“Yurdda sülh, cahanda sülh” - Atatürkün anım günüdür

Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Azərbaycan bizim qardaşımızdır. Heç nəyə baxmayaraq, ona yardım etmək borcumuzdur”.

Bu sözlərin müəllifi sözlərini Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkündür. Bu gün onun anım günüdür.

Türkiyə Qurtuluş Savaşının hərbi və siyasi lideri, Türkiyə Respublikasının qurucusu, 1923-cü ildən 1938-ci ilə, yəni vəfatına qədər ilk prezidenti, Türk Ordusu Marşalı və daha əvvəl Osmanlı paşası olan Mustafa Kamal 1881-ci ildə Osmanlı İmperiyasına məxsus Saloniki şəhərində dünyaya gəlib. 1896-1899-cu illərdə müasir Makedoniya ərazisində yerləşən Manastır Hərbi məktəbini bitirərək İstanbul Hərb Məktəbinə qəbul olunub. 1902-ci ildə leytenant rütbəsi ilə məzun olub, Hərbi Akademiyada təhsilini davam etdirib. 1905-ci il yanvar ayının 11-də kapitan rütbəsi ilə Akademiyanı bitirən Mustafa 1905-1907-ci illər arasında Dəməşqdə 5-ci Orduda xidmət edib.

1907-ci ildə adyutant rütbəsi alan Mustafa daha sonra Manastıra 3-cü Orduya təyin olunub. 1909-cu il aprel ayının 19-da İstanbula daxil olan Hərəkat Ordusunda qərargah rəisi olaraq xidmət edib. 1910-cu ildə Fransaya göndərilib, Pikardi manevrlərində iştirak edən M.Kamal, 1911-ci ildə İstanbulda Baş Qərargah Mərkəzində xidmətə başlayıb. 1911-1912-ci illərdə baş verən Osmanlı-İtaliya müharibəsi zamanı Tobruk və Dərnə bölgəsində xidmət edib, 31 oktyabr 1918-ci ildə İldırım Orduları Qrupuna komandir təyin olunub, bu ordunun ləğvindən sonra 13 noyabr 1918-ci ildə İstanbula gələrək Müdafiə Nazirliyində çalışıb.

Antanta dövlətlərinin Osmanlı ərazilərini işğal etməyə başlamasından sonra 19 may 1919-cu ildə Samsuna gedib. 1919-cu il 23 iyul-7 avqust tarixləri arasında Ərzurum, 4-11 sentyabr tarixləri arasında isə Sivas Konqresini çağıraraq ölkənin işğal olunan ərazilərinin geri qaytarılması üçün görülməsi lazım olan işləri müəyyənləşdirib. 1919-cu ilin dekabr ayında Ankarada böyük ruh yüksəkliyi ilə qarşılanan Mustafa, 1920-ci aprel ayının 23-də Türkiyə Böyük Millət Məclisinin fəaliyyətə başlamasından sonra, Türkiyə Respublikasının qurulması yolunda əhəmiyyətli addımlar atıb. Məclis və hökumət başqanlığına seçilən M.Kamal Türkiyə Böyük Millət Məclisinin Qurtuluş Savaşının uğurla nəticələnməsi üçün lazımi qanunları qəbul edib, onların tətbiqinə başlanmasını təmin edib.

Sakarya zəfərindən sonra 19 sentyabr 1921-ci ildə Türkiyə Böyük Millət Məclisi Mustafa Kamala marşal rütbəsi və qazi titulu verib. Qurtuluş Savaşı 24 iyul 1923-cü ildə imzalanan Lozanna müqaviləsi ilə sona çatıb. Beləliklə, Sevr müqaviləsi ilə parçalanması nəzərdə tutulan, türk xalqına 5-6 vilayət böyüklüyündə ərazi verilən Türkiyə torpaqları üzərində, milli birliyə əsaslanan yeni türk dövlətinin qurulması üçün heç bir əngəl qalmayıb.

1 noyabr 1922-ci ildə xilafət və monarxiya bir-birindən ayrılıb, monarxiya ləğv edilib, Osmanlı İmperiyasının mövcudluğuna son qoyulub. 29 oktyabr 1923-cü ildə respublika elan edilib, Atatürk yekdilliklə ilk prezident seçilib. 30 oktyabr 1923-cü ildə İsmət İnönü tərəfindən respublikanın ilk hökuməti qurulub. Türkiyə Respublikası “Hakimiyyət qeyd-şərtsiz millətindir” və “Yurdda sülh, cahanda sülh” ideologiyası əsasları üzərində qurulub.

Mustafa Kamal 29 yanvar 1923-cü ildə Lətifə xanımla evlənib, bu evlilik 5 avqust 1925-ci ilədək davam edib. Uşaqları çox sevən Mustafa, Afət (İnan), Səbihə Göyçən, Fikriyə, Ülkü, Nəbilə, Ruqiyə, Zəhra adlı qızları və Mustafa adlı çoban oğlanı mənəvi övladlığa götürüb, Əbdürrəhim və İhsan adlı iki uşağı isə himayəsinə alıb. Soyad qanununa uyğun olaraq 24 noyabr 1934-cü ildə TBMM tərəfindən Mustafa Kamala “Atatürk” soyadı verilib.

10 noyabr 1938-ci il saat 09:05-də ağır xəstəlikdən İstanbulda Dolmabaxça sarayında vəfat edib. Cənazəsi 21 noyabr 1938-ci ildə müvəqqəti olaraq Ankara Etnoqrafiya Muzeyində dəfn edilib, mavzoleyi tikildikdən sonra 10 noyabr 1953-cü ildə oraya köçürülüb.

Günay Elşadqızı \ METBUAT.AZ

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR