Play Store

Lənkəranda 5 nəfərin ölümündə təqsirləndirilən sürücü məhkəmədən bəraət istəyib

Lənkəran Ağır Cinayətlər Məhkəməsində 5 nəfərin ölümü və 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzasında təqsirləndirilərək həbs olunan Lənkəran sakini Eldar Aslanovun işi üzrə məhkəmə prosesi keçirilib.

Məhkəmədən Metbuat.az-a verilən məlumata görə, hakim Asim Hacıyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən təqsirləndirilən şəxs ittihamlarla, iş üzrə keçirilən avtoekspertizanın rəyi ilə razılaşmayıb. Sürücü hadisə zamanı günahın qarşı tərəfdən gələn avtomobildə olduğunu bildirib və məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Prosesdə dindirilən bəzi şahidlər də E.Aslanovun qayda pozmadığını təsdiqləyib.

Təqsirləndirilən şəxsin vəkili məhkəməyə sübutlarla bağlı sənədlər təqdim edib.

İş üzrə növbəti məhkəmə prosesi noyabrın 20-nə təyin edilib.

İttihama görə, ötən il sentyabrın 10-da Lənkəran rayonunun Boladi kənd sakini Bəxtiyar Quliyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil rayonun Parakənd qəsəbə sakini Eldar Aslanovun idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub.

Yol-nəqliyyat hadisəsi zamanı “VAZ-2106” markalı avtomobilin sürücüsü, Lənkəran rayonunun Boladi kənd sakini Bəxtiyar Quliyev, sürücünün həyat yoldaşı Əzizə Quliyeva, Boladi kənd sakinləri Bahar Bağırova və Nazilə Seyfullayeva dünyasını dəyişiblər.

“Mercedes” markalı avtomobilin sürücüsü, Lənkəran rayonunun Parakənd qəsəbə sakinləri Eldar Aslanov, Elman Ağazadə, Akif Nuriyev, Murad Cəfərli, Elvin Mirzəzadə və rayonun Boladi kənd sakini Reyhan Mahmudova Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Yaralılardan biri - Reyhan Mahmudova həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

İstintaq araşdırması zamanı yol-nəqliyyat hadisəsinin törədilməsində sürücü Eldar Aslanov təqsirli bilinərək həbs edilib.

E.Aslanov Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR