Birinci Avropa Oyunları ilə bağlı fərdi jurnalist yazıları müsabiqəsi elan edilib

19:48 6 Aprel 2015
51 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 6 aprel, AZƏRTAC
Milli Olimpiya Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən “Birinci Avropa Oyunlarının Bakıda keçirilməsinin ölkəmiz üçün əhəmiyyəti” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi elan edilib.
KİVDF-dən AZƏRTAC-a bildirilib ki, müsabiqənin məqsədi birinci Avropa Oyunlarının ölkəmiz üçün müstəsna əhəmiyyətinin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır.
Müsabiqədə ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentlikləri) fasiləsiz çalışan şəxslər iştirak edə bilərlər. Təqdim edilən yazıların sərlövhələri təklif olunmuş mövzularla eyni olmalıdır.
Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər. Qəzet və jurnallarda çalışan jurnalistlərin yazıları yalnız çalışdıqları mətbuat orqanlarında dərc edilməlidir. İnformasiya agentliklərində çalışan jurnalistlərin yazıları isə son 1 ildə, həftədə 1 dəfədən az olmayaraq nəşr edilən qəzetlərdə çap olunmalıdır. Yazılar son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı” ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir. Qəzetdə dərc olunmuş yazıda “Milli Olimpiya Komitəsinin və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir.
Yazılar aprelin 8-dən mayın 15-dək qəbul olunacaq.
Qiymətləndirmə zamanı mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma, materialın oxucu üçün informasiyalılıq səviyyəsi, yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi, jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti, eləcə də ictimai maraqların müdafiəsi kimi meyarlar əsas götürüləcək.
Müsabiqənın mükafat məbləği I yer üçün 700 manat, II yer (2 nəfər) üçün 500 manat, III yer (3 nəfər) üçün 300 manatdır. Bundan əlavə, 10 yazı müəllifinə 150 manat məbləğində həvəsləndirici mükafat müəyyənləşdirilib.
Qaliblər, həmçinin Milli Olimpiya Komitəsinin və KİVDF-nin xüsusi diplomu ilə təltif olunacaqlar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Birinci_Avropa_Oyunlari_ile_bagli_ferdi_jurnalist_yazilari_musabiqesi_elan_edilib-844003

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR