Vergidən yayınan iranlı sahibkar barəsində cinayət işinin istintaqı tamamlanıb

15:52 9 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 09 Yanvar 2015 15:49 ]


Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən araşdırılan ibtidai istintaq zamanı İran vətəndaşı Talebian Oveis Nemat oğlu alkoqollu içkilər üçün nəzərdə tutulmuş 27 491 ədəd saxta aksiz markalarını satış məqsədilə əldə etdiyi üçün saxlanılıb. 

 

Nazirliyin Analitik informasiya şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, O. Talebian istintaqa məlum olmayan mənbədən əldə etdiyi saxta aksiz markalarını özünün idarə etdiyi “Dong Feng” markalı 77B819-10/77B820-10 qeydiyyat nömrəli yük avtomobilinin kabinəsində sürücünün oturacağının altında gizlədərək 2014-cü ilin sentyabrın 18-də İrana aparmaq məqsədilə Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük postunun ərazisinə gətirib. Dövlət sərhədini keçərkən gömrük əməkdaşları tərəfindən Azərbaycan Gömrük Məcəlləsinin 92 və 99-cu maddələrinə əsasən yük avtomaşınına  baxış keçirilmiş və gizlədilmiş 27491 ədəd  saxta aksiz markaları aşkar edilərək götürülüb.

 

Qeyd olunan cinayətin O. Talebian tərəfindən törədilməsi ibtidai araşdırma zamanı toplanmış təkzibolunmaz sübutlarla - ilkin sənədlər, şahid ifadələri, ekspertiza rəyləri və digər istintaq dəlilləri ilə tam təsdiqini tapıb. İstintaq zamanı O. Talebian təqsirli bilinərək ona Azərbaycan CM-nin 205-1-ci maddəsi ilə ittiham elan olunub, barəsində Yasamal rayon Məhkəməsinin 4 dekabr 2014-cü il tarixli qərarına əsasən həbs qətimkan tədbiri seçilib.

 

Cinayət işi üzrə ittiham aktı Azərbaycan Baş Prokurorluğunda təsdiq olunub və iş baxılması üçün məhkəməyə göndərilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR