İnformatika üzrə respublika olimpiadasının birinci mərhələsi keçirilib

21:03 6 Aprel 2015
77 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 6 aprel, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə “Ali məktəb tələbələri arasında informatika üzrə X Ümumrespublika Olimpiadası”nın birinci mərhələsi keçirilib.
İnformasiya Texnologiyaları İnstitutundan AZƏRTAC-a bildiriblər ki, 17 may - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan tədbirin açılış mərasimində rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ölkə rəhbərliyi tərəfindən prioritet sahələrdən olan informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafına daim diqqət göstərildiyini və bu istiqamətdə tədbirlərin reallaşdırıldığını bildirib. Onun sözlərinə görə, gənc nəsil bu işlərin həyata keçirilməsində mühüm rol oynayır, bu baxımdan tələbələrin biliklərinin tətbiqi üçün böyük imkanlar yaradan və ölkəmizdə gələcək kadr potensialının yetişməsinə xidmət edən bilik yarışmalarının təşkili təqdirəlayiqdir.
Münsiflər heyətinin sədri, Bakı Dövlət Universitetinin dosenti Ramin Mahmudzadə 2007-ci ildən bəri müntəzəm keçirilən müsabiqənin şərtləri barədə məlumat verib. O, yarışma zamanı komandalara kompyuterdə 5 saat ərzində 10 alqoritmik məsələnin proqramlaşdırılması tapşırığının verildiyini, məsələlərin həllinin onlayn avtomatik qiymətləndirmə sistemi vasitəsilə yoxlanılacağını diqqətə çatdırıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi informasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsfəndiyar Əliyev, AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin rəhbəri Rəsmiyyə Mahmudova və başqaları bilik yarışmalarının İKT üzrə innovativ təfəkkürə malik istedadlı gənclərin müəyyənləşdirilməsi, onların ölkəmizdə bu sahə ilə bağlı həyata keçirilən layihələrə cəlb olunması və ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil etmələrinə imkan yaratdığını vurğulayıblar.
Sonra olimpiadanın birinci mərhələsi keçirilib. İlk mərhələdə 14 ali təhsil müəssisəsindən hər birində 3 tələbə olmaqla 50 komanda iştirak edib. Müsabiqədə Bakı ilə yanaşı, Gəncə, Naxçıvan və Sumqayıtdakı ali təhsil müəssisələri komandaları ilə təmsil olunub.
Olimpiadanın final mərhələsi aprelin 26-da AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda keçiriləcək. Qaliblər “HP” şirkətinin qiymətli hədiyyələri ilə mükafatlandırılacaqlar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Informatika_uzre_respublika_olimpiadasinin_birinci_merhelesi_kechirilib-844042

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR