamaşaçılara ötürdüyün ruhu əvvəlcə sən, sonra tamaşaçı hiss edir. Teatrın müqəddəsliyi onun cəsarətindədir. Mənim üçün teatr filmdən və serialdan qat-qat üstündür. Tamaşaçıya yalan danışmasan, əlində olan alətdən peşəkarcasına istifadə etsən, o zaman tamaşaçı səni duyar və anlayar. Bu baxımdan, özünü tamaşaçıya daha yaxşı təqdim edərsən.

- Siz Türkiyədə çəkilən əksər seariallarda rol almısınız. Son zamanlar seriallar reytinq qazanmadığı halda, televiziya kanallarında yayımı dayandırılır. Sizcə, bunun səbəbi nədir?

- Hazırda hər şey reytinqlə ölçülür. Əvvəllər reytinqlərdə ilk 20-liyə girə bilməyən filmlər və seriallar bu gün reytinq cədvəllərində 2-ci və ya 3-cü yerlərdə qərar tutur. Bu, adama doğrudan da pis təsir göstərir. Reytinqlərdə ön sırada olan serialları demək olar ki, hər gün izləyirəm. Təəssüf hissi ilə qeyd edirəm ki, həmin seriallarda keyfiyyət baxımından heç nə görə bilmirəm. Reklam şirkətləri də məhz həmin keyfiyyətsiz filmlərə pul yatırırlar. Film sahəsində çalışan hər kəsə günah edirlər. Hesab edirəm ki, Türkiyədə serial aləmində olan bu sistem tez bir zamanda dəyişməlidir. Bu gün serial aləmində daha çox real həyatdan götürülmüş hadisələr, insanların başına gələn hekayələr yer alır. Serial çəkən şirkətlər də reytinqləri gördükdən sonra artıq necə bir hekayə yazacaqları ilə bağlı şübhə içindədirlər. Əminliklə deyə bilərəm ki, bu gün serial aləmində böyük bir xaos var.

- Hər zaman bir-birindən fərqli obrazlar yaratmısınız. Ancaq sizin ayrı-ayrılıqda hər bir obrazınız çox sevildi.

- Hesab edirəm ki, peşəkar olmaq hər gələn təklifə razılıq verməməkdir. Mən də yeri gələndə “yox” deməyi bacardım. Tanınmağımda əsas rol oynayan “Yabancı damat” serialından sonra Türker İnanoğlu Qaradəniz bölgəsi ilə bağlı film çəkdi. Əsas rollardan birini də mənə təklif etdi. Mən də mehriban şəkildə bildirdim ki, bu dəfə bizim onunla işbirliyimiz alınmayacaq. Səbəb isə hekayəni çox sevsəm də, bu hekayədəki qəhrəmanın mənim bundan öncə yaratdığım paxlava ustası Qəhrəmana çox bənzəməsi idi. Hesab edirəm ki, aktyor özünü və öz nüfuzunu qorumalıdır. Hər kəsin özünə görə bir xüsusiyyəti var. Ona görə də hər gələn təkliflə razılaşmaq düzgün deyil. Elə zamanlarım olub ki, uzun müddət heç bir filmdə və serialda rol almamışam. Yığdığım bütün pullar bitib və mən məcbur qalıb bankdan kredit götürmüşəm.

- Sizinlə işləyən aktyorlar deyirlər ki, oynayacağınız obraz üzərində çox çalışırsınız, işinizə qarşı diqqətlisiniz.

- Elədir. 30 ildən çoxdur ki, seriallara çəkilirəm. Hələ də indiyə kimi hər bölümdən iki saat əvvəl obrazımı özüm üçün təkrarlayıram. Təəssüflər olsun ki, hələ də bəzi aktyorlar ssenarini öyrənməmiş çəkiliş məkanına gəlirlər. O tip insanları görəndə çox əsəbiləşirəm. Aktyor olimpiadalara hazırlaşan atlet kimidir. O, həm ruhi, həm də fiziki cəhətdən öz sağlamlığına fikir verməli və üzərində daim çalışmalıdır. Sənətçi odur ki, özünü bütün xəstəliklərdən qorusun. Aktyorluq ruh xəstəliyi deyil, əksinə ruhun yüksəlməsidir. Aktyor həyatda heç zaman oynamamalıdır. Həyatda oynayan aktyor sadəcə özünü aldadır. Hər gecə lampasını bir başqa yerdə söndürüb 3 saatlıq yuxu ilə çəkiliş məkanına gələ bilməzsiniz. Mən neçə illik yaradıcılığımda bir dəfə də olsun 8 saat normal yuxu yatmadan çəkiliş məkanına getməmişəm. 3 saatlıq yuxu insanı haldan salır.

- Sağlamlığınızı qorumaq üçün yuxunuza diqqət etməkdən əlavə nələr edirsiniz?

- Yediklərimə, içdiklərimə, gündəlik rejimimə diqqət edirəm. Keçən il 12 kilo arıqladım. Artıq siqaret çəkmirəm. Səhər yeməyimi güclü yeməyə çalışıram. Əgər çəkilişə gedəcəyəmsə, içki içmirəm. Rejimli şəkildə idman edirəm. Hər həftə mütləq şəkildə masaja, arada bir də hamama gedirəm. 15 ildən artıqdır ki, gözlərim üçün krem vururam, dərimin təzə qalması üçün nəmləndirici kremdən istifadə edirəm. Ürəyimdən nə keçirsə, onları da yeyirəm.

- Deyirlər ki, siz sərt və tərs adamsınız. Doğrudan da eləsinizmi?

- İnsanlar arasında nəzakət deyilən bir anlam var. Mən xüsusilə də qadınlar arasında heç zaman o nəzakəti pozmamışam. Əgər özünü insanlara mülayim, səmimi göstərməyə çalışırsansa, deyirlər ki, filankəs çox yaxşı insandır. Mən həyatda o cildə girə bilmirəm. Nəzakətli şəkildə doğru bildiyim sözü qarşımdakı insana birbaşa olaraq söyləyirəm. Allah məni belə yaradıb. Bizim ölkədə bu, çox az rast gəlinən xüsusiyyət olduğu üçün mənim barəmdə hər kəs tərs və sərt insan deyir. Xüsusilə də öz sənətimlə bağlı hansısa bir çatışmazlığı görəndə onu həmin an dilə gətirirəm. İstəyirəm ki, insanlar da mənim hansısa pis cəhətimi görəndə üzümə desinlər. Bəlkə mən nəyisə düz etmirəm? Səhvimi görəndə özümü düzəldərəm. Tənqidə hər zaman açıq insanam.

Kaspi.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/318177.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR