Muxtar respublikada “Kənd təsərrüfatı ili”ndə qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib

Muxtar respublikada “Kənd təsərrüfatı ili”ndə qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib
19:48 6 Aprel 2015
369 Ölkə
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 6 aprel, AZƏRTAC
Aprelin 6-da “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində Naxçıvan Muxtar Respublikasında “Kənd təsərrüfatı ili”ndə qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə iştirak edib.
Müşavirədə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Vasif Məmmədov çıxış edərək deyib ki, muxtar respublikada kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən ardıcıl tədbirlər çərçivəsində “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və onun rayon bazaları üçün də inzibatı binalar, anbar, texniki park və təmir sexləri tikilib istifadəyə verilib, maddi-texniki baza xeyli gücləndirilib, gətirilmiş texnika və texnoloji avadanlıqların əkin sahələrinə uyğun bölgüsü aparılıb. Cəmiyyətin fəaliyyəti dövründə muxtar respublikaya 1595 ədəd texnika və texnoloji avadanlıq gətirilib, onlardan 1117-si lizinq yolu ilə sahibkarlara satılıb. Ötən dövrdə taxılçılığın inkişafına da diqqət artırılıb, məhsul istehsalçılarına güzəştli şərtlərlə 33 min 211 ton azot, 6505 ton fosfor gübrəsi satılıb. Muxtar respublikada heyvandarlığın inkişafı istiqamətində də ardıcıl tədbirlər görülür, mal-qaranın cins tərkibi yaxşılaşdırılır. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən bu günədək 1810 baş damazlıq cins mal-qara xarici ölkələrdən alınaraq muxtar respublikaya gətirilib. Vasif Məmmədov muxtar respublikada aqrolizinq xidmətinin nümunəvi təşkil üçün yaradılan şəraitə görə minnətdarlıq edib, qarşıya qoyulan vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcəklərini bildirib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək deyib: 2015-ci il ölkəmizdə, eləcə də muxtar respublikada “Kənd təsərrüfatı ili” elan olunmuşdur. Ona görə də bu il kənd təsərrüfatının inkişafına diqqət daha da artırılacaq, bu sahədə ciddi dönüşə nail olunacaqdır. Hazırda ölkəmizdə kənd təsərrüfatının inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Əvvəllər kənd təsərrüfatı texnikaları torpaq mülkiyyətçilərinə və fermerlərə 10 il müddətinə lizinqə verilir, mineral gübrələr isə 50 faiz güzəştlə satılırdı. Lakin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kənd təsərrüfatının inkişafının stimullaşdırılması məqsədilə imzaladığı 2014-cü il 16 aprel tarixli Fərmanına əsasən kənd təsərrüfatı texnikaları lizinqə verilərkən dəyərinin 20 faizi ödənildikdə dövlət büdcəsi hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilməsi, eləcə də mineral gübrələrin 70 faiz güzəştlə satışının həyata keçirilməsi qərara alınmışdır. Qəbul edilən bu qərarlar yerlərdə aqrolizinq xidmətləri tərəfindən həyata keçirilir. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti 2005-ci ilin yanvar ayından fəaliyyət göstərir. Ötən dövrdə cəmiyyətin muxtar respublikanın rayonlarında bazaları yaradılaraq lazımi texnika və avadanlıqlarla təchiz olunmuş, kollektiv üzərinə düşən vəzifələri yerinə yetirmişdir.
Ali Məclisin Sədri muxtar respublikada aqrolizinq xidmətinin təşkili sahəsindəki səmərəli fəaliyyətlərinə görə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin kollektivinə təşəkkür edib.
Qeyd olunub ki, muxtar respublikada kənd təsərrüfatının inkişafına göstərilən diqqət, yaradılan şərait öz bəhrəsini verir. Bu gün muxtar respublikada ümumi daxili məhsul istehsalında kənd təsərrüfatı üçüncü yerdədir. Qarşıya qoyulmuş vəzifələrin icrası nəticəsində gələcəkdə ümumi daxili məhsul istehsalında kənd təsərrüfatının payı artacaqdır. Hazırda muxtar respublikada bu istiqamətdə ardıcıl tədbirlər görülür, torpaq sahələri əkin dövriyyəsinə daxil edilir, müasir kənd təsərrüfatı texnikaları alınır, güzəştli kreditlər verilir, yeni fermer təsərrüfatları və kənd təsərrüfatı təmayüllü istehsal müəssisələri yaradılır. Həyata keçirilən tədbirlər muxtar respublikada kənd təsərrüfatı məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsinə imkan verir. Digər bir tərəfdən isə kənd təsərrüfatı təmayüllü istehsal müəssisələrinin yaradılması yerli xammalın ucuz qiymətə xarici bazara çıxarılmasının qarşısını alır. Bu da yeni istehsal müəssisələrinin yaradılmasına, iş yerlərinin açılmasına və daxili bazarın qorunmasına xidmət edir.
Ali Məclisin Sədri deyib: Bu gün ölkələrin qarşılaşdığı ən mühüm problemlərdən biri də ərzaq təhlükəsizliyi məsələsidir. Ərzaq təhlükəsizliyini təmin etmək üçün kənd təsərrüfatı ardıcıl şəkildə inkişaf etdirilməlidir. Ölkəmizdə, eləcə də muxtar respublikada bu məsələ diqqət mərkəzində saxlanılır. Ona görə də aid dövlət orqanları və rayon icra hakimiyyətləri "Kənd təsərrüfatı ili"ni uğurla başa vurmaq üçün qarşıya qoyulmuş vəzifələrin icrasına məsuliyyətlə yanaşmalı, yerlərdə kiçik fermer təsərrüfatlarının yaradılmasına üstünlük verilməli, bu sahə üzrə ayrılan kreditlərdən səmərəli istifadə olunmalıdır. Əkin sahələrinin su təminatı ödənilməli və suvarma suyundan qənaətlə istifadə olunmalı, yeni torpaq sahələri əkin dövriyyəsinə daxil edilməli, məhsuldarlıq artırılmalıdır. Muxtar respublika əhalisinin 70 faizi kəndlərdə yaşayır və kənd təsərrüfatı ilə məşğul olur. Bu səbəbdən də Kənd Təsərrüfatı Nazirliyinin və rayon icra hakimiyyətlərinin əməkdaşları daim yerlərdə olmalı, fermerlər və torpaq mülkiyyətçiləri ilə görüşlər keçirilməli, maarifləndirmə işi aparılmalı, aqrotexniki qaydalar ətraflı izah olunmalıdır.
Kənd təsərrüfatının inkişafında “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin də üzərinə mühüm vəzifələrin düşdüyünü bildirən Ali Məclisin Sədri deyib: Kənd təsərrüfatının inkişafı həm də aqrolizinq xidmətinin düzgün təşkilindən asılıdır. Muxtar respublikada bu məsələyə xüsusi diqqət yetirilir. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2015-ci ilin yaz əkinləri üçün muxtar respublikaya 90 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası alınıb gətirilmişdir. Payız əkini dövründə də yeni texnikaların alınması və lizinq yolu ilə satışının həyata keçirilməsi nəzərdə tutulmuşdur. Yeni kənd təsərrüfatı texnikaları yerlərdə fermerlərin iş qabiliyyətinin artırılmasına hesablanmışdır. Texnikaların və gübrələrin güzəştli şərtlərlə verilməsi təsərrüfatların daha da genişləndirilməsinə və məhsuldarlığın artırılmasına imkan verəcəkdir.
Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunacağına əminliyini bildirib və qarşıya qoyulan vəzifələrin icrasında aid təşkilatlara uğurlar arzulayıb.
Sonra Ali Məclisin Sədri “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən alınmış yeni kənd təsərrüfatı texnikalarına baxıb.
Məlumat verilib ki, 2015-ci ildə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən muxtar respublikaya müxtəlif adda kənd təsərrüfatı texnikası və avadanlığı gətirilib, ötən müddətdə 22 müxtəlif təyinatlı texnikanın satışı həyata keçirilib. Cari ildə gətirilən texnikalardan 10-u Avropa istehsalı olan kombayn, qalan 80 ədədi isə Türkiyə istehsalı olan 14 adda müxtəlif texnikalardır. Hazırda Cəmiyyətin Şərur rayon bazasında 36, Babək rayon bazasında 31, Culfa rayon bazasında 27, Kəngərli rayon bazasında 17, Şahbuz rayon bazasında 14, Ordubad və Sədərək rayon bazalarının hər birində isə 12 kənd təsərrüfatı texnikası vardır. Müasir texnika və avadanlıqlar əkin sahələrində mütərəqqi aqrotexniki qaydaların tətbiqinə imkan verəcəkdir.
Ehtiyat hissələri və gübrə anbarlarına baxış zamanı bildirilib ki, lizinq yolu ilə satılan texnikaların ehtiyat hissələrinin alınması da cəmiyyət tərəfindən diqqət mərkəzində saxlanılır. Hazırda ehtiyat hissələri anbarlarında kombayn, traktor və müxtəlif kənd təsərrüfatı texnikalarının ehtiyat hissələri vardır. Həmçinin 2015-ci ilin ötən dövründə gübrə anbarlarına 6 min 100 ton azot gübrəsi tədarük olunub.
Ali Məclisin Sədri yeni texnikalardan təyinatı üzrə səmərəli istifadə olunması və mexanizatorlar üçün təlim kurslarının təşkil edilməsi barədə tapşırıqlar verib.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Muxtar_respublikada_Kend_teserrufati_ilinde_qarsida_duran_vezifelerle_bagli_musavire_kechirilib-844034

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR