Misirli diplomat: Azərbaycandakı tolerantlıq və mötədillik ruhu yüksək qiymətə layiqdir

Misirli diplomat: Azərbaycandakı tolerantlıq və mötədillik ruhu yüksək qiymətə layiqdir
19:43 6 Aprel 2015
62 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 6 aprel, AZƏRTAC
Dünya dövlətlərində terror, zorakılıq və ekstremizm hallarının baş alıb getdiyi bir vaxtda Azərbaycanda mövcud olan tolerantlıq və mötədillik ruhunu biz daim yüksək qiymətləndiririk. Azərbaycan müxtəlif dinlər və mədəniyyətlərin yanaşı yaşaması timsalında özünəməxsus nümunə təqdim edir ki, bu da onu dialoq üçün mühüm platformaya çevirir. Azərbaycanın mədəniyyətlərarası dialoqu gücləndirən, sivilizasiyalar arasında əlaqələri inkişaf etdirən, bəşər mədəniyyətinin zənginləşdirən mənəvi, mədəni və əqidə müxtəlifliyinin təmin olunmasının əhəmiyyətini vurğuluyan bir sıra mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi dediklərimizi bir daha təsdiqləyir.
Bu fikirlər Misirin Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Heysəm Cəlalın AZƏRTAC-a göndərdiyi “Misir - ərəblərin evi” adlı məqaləsində yer alır. Diplomatın məqaləsini təqdim edirik.

Misir bu ilin 28-29 martında 26-cı Ərəb Sammitinə ev sahibliyi etdi. Bu tədbir Ərəb Dövlətləri Liqasının yaranmasının 70 illik yubileyi ilə bir vaxta təsadüf edirdi. Sammit gərgin ərəb münasibətlərinin, regional və beynəlxalq böhranın mövcud olduğu bir dövrdə keçirildi. Beləliklə, Ərəb Sammiti birgə hərəkət etmək üçün balanslı və etibarlı planların qəbul eidlməsi, aktiv və konkret təsiri olan mexanizmlərin işlənib hazırlanması ilə ərəb millətinin milli təhlükəsizliyinin üzləşdiyi bir sıra çağırışlara cavab verməli idi.
Misir ərəb millətinin mövcudluğunu və onun kimliyini təhdid edən, ərəb ictimaiyyətinin sosial-mədəni əsasını sarsıtmağa, vaxtı keçmiş və bir daha gerçəkləşməsi mümkün olmayan ekspansiya arzularının vəsvəsəsinə düşmüş xarici dairələrin dəstəyi ilə ərəb vətəndaşlar arasında din, məzhəb və irqi ayrı-seçkilik yaratmaqla, bu ictimaiyyətin çoxsaylı əlaqələrini qırmağa çalışan təhlükələrin ağırlığını hiss edir. Misir yaxşı anlayır ki, bu təhlükələrin qarşısında süstlük və ya zəiflik göstərilməsi həmin xarici dairələrə ərəb dövlətlərinin təməlini pozmağa imkan yaracaq. Bununla da ərəb dövlətləri zəifləyərək dağılmalarını gözləyən parça-parça olmuş kiçik qurumlara çevriləcəklər.
Sammit ərəfəsində Misir aşağıdakı başlıca çağırışlara cavab verməyin əhəmiyyətini vurğuladı:
- Mülki şəxslərin qəlblərinə qorxu salmaqla, qətllər törətməklə, təxribatçılıq və insan ləyaqətini alçaltmaqla lovğalanmaq yolu ilə bir sıra ərəb dövlətlərində terrorçu qrupların rolunun və dövlət quruluşunu qoruyan hər hansı ictimai rejimi və ya siyasi hakimiyyəti devirmək cəhdlərinin şiddətlənməsi və artması. Həmin terrorçu qruplar ərəb cəmiyyətlərinin əsil kimliyini kökündən yox etməyə olan bacarıqları ilə yanaşı, eyni zamanda islam adından hakimiyyət iddia edən qarmaqarışıq ekstremist quruluşlar üçün nümunə yaratmağa səy göstərmək kimi ikiqat illüziyada yaşayırlar. Bu elə zamanda baş verir ki, həmin terrorçu qruplar İslamın qadağan etdiyi bütün əməlləri törədir və İslam düşmənlərinin can atdıqları bütün niyyətləri həyata keçirirlər.
- Ərəb millətindən olan gənclərin bəzilərini cəlb edən, onların terrorçu qruplara qoşulmasına yol açan, xarici dairələrə ərəb dövlətlərinin təhlükəsizliyini və istiqrarını pozmağa yönələn hədəflərini reallaşdırmaq üçün onlardan istifadə etməsinə və yönləndirməsinə imkan yaradan ifratçı dini fikirlərlə mübarizə aparmaqda başlıca vasitə kimi dini müəssisələri islah etmək və inkişaf etdirmək. Misir dini xütbələrin yoxlanılmasının, ifratçılığa, təəssübkeşliyə, başqasını inkara çağıran hər hansı fikrin təkzib edilməsinin, tolerantlığa, mötədilliyə və bütün dinlərin və mədəniyyətlərin birgə yaşayışına çağıran islam dinin əsl simasının çatdırılmasının zəruriliyini vurğulayıb.
- Savadsızlığa, yoxsulluğa, işsizliyə son qoymağa gətirib çıxaracaq balanslı iqtisadi və sosial-ictimai siyasətlərin həyata keçirilməsi, gənclər üçün yeni iş yerlərinin açılması və münasib həyat şəraitinin yaradılması yolu ilə onların enerjisinin düzgün istifadə edilməsi və istiqamətləndirilməsi, onların ekstremizm və terror qüvvələrinin şikarına çevrilmələrinin qarşısını almaq.
- Ekstremist fikirləri yaymaq, zorakılığa və nifrətə təhrik etmək məqsədilə terrorçu qrupların müasir texnikalardan, informasiya və rabitə texnologiyalarından istifadəyə can atmalarının qarşısını almağın vacibliyi. Misir rabitə və informasiya texnologiyalarından təhlükəsiz istifadə etmək prinsiplərini hazırlamaq, bu barədə mövcud beynəlxalq sazişləri fəallaşdırmaq üçün bütün səylərin səfərbər olunmasına çağırdı.
Misir terrorla mübarizədə xarici dairələrin dəstəyi ilə daxili bölünmələr və konfliktlərin şahidi olan bir sıra ərəb dövlətlərində təhlükəsizliyin və əmin-amanlığın bərqərar edilməsində dünya birliyinin cəhdlərinin birləşdirilməsinin əhəmiyyətini qeyd edir, belə münaqişələrin ədalətli həllinə, vahid vətən və sivil dövlətin aliliyinə, ərəb xalqlarının əmin-amanlıq, sülh şəraitində yaşamaq hədəflərini və istəkələrini həyata keçirmə haqqını təmin etməyə nail olmağın əhəmiyyətinə diqqət çəkir. Ərəb millətinin başlıca problemi kimi Fələstin məsələsinin beynəlxalq qanun və qərarlar, ərəb sülh təşəbbüsü , İsrail işğalının və qanunsuz məskunlaşdırılmanın dayandırılmasının təmin edilməsi, paytaxtı Şərqi Qüds olmaqla Fələstin dövlətinin yaradılmasına əsaslanan ciddi və səmərəli danışıqlar yolu ilə həlll edilməsinin zəruriliyini vurğuladı.
Misir Yaxın Şərq regionunun nüvə silahından və kütləvi qırğın silahlarından təmizlənməsinin zəruriliyi barədə çağırışlarını bir daha təkrarladı. 2015-ci il aprel-may ayları ərzində yayılmamaq müqaviləsinə yenidən baxılması üçün keçiriləcək konfransdan müsbət nəticələrin əldə edilməsi, xüsusilə 1995-ci ildə bu müqaviləyə yenidən baxılmasına dair konfransında qəbul olunmuş “Yaxın Şərqdə nüvə silahlarından və bütün kütləvi qırğın silahlarından xali regionun yaradılması haqqında” qərarın yerinə yetirilməsi üzərində işləməyin zəruriliyini qeyd etdi.
Sonuncu ərəb sammitinin ən mühüm nəticələri bu oldu ki, ərəb dövlətləri milli təhlükəsizliklərini qorumaq üçün vahid ərəb qüvvələri yaradılmasına razılıq verdilər. Bu qüvvələr çevik hərbi müdaxilə və üzv dövlətlərdən hər hansı birinin təhlükəsizliyini və bütövlüyünü, milli suverenliyini təhdid edən, ərəb milli təhlükəsizliyinə birbaşa təhlükə yaradan çağırışlara, o cümlədən terroçu təşkilatların təhdidlərinə qarşı durmaq üçün öhdəsinə düşəcək başqa vəzifələri maraqlı dövlətin tələbi ilə və hər hansı ərəb dövlətinin suverenliyini və müstəqilliyini azaltmadan, beynəlxalq hüquq prinsiplərinə tam ehtiram etməklə yerinə yetirəcək. Bu da BMT-nin və Ərəb Dövlətləri Liqasının nizamnamələrinə uyğundur. Vahid ərəb qüvvələrinin yaradılmasının təfsilatları barədə indidən başlayaraq dörd ay müddətində razılıq əldə edilməsi gözlənilir. Bu qüvvələrdə iştirak məcburi deyil, könüllü olacaq.
Şübhəsiz ki, bu sammit ərəb millətinin döyünən ürəyi kimi Misirin əsas rolunu həyata keçirməsinə qayıdışının əhəmiyyətini ortaya qoydu. Belə ki, Misir qədim tarixi boyu ərəb milləti üçün bir çıraq və sığınacaq olub. Misir bu həlledici anlarda ərəb millətinin təhlükəsizliyini və sabitliyini qorumaq üçün bütün lazımi dəstəyi əsirgəməyəcək. Beləliklə Misir ərəblərin evi olub və belə də olaraq qalacaq!
Dünya dövlətlərində terror, zorakılıq və ekstremizm hallarının baş alıb getdiyi bir vaxtda Azərbaycanda mövcud olan, tərəfkeşliyin və ifratçılığın yayılması cəhdlərinin qarşısını almaqda mühüm rol oynayan tolerantlıq və mötədillik ruhunu biz daim yüksək qiymətləndiririk. Azərbaycan müxtəlif dinlər və mədəniyyətlər arasında yanaşı yaşama timsalında özünəməxsus nümunə təqdim edir ki, bu da onu dialoq üçün mühüm platformaya çevirir. Azərbaycanın mədəniyyətlərarası dialoqu gücləndirən, sivilizasiyalar arasında əlaqələri inkişaf etdirən, bəşər mədəniyyətinin zənginləşdirilməsi üçün mənəvi, mədəni və əqidə müxtəlifliyinin təmin edilməsinin əhəmiyyətini vurğuluyan bir sıra mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi dediklərimizi bir daha təsdiqləyir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Misirli_diplomat_Azerbaycandaki_tolerantliq_ve_motedillik_ruhu_yuksek_qiymete_layiqdir-843999

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR