İtaliyanın “Notizie Geopolitiche” xəbər portalı Azərbaycan səfirinin müsahibəsini yayıb

İtaliyanın “Notizie Geopolitiche” xəbər portalı Azərbaycan səfirinin müsahibəsini yayıb
23:43 6 Aprel 2015
105 Ölkə
Ölkə mətbuatı
A- A+


Roma, 6 aprel, AZƏRTAC
Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov “Notizie Geopolitiche” xəbər portalında yayılmış müsahibəsində ölkəmizdə insan haqlarına dair vəziyyətdən, Avropa ölkələri ilə əlaqələrdən, Dağlıq Qarabağ münaqişəsindən və respublikamızın beynəlxalq arenadakı mövqeyindən danışıb.
Səfir bildirib ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq siyasət, iqtisadiyyat, insan haqlarının müdafiəsi və bir sıra digər sahələrdə önəmli nailiyyətlər əldə edib. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında insan və vətəndaş hüquq və azadlıqları ali dəyər kimi qiymətləndirilir. Bu gün Azərbaycanda mətbuat azadlığı tam təmin olunub. Ölkəmizdə yüzlərlə KİV fəaliyyət göstərir. Fundamental azadlıqlara Azərbaycanda bir çox Avropa ölkələrindən daha çox hörmət qoyulur. Avropanı, o cümlədən İtaliya ictimaiyyətini Azərbaycanda insan haqlarının müdafiəsi, mətbuat azadlığı və bu kimi sahələrlə bağlı daha çox məlumatlandırmağa ehtiyac var.
Qlobal iqtisadi proseslər kontekstində Azərbaycanda sosial-iqtisadi sahənin indiki durumunu təhlil edən V.Sadıqov diqqətə çatdırıb ki, ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun ön plana çıxarılması yaxşı nəticələr verməkdədir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, səbəbləri və beynəlxalq hüquq çərçivəsində həlli ilə bağlı məlumat verən səfir qeyd edib ki, müvafiq mövzunun İtaliyada keçirilən tədbirlərdə tez-tez gündəmə gətirilməsi yerli ictimaiyyətin münaqişə ilə bağlı reallıqlarla tanış olması baxımından vacibdir. Çünki ermənilərin bu məsələ ilə bağlı əsassız iddiaları insanları çaşdıra bilər. Təsadüfi deyil ki, bir çox beynəlxalq hüquqi sənədlər rəsmi Bakının münaqişə ilə bağlı mövqeyinin haqlı olduğunu sübut edir.
Azərbaycanın beynəlxalq əlaqələrindən danışan V.Sadıqov deyib: “Avropanın bir sıra ölkələri, o cümlədən İtaliya ilə yaxşı əlaqələrimiz mövcuddur. Azərbaycanın strateji coğrafi mövqeyi və zəngin enerji ehtiyatları beynəlxalq maraqları özünə cəlb edir. TAP layihəsi hazırda ən önəmli layihələrdən biridir. Əsas hədəfimiz ölkənin tərəqqisini və iqtisadi inkişafını təmin etmək, dünya dövlətləri ilə qarşılıqlı hörmətə əsaslanan yüksək səviyyəli əlaqələr qurmaqdır”.

Masqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Italiyanin_Notizie_Geopolitiche_xeber_portali_Azerbaycan_sefirinin_musahibesini_yayib-844102

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR