Bakıda mehmanxana əməkdaşları üçün kurslar başlanıb

Bakıda mehmanxana əməkdaşları üçün kurslar başlanıb
21:58 6 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 6 aprel, AZƏRTAC
Aprelin 6-da Bakı Turizm Peşə Məktəbində paytaxtımızda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıqla bağlı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlığı çərçivəsində paytaxtda fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərin əməkdaşları üçün təlim-tədris kursları başlanıb.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyi sektor müdiri Seymur Həsənov kursların əhəmiyyətindən söz açıb.
Bildirilib ki, Azərbaycan və Türkiyə nazirliklərinin əməkdaşlığı çərçivəsində artıq 10 ilə yaxındır respublikamızın turizm potensiallı şəhər və rayonlarında fəaliyyət göstərən mehmanxana işçiləri üçün mütəmadi olaraq bu tipli kurslar təşkil edir.
Ölkənin müxtəlif regionlarında reallaşdırılan treninqlər mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərində xidmət səviyyəsinin yüksəldilməsinə və turizmin inkişafına dəstək məqsədi daşıyır. Budəfəki kurslar eyni zamanda ölkəmizin iyun ayında ev sahibliyi edəcəyi birinci Avropa Oyunlarına hazırlıqla bağlı təşkil olunub.
Kurslara Bakı şəhərində fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərin 106 nəfər əməkdaşı cəlb edilib. Treninqlərdə 5 sahə - mehmanxana idarəçiliyi, qeyd-qəbul, xadiməçilk, masa xidməti və yeməklərin hazırlanması-mətbəxdə qida gigiyenası ixtisasları üzrə dərsləri Türkiyədən dəvət olunmuş müəllimlər tədris edəcəklər.
Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslan və Azərbaycan Turizm və Menecment Universitetinin prorektoru Eldar Aslanov kurslara müvəffəqiyyət arzulayıblar.
Qeyd edək ki, kurslar aprelin 13-dək davam edəcək. Sonda dinləyicilərə iştirakla bağlı müvafiq sertifikatlar təqdim ediləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakida_mehmanxana_emekdaslari_uchun_kurslar_baslanib-844077

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR