Neft Akademiyasında ŞOK qanunsuzluqlar aşkarlandı

Neft Akademiyasında ŞOK qanunsuzluqlar aşkarlandı
17:59 6 Aprel 2015
112 Ölkə
Ölkə mətbuatı
A- A+

2 prorektor cəzalandırılıb

 

 

Azərbaycan Dövlət Neft Akademiyasında büdcədən ayrılan vəsaitlər və büdcədənkənar daxilolmalarla bağlı ciddi nöqsanlar aşkarlanıb, iki prorektor, bir neçə dekan və şöbə müdiri ilə yanaşı, 13 nəfər barəsində tədbir görülüb.

 

APA-nın məlumatına görə, bu, Hesablama Palatasının 2014-cü ildəki fəaliyyətinə dair hesabatında əksini tapıb. Hesabata əsasən, yoxlama zamanı aşkarlanıb ki, ödənişli əsaslarla təhsil alan əcnəbi tələbələrdən təhsil haqqı nağd qaydada yığılaraq banka təhvil verilib, tədris ilinin əvvəlində akademik məzuniyyətə gedən və təhsil haqqının müəyyən hissəsini ödəyən magistrlar üzrə debitor borc hesablanmayıb. Müqavilə şərtlərinə əməl edilməyərək, tələbə sırasından xaric edilmiş birinci kurs tələbələrindən təhsil aldığı müddət üçün təhsil haqqının alınması təmin edilməyib. Kafedralar üzrə artıq laborant ştatı saxlanılıb, doktorantların və dissertantların sayının normadan az olmasına baxmayaraq, doktorantura şöbəsi, artıq kafedralar yaradılıb, tələbə şəhərciyindəki yataqxanalarda qaçqın və məcburi köçkünlər məskunlaşsa da işçilər saxlanılıb və ehtiyac olmadığı halda əcnəbi tələbələrlə iş üzrə dekanlıq yaradılıb, tədris korpusları üzrə artıq ştat vahidləri saxlanılıb. Nazirlər Kabinetinin müvafiq qərarlarının tələblərinə əməl edilməyərək artıq qruplar yaradılaraq müəllimlərə əmək haqqı, habelə akademik borcu olan tələbələrə təqaüd ödənilib. Büdcədənkənar vəsaitlər üzrə ştatdankənar işçilərin əməkhaqqı və əməyin ödənişi ilə bağlı kreditor borc hesablamalarda ilin sonuna az göstərilib, nəqliyyat vasitələri istisna olunmaqla digər əsas vəsaitlər və uzunmüddətli inventar və avadanlıqların inventarizasiyası müvafiq qaydada həyata keçirilməyib.           

 

Hesablama Palatasının Kollegiyası auditin nəticələrini müzakirə edərək, aşkarlanan nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində qanunvericiliyə uyğun zəruri tədbirlərin həyata keçirilməsi və görülmüş işlərə dair Hesablama Palatasına məlumatın təqdim edilməsi barədə qərar qəbul edib. Həmin qərar icra üçün Təhsil Nazirliyinə və Dövlət Neft Akademiyasına göndərilib. Nəzarət tədbirlərinin nəticələri üzrə Milli Məclisə məlumat verilib.

 

Neft Akademiyası tərəfindən 32304,9 manat vəsaitin dövlət büdcəsinə bərpası, 16937,8 manat dəyərində maddi dəyərlərin artıqlığının uçota bərpası, 4333,0 manat dəyərində əlavə təmir işlərinin görülməsi, 5194,6 manat dəyərində əsas vəsaitlərin və 957,0 manat debitor və 18794,0 manat məbləğində kreditor borcun uçota alınması, əsassız artırılmış anbar qalığının 34578,0 manat məbləğində azaldılması, artıq və lüzumsuz ştatlar üzrə 211,5 ştat vahidinin ixtisarı, Nəsimi rayon MÜhafizə İdarəsi ilə müqavilə şərtlərinin dəyişdirilməsi, Mülki Mühafizə Xidməti ilə müqavilənin ləğv edilməsi təmin edilib.

 

Eyni zamanda nöqsanlara yol vermiş 13 nəfər barəsində müvafiq intizam tənbehi tədbirlərinin görüldüyü, o cümlədən 1 dekanın vəzifəsindən azad edildiyi, baş mühasibə və 1 dekana, anbar müdirinə və 2 aparıcı mühasibə şiddətli töhmət, tədris işləri və inzibati – təsərrüfat işləri üzrə prorektorlara, 3 dekana və şöbə rəisinə töhmət elan edildiyi bildirilib.

 

Hesabat aprelin 14 – də Milli Məclisdə müzakirəyə çıxarılacaq.                                                                                                        


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/198406

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR