Pulu bir-birindən gizli saxlayan cütlüklər

Pulu bir-birindən gizli saxlayan cütlüklər
15:52 9 Yanvar 2015
212 Sosial
Ölkə mətbuatı
A- A+

Bəzi hallarda cütlüklər xərclərini bir-birindən gizləyirlər. Hətta gizli bank hesabı saxlayan ər-arvadlar da olur. Psixoloqların fikrincə, müxtəlif səbəblər üzündən həm kişilər, həm də qadınlar arasında maaşı və ya xərcləri tam açıqlamayanlar var. Bu fakt aşkarlananda isə tərəflərin bir-birinə inamı qırılır, münasibəti korlanır.

Qeyd edək ki, İNG Bank tərəfindən hər il Avropada cütlüklərin bank hesabları araşdırılır. 2014-cü ildə aparılan araşdırmanın son nəticələrinə əsasən, Avropada cütlüklərin bir-birindən gizli bank hesabı saxlaması ilə bağlı ən yüksək nəticəni Fransa toplayıb. Bu ölkədə "Həyat yoldaşımın sahib olduğum bank hesablarından xəbəri var" cümləsini seçməyənlər daha çoxdur. İkinci yerdə isə Türkiyədir. Araşdırmaya əsasən, Türkiyə həyat yoldaşlarının pulla bağlı məsələləri bir-birindən sirr saxlamasının normal qəbul olunduğu ikinci ölkədir. Nəticələrə görə, alış-verişdə xərclərini həyat yoldaşından gizləyənlərin ən çox olduğu ikinci ölkə də Türkiyədir.

Borcu olanlar arasında gəlirlərini gizlədənlər daha çoxdur. Belə ki, Avropada borcu olanların 22%-i, borcu olmayanların isə 17%-i həyat yoldaşlarından bəzi xərclərini gizləyirlər. Türkiyədə isə borcu olanların 27, borcu olmayanların isə 22%-i pullarını bir-birindən gizli xərcləyir.

Avropa ölkələrində hər 10 cütlükdən 3-ü sahib olduğu pulu həyat yoldaşından gizi saxlanılmasını normal hesab edir.

Psixoloq Ruhanə Rzayeva bildirir ki, istər qadın, istərsə də kişi gəlirini tam və ya müəyyən hissəsini qarşı tərəfdən müxtəlif səbəblərə görə gizlədə bilər: "Qənaət, pis günə pul yığmaq, qarşı tərəf üçün sürpriz hədiyyə almaq, valideynlərə gizli kömək etmək, pulu kefi istədiyi kimi xərcləmək və s. məqsədlərlə tərəflər bir-birindən gizli pul saxlayırlar. Bəzi hallarda tərəflərdən hər ikisinin və ya birinin gəlirinin müəyyən hissəsini gizli saxlaması ailənin problemllərinin həllində müsbət rol oynasa da, cütlüyün bir-birindən sirr saxlamaması ailəni daha möhkəm edər".

İstər kişilər, istərsə də qadınlar arasında maaşı və ya xərclərini gizlədənlər olur. Kişilər adətən qadının gəliri ilə o qədər də maraqlanmırlar. Amma əksər qadınlar həyat yoldaşının gəlirinin nə qədər olduğunu mütləq bilmək istəyirlər. "Əgər həyat yoldaşı gəlirini və xərclərini gizlədirsə, bu, qadına pis təsir edir və ona inamın olmadığını düşünür. Səbəbin inamsızlıq olduğunu düşünürsüzsə, həyat yoldaşınızın davranışına, hərəkətərinə fikir verin. Onun sizə qarşı olan inamsızlığının kökünü araşdırsanız, bunu aradan qaldıra bilərsiz. Ola bilsin ki, siz özünüz problemlər və yaşadıqlarınızla bölüşmədiyiniz, xərclərinizi açıqlamadığınız, gəliriniz varsa, onu gizlətdiyiniz üçün onda inam hissini yarada bilmirsiniz. Özünüzə qarşı güvən yaratmaq üçün problemlərinizi, yaşadıqlarınızı ərinizlə bölüşün, üzləşdiyiniz müxtəlif hadisələri onunla müzakirə edin. Sizə qohum və tanışlarınız zəng edirsə, rahat şəkildə onun yanında telefonla danışın. Davranışınızla ondan heç bir sirrinizin olmadığını, heç nə gizlətməli olmayacağınızı göstərin. Nəzərə alın ki, inam hissini yaratmaq çətindir. Həyat yoldaşları bir-birinə etibar etmirlərsə, belə ailələr tez dağılır. İnsanın özünün də qarşı tərəfə inamsız yanaşması etibarı qırır".

Kişinin gəlirini arvaddan gizlətməsinin digər səbəbi pulu fikirləşdiyi kimi xərcləmək istəyidir. Qadın kişini istədiyi yerlərə pul xərcləməyə qoymursa və ya kişi pulu xərclədikcə deyinir, mübahisə edirsə, kişi yavaş-yavaş pullarını gizlətməyə başlayır.

Müsahibimizə görə, bəzən qadınlar bədxərc olduqlarından kişilər maaşını gizlətmək məcburiyyətində qalırlar: "Qadın pulu kişinin lazımsız hesab etdiyi şeylərə xərclədikdə də kişi pulunu qadına etibar etmir".

Psixoloq onu da bildirib ki, bəzi qadınlar həyat yoldaşlarının ondan pul gizlətdiyini başa düşəndə pis vəziyyətə düşürlər: "Evdə dava-dalaş salır, hətta ayrılmaq dərəcəsinə çatırlar. Qadınlar belə hallarla üzləşiblərsə, sakitləşməyə çalışmalıdırlar. Kişinin maaşının müəyyən hissəsini gizli saxlamasında pis bir şey yoxdur. O, sizə güvənsə də, ola bilsin ki, qənaət etmək və ya pulu sərbəst xərcləmək üçün gəlirinin bir hissəsini gizlədir. Lakin bununla barışmayan və müxtəlif yollara əl ataraq həyat yoldaşlarının tam gəlirini öyrənməyə çalışanlar var. Bunun üçün həyat yoldaşının xanım iş yoldaşları ilə əlaqə yaradan, işə zəng vuran, müxtəlif yollarla bunu öyrənməyə, maaş gününü bilib gizlicə həyat yoldaşının cibinə girməyə çalışanlar da olur".

Rzayevanın sözlərinə görə, ailə həyatına aid olan istənilən problem kimi, pulun xərclənilməsi və yığılması ilə bağlı problemləri də cütlüklər birgə həll etməlidirlər. Tərəflər istənilən mövzuda bir-birinə etibar etməli və pulu bir-birinə olan inam, sevgi və qayğı hissindən üstün tutmamalıdırlar.

Ekspress.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/318182.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR